Modern.az

İlham Əliyevin sülh siyasəti 200 illik separatizmə son qoydu

İlham Əliyevin sülh siyasəti 200 illik separatizmə son qoydu

Aktual

Bu gün, 16:55

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan bir il ötür. Ötən dövr göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra regionda formalaşmış yeni reallığı qarşıdurmanın davam etdirilməsinə deyil, uzunmüddətli sülhün və dövlətlərarası münasibətlərin qurulmasına yönəltmək xəttini seçib. Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında formalaşan sülh gündəliyi, Vaşinqton razılaşmaları və regional kommunikasiyaların açılmasına dair təşəbbüslər Bakı-İrəvan münasibətlərinin normallaşması ilə yanaşı, Cənubi Qafqazda yeni siyasi və iqtisadi əməkdaşlıq arxitekturasının formalaşdırılması perspektivini də gündəmə gətirib.

Vaşinqton razılaşmalarından ötən bir ilin nəticələrini və Azərbaycanın sülh siyasətinin regionda yaratdığı yeni reallıqları Modern.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla qarşıdurmaya deyil, sülhyaratma prosesinə üstünlük verməsi Prezident İlham Əliyevin strateji cəhətdən hərtərəfli düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir.

Deputatın sözlərinə görə, ötən bir il ərzində baş verən hadisələr aparılan siyasətin doğruluğunu sübut edib:

“Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, artıq bir ildir Ermənistanla təmas xəttində atəş səsləri eşidilmir. Nə bizim, nə də erməni tərəfinin əsgərləri həlak olur.

Ermənistanın dövlət və inzibati binalarında, ictimai yerlərində qondarma ‘arsax respublikası’nın atributlarının nümayişinə qadağa qoyulub. Bu da onu göstərir ki, çətinliklə də olsa, Qarabağın Azərbaycan ərazisi olduğu erməni ictimai-siyasi şüuruna yeridilir. Bununla da Azərbaycan ərazisində 200 illik separatizmə son qoyulur.

Əsassız olaraq ABŞ Konqresi tərəfindən Azərbaycan əleyhinə qəbul edilmiş bədnam 907-ci maddə aradan qaldırılıb. Sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanılıb. Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qarşılıqlı səfərlər həyata keçirirlər. Azərbaycan Ermənistana tranzit yüklərin keçməsi üçün dəmir yollarını açıb. Cənubi Qafqaza xarici müdaxilənin təsirlərinin azaldılması məqsədilə Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Bütün bunlar birmənalı olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi-siyasi qələbəsidir və xalqımız, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”.

N.Məhəməliyev qeyd edib ki, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri təkcə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına deyil, bütövlükdə Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir:

“Xüsusilə Rusiya-Ukrayna, İran-ABŞ-İsrail müharibələri fonunda Cənubi Qafqazın strateji əhəmiyyəti daha qabarıq şəkildə özünü göstərir. Paralel olaraq Türkiyə-Ermənistan münasibətlərində də normallaşma prosesinə start verilib.

Əldə olunan razılaşmalar bütövlükdə Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin formalaşmasını şərtləndirir. İlk növbədə bu, nəqliyyat-kommunikasiya sahəsində özünü göstərir. Bəllidir ki, Cənubi Qafqazın coğrafi mövqeyi və Şərqlə Qərbi birləşdirən logistika imkanları mövcud şəraitdə digər marşrutlardan təhlükəsizliyi ilə seçilir. Bu da Zəngəzur dəhlizinin açılmasını zəruri edir. Dəhlizin açılması bölgə ölkələrinin iqtisadiyyatına əhəmiyyətli dividendlər gətirəcək, inteqrasiya proseslərini sürətləndirəcək”.

Deputat hesab edir ki, tarixi razılaşmanın ildönümü ərəfəsində ABŞ-nin və Prezident Donald Trampın rolunu xüsusi qeyd etmək lazımdır:

“Məhz cənab Tramp iki ölkə arasında sülh müqaviləsinin mətninin paraflanmasında səmimi vasitəçilik nümayiş etdirdi. Zəngəzur dəhlizinin TRIPP layihəsi çərçivəsində açılmasına qarant durdu. Əvvəlki Obama və Bayden administrasiyalarından fərqli olaraq Azərbaycana yönəlik praqmatik addımlar atdı. Bütün bunlar Donald Trampın Prezident İlham Əliyevə və onun şəxsiyyətinə olan hörmətinin göstəricisi kimi qəbul olunmalıdır. Cənab Prezidentin Ağ Evdə qəbul olunması, xüsusi ekskursiya və simvolik açarın təqdim edilməsi hər birimizdə fəxarət hissi yaratdı.

Hər bir müharibə danışıqlar yolu ilə başa çatır. Əsas odur ki, Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə qələbələr qazanaraq adını tarixə qızıl hərflərlə yazdırmağı bacaran azsaylı dövlətlərdən biri oldu”, - deyə o qeyd edib. 

Sizə yeni x var
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada