Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8–9-da Amerika Birləşmiş Ştatlarına səfəri həm Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyması, həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinin yekunlaşması baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında münasibətlərin yeni məzmun qazanmasına, eyni zamanda Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində mühüm siyasi nəticələrin əldə olunmasına zəmin yaratdı.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova deyib.
O qeyd edib ki, əldə olunan uğurlar Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi praqmatik, məqsədyönlü və milli maraqlara söykənən xarici siyasətin məntiqi nəticəsidir:
"Dövlət başçısı bütün mərhələlərdə Azərbaycanın suveren maraqlarını əsas götürmüş, prinsipial mövqeyindən geri çəkilməmiş, ölkənin milli maraqlarını beynəlxalq münasibətlər sistemində ardıcıl şəkildə müdafiə etmişdir. Məhz bu siyasət Azərbaycanın həm regional lider kimi mövqeyini möhkəmləndirib, həm də beynəlxalq tərəfdaşlarının ölkəmizə münasibətini dəyişib.
Bayden administrasiyasının qərəzli mövqeyi səbəbindən Ağ Evin Cənubi Qafqaza baxışı daha çox qarşıdurma və geosiyasi rəqabət prizmasından formalaşmışdı. Bu isə regionda uzunmüddətli sülhə və əməkdaşlığa mane olurdu.
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi ilə Vaşinqtonun xarici siyasətində fərqli yanaşma formalaşdı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, yeni administrasiya beynəlxalq münasibətlərdə qarşıdurmadan daha çox dialoq və əməkdaşlıq xəttinə üstünlük verməyə başladı. Azərbaycanın regionda artan siyasi, iqtisadi və geostrateji çəkisi düzgün qiymətləndirildi və münasibətlərin inkişafı ABŞ siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi".

Milli Məclisin üzvü əlavə edib ki, bu baxımdan Prezident İlham Əliyevlə Donald Tramp arasında formalaşan qarşılıqlı etimada əsaslanan münasibətlər xüsusi əhəmiyyət daşıyır:
"Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər və verilən birgə bəyanatlar iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılığın əldə olunması münasibətlərin institusional əsaslarının yaradılması baxımından mühüm addım oldu.
Eyni zamanda Azərbaycanın uzun illər haqlı olaraq etiraz etdiyi “907-ci düzəliş”in tətbiqinin dayandırılması ilə bağlı qərar münasibətlərdə yeni siyasi mühitin formalaşdığını göstərdi. Vaşinqton görüşündə əldə olunan digər mühüm nəticələrdən biri TRIPP layihəsi üzrə razılaşmalar və Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində yeni imkanların yaranması oldu. Bu layihələr bütövlükdə Avrasiya nəqliyyat və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Sonrakı dövrdə dövlət başçılarının davamlı təmasları, qarşılıqlı məktublaşmalar, yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi münasibətlərin dinamik inkişafını davam etdirdi. ABŞ rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması bu yeni mərhələnin praktik nəticələridir".
Deputatın sözlərinə görə, Azərbaycanın Ermənistanla münasibətlərində əldə olunan nəticələr də məhz Prezident İlham Əliyevin ardıcıl siyasətinin nəticəsidir:
Dövlət başçımız 44 günlük Vətən müharibəsində qələbə qazanan Ali Baş Komandan olmaqla yanaşı həm də regionda davamlı sülhün əsas müəlliflərindən biri kimi tarixə düşdü.
Azərbaycanın irəli sürdüyü beş baza prinsipi bu gün Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edir. Məhz Bakı ilk gündən beynəlxalq hüquqa əsaslanan sülh gündəliyi irəli sürmüş, Ermənistan isə uzun müddət müxtəlif bəhanələrlə bu prosesdən yayınmağa çalışmışdı.
2020-ci ildən əvvəl Ermənistanın yeni ərazilər işğal etmək planları, Vətən müharibəsi zamanı Azərbaycanın dinc şəhərlərinin raket atəşinə tutulması, müharibədən sonra revanşist qüvvələrin fəallaşması göstərirdi ki, rəsmi İrəvan uzun müddət sülhə hazır olmayıb. 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatından sonra yaranan yeni reallıqlar Ermənistan rəhbərliyini vəziyyəti düzgün qiymətləndirməyə və sülh prosesinə qoşulmağa məcbur etdi. Nəticədə 2025-ci il avqustun 8-də ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması uzun illər davam edən siyasi prosesin məntiqi yekunu oldu. Bu sənəd Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi ardıcıl siyasi strategiyanın nəticəsidir".

N.Məmmədova həmçinin vurğulayıb ki, tarix göstərir ki, müharibədən sonra sülhün bərqərar olması bəzən onilliklər tələb edir:
"Azərbaycan isə cəmi iki il ərzində yeni geosiyasi reallıq formalaşdıraraq Ermənistanı sülh müqaviləsinin paraflanmasına razı sala bildi. Bu fakt Prezident İlham Əliyevin siyasi liderliyinin və diplomatik fəaliyyətinin mühüm göstəricisidir.
Bu gün regionda müşahidə olunan sabitlik mühiti, Ermənistanın revanşist ritorikadan uzaqlaşması, konstitusiya dəyişiklikləri istiqamətində addımlar atması və normallaşma prosesinin irəliləməsi Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional sülhün əsas təşəbbüskarı və müəllifi kimi çıxış edir. ABŞ–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə Ermənistanla sülh prosesinin paralel inkişafı bir-birini tamamlayan vahid geosiyasi prosesdir.
Bu proses Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır, ölkəmizin regional təhlükəsizlik sistemində rolunu möhkəmləndirir və Cənubi Qafqazın uzunmüddətli inkişafı üçün yeni imkanlar yaradır", - deyə deputat qeyd edib.