Modern.az

İlham Əliyevin strateji əhəmiyyətli siyasəti: Sülh GÜNDƏLİYİ

İlham Əliyevin strateji əhəmiyyətli siyasəti: Sülh GÜNDƏLİYİ

Aktual

Bu gün, 11:30

"2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş tarixi görüşdən bir il ötür. Həmin görüş çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində mühüm siyasi mərhələ olmaqla yanaşı, regionda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə təsbitinin göstəricisi oldu".

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, Vaşinqton görüşünün nəticələrini qiymətləndirərkən ilk növbədə nəzərə almaq lazımdır ki, bu prosesin siyasi və tarixi zəmini məhz Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi nəticəsində yarandı. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazisində suverenliyini təmin etməklə regionda onilliklər ərzində mövcud olmuş status-kvonu kökündən dəyişdirdi.

"Bu, ilk növbədə, tarixi ədalətin və beynəlxalq hüququn bərpası idi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər işğal altında qalmasına baxmayaraq, münaqişənin həlli ilə məşğul olan vasitəçilik mexanizmləri real nəticə ortaya qoya bilməmişdi. Azərbaycan isə öz gücü və siyasi iradəsi hesabına BMT Təhlükəsizlik Şurasının illərlə icra olunmamış qətnamələrinin tələblərini təmin etdi və bununla da regionda tamamilə yeni siyasi vəziyyət yaratdı.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji əhəmiyyəti ondadır ki, Azərbaycan əldə etdiyi hərbi-siyasi Qələbəni yeni qarşıdurmanın başlanğıcına deyil, davamlı sülhün əsasına çevirdi. Müharibədən sonra məhz Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış etdi və 2022-ci ildə sülh sazişinin əsasını təşkil etməli olan beş baza prinsipini irəli sürdü. Qarşılıqlı şəkildə suverenliyin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtina, güc tətbiq etməmək, dövlət sərhədinin müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması həmin yanaşmanın əsas mahiyyətini təşkil edir. Ötən dövr göstərdi ki, Azərbaycanın irəli sürdüyü bu prinsiplər faktiki olaraq sülh gündəliyinin əsas siyasi çərçivəsinə çevrilib. Vaşinqtonda “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” layihəsinin paraflanması isə bu istiqamətdə əldə olunmuş ən mühüm nəticələrdən biri oldu".

Deputat qeyd edib ki, son bir ilin prosesləri həm də onu göstərir ki, Azərbaycan və Ermənistan arasında birbaşa dialoq normallaşma prosesinin əsas formatı kimi getdikcə möhkəmlənir:

"Əvvəllər iki ölkə arasındakı münasibətlər əsasən müxtəlif beynəlxalq vasitəçilik platformalarında müzakirə olunurdusa, hazırda ikitərəfli təmaslar daha sistemli xarakter alır. Dövlət başçıları və yüksək səviyyəli rəsmilər arasında dialoq davam edir, administrasiyalar və diplomatik kanallar vasitəsilə operativ əlaqələr qurulur, praktiki məsələlər üzrə müzakirələr aparılır. Bundan əlavə, Baş nazir müavinlərinin rəhbərlik etdiyi müvafiq komissiyaların fəaliyyəti sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin institusional əsasda davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ən mühüm dəyişikliklərdən biri də məhz budur: əvvəllər hərbi-siyasi qarşıdurma mənbəyi olan məsələlər tədricən danışıqlar, hüquqi mexanizmlər və qarşılıqlı razılaşmalar vasitəsilə həll olunan məsələlərə çevrilir".

Deputatın fikrincə, Vaşinqton görüşünün digər mühüm nəticəsi regional kommunikasiyaların açılması məsələsində konkret perspektivin formalaşmasıdır. Bu baxımdan “Tramp marşrutu” – TRIPP layihəsi xüsusi əhəmiyyət kəsb edir. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması ilə yanaşı, daha geniş regional və beynəlxalq nəqliyyat sisteminin formalaşması üçün yeni imkanlar yaradır. Ötən bir ildə TRIPP-in reallaşdırılması istiqamətində atılan addımlar layihənin siyasi ideyadan praktiki mərhələyə keçdiyini göstərir. ABŞ Prezidenti Donald Trampın administrasiyasının bu istiqamətdə nümayiş etdirdiyi maraq, Azərbaycan və Ermənistanla aparılan iş, eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə nəqliyyat və bağlantılar məsələlərinin müzakirəsi TRIPP-in əhəmiyyətinin yalnız iki ölkə ilə məhdudlaşmadığını göstərir. Layihənin perspektivdə Orta Dəhlizin imkanları ilə uzlaşdırılması Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycan üzərindən Türkiyə və Avropaya uzanan nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artıra bilər. Beləliklə, TRIPP yalnız nəqliyyat layihəsi deyil, Cənubi Qafqazın yeni geoiqtisadi arxitekturasının mühüm elementlərindən biri olmaq potensialına malikdir.

Deputat həmçinin vurğulayıb ki, bu kontekstdə ABŞ Prezidenti Donald Trampın sülh prosesindəki rolunu da xüsusi qeyd etmək lazımdır:

"Vaşinqton formatının mühüm xüsusiyyəti ondan ibarətdir ki, ABŞ Azərbaycan və Ermənistanın siyasi iradəsini əvəz edən ənənəvi vasitəçi kimi deyil, tərəflərin razılığı əsasında konkret istiqamətlər üzrə prosesə siyasi və iqtisadi dəstək verən tərəf kimi çıxış edir. Bu yanaşma Bakının uzun müddətdir müdafiə etdiyi birbaşa dialoq prinsipinə də uyğundur. Eyni zamanda, ötən il ərzində normallaşma prosesinin yalnız siyasi-diplomatik müstəvidə qalmaması diqqət çəkir. İqtisadi əməkdaşlığın ilkin elementlərinin meydana çıxması, regional nəqliyyat layihələri ətrafında maraqların formalaşması, ekspert və vətəndaş cəmiyyəti səviyyəsində təmasların genişlənməsi sülh gündəliyinin tədricən daha geniş məzmun qazandığını göstərir. Bu proses həm Azərbaycan, həm də Ermənistan üçün yeni xarici siyasət imkanları yaradır. Regionda münaqişə riskinin azalması dövlətlərə öz təhlükəsizlik məsələlərinin həllində, iqtisadi inkişafın təmin edilməsində, investisiyaların cəlb olunmasında və beynəlxalq nəqliyyat layihələrinə inteqrasiyada əlavə imkanlar verir".

Milli Məclisin üzvü onu da əlavə edib ki, sülh gündəliyi tədricən yalnız siyasi məqsəd deyil, regional inkişaf resursuna çevrilir:

"Əlbəttə, bir il ərzində uzunmüddətli münaqişənin bütün nəticələrinin aradan qaldırıldığını söyləmək mümkün deyil. Sülh sazişinin yekun imzalanması üçün mövcud məsələlərin həlli, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılması, sərhədin növbəti hissələrinin delimitasiya və demarkasiyası, kommunikasiyaların tam açılması və TRIPP layihəsinin praktiki reallaşdırılması qarşıdakı dövrün əsas istiqamətləri olaraq qalır. Bununla yanaşı, son bir ilin təcrübəsi mühüm bir həqiqəti ortaya qoyub: tərəflər arasında mövcud olan və gələcəkdə yarana biləcək fikir ayrılıqlarının hərbi qarşıdurma deyil, siyasi-diplomatik vasitələrlə müzakirəsi üçün yeni mexanizmlər formalaşır. Sülh bütün ziddiyyətlərin avtomatik aradan qalxması demək deyil. Əsas məsələ həmin ziddiyyətlərin idarə olunması və həlli üsulunun dəyişməsidir. Bu məqam region ətrafında son dərəcə mürəkkəb geosiyasi proseslərin getdiyi bir dövrdə xüsusilə əhəmiyyətlidir. Ötən bir ildə Cənubi Qafqazın şimal və cənub istiqamətlərində təhlükəsizlik mühiti daha da mürəkkəbləşib, müxtəlif güc mərkəzləri arasında rəqabət artıb. Buna baxmayaraq, Azərbaycan-Ermənistan sülh gündəliyinin qorunub saxlanılması və konkret məzmunla zənginləşdirilməsi tərəflərin normallaşma prosesinin davam etdirilməsində maraqlı olduğunu göstərir".

S.Fətəliyeva onu da diqqətə çatdırıb ki, bu gün Cənubi Qafqazda yaranmış yeni siyasi reallığın əsas müəlliflərindən biri məhz Azərbaycandır:

"Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz əvvəlcə ərazi bütövlüyünü, sonra tam suverenliyini bərpa etdi, daha sonra isə əldə olunmuş tarixi nəticəni davamlı regional sülh və əməkdaşlıq gündəliyinə çevirmək təşəbbüsü ilə çıxış etdi. Bu siyasət regionun gələcək arxitekturasını da dəyişir. Əgər əvvəlki regional düzən münaqişə, işğal, separatizm, qapalı sərhədlər və xarici vasitəçilik mexanizmləri ilə xarakterizə olunurdusa, yeni model suverenlik, birbaşa dialoq, iqtisadi qarşılıqlı maraqlar, nəqliyyat bağlantıları və regional əməkdaşlıq prinsipləri üzərində formalaşır.

Vaşinqton görüşünün birinci ildönümünün əsas siyasi mahiyyəti də məhz bundan ibarətdir. 8 avqust 2025-ci ildə əldə edilmiş nəticələr ayrıca diplomatik epizod olaraq qalmadı, sonrakı proseslərin istiqamətini müəyyən edən mühüm siyasi çərçivəyə çevrildi. Qarşıda görüləcək işlər və həll olunmalı məsələlər çoxdur. Lakin artıq əsas tendensiya müəyyənləşib: Cənubi Qafqaz tədricən keçmiş münaqişənin məntiqindən çıxaraq yeni siyasi və geoiqtisadi reallığa uyğunlaşır. Azərbaycan isə bu transformasiyanın əsas təşəbbüskarlarından və aparıcı qüvvələrindən biri kimi çıxış edir. Məhz buna görə Vaşinqton Sammitindən ötən bir ili yalnız əldə edilmiş razılaşmaların ildönümü kimi deyil, Azərbaycanın yaratdığı yeni regional reallığın sülh, əməkdaşlıq və inkişaf modelinə transformasiyasının mühüm mərhələsi kimi qiymətləndirmək olar", - deyə deputat qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada