Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklavlar məsələsinin uzunmüddətli sülhə və sərhədyanı sakinlərin maraqlarına uyğun həll edilməli olduğunu bildirib.
Modern.az xəbər verir ki, Paşinyan hökumətin iclasından sonra keçirdiyi brifinqdə anklavlar məsələsinə toxunub.
Onun sözlərinə görə, Bakı və İrəvanın razılaşdırdığı delimitasiya prinsipinə əsasən, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri Ermənistan ərazisinə daxil deyil. Bununla yanaşı, Paşinyan Azərbaycanın Gədəbəy rayonunun Başkənd yaşayış məntəqəsinə iddia edərək, onu "Artsvaşen" adlandırıb və Ermənistan ərazisi olduğunu vurğulayıb.
Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasını 1991-ci il Almatı Bəyannaməsi əsasında aparmaq barədə razılığa gəlib. Bu sənədə əsasən, SSRİ-nin dağılması zamanı keçmiş müttəfiq respublikalar arasında mövcud olmuş inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi qəbul edilir.
Baş nazirin sözlərinə görə, müvafiq xəritələr əsasında Tavuş vilayətinin Kirants kəndi yaxınlığındakı Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində artıq delimitasiya aparılıb. O bildirib ki, prosesin bundan sonra da eyni əsasda davam etdirilməsi ilə bağlı anlaşma var.
Paşinyan qeyd edib ki, xəritələrdə göstərilən məlumatlarla reallıq arasında uyğunsuzluqlar da mövcuddur. Onun sözlərinə görə, bu məsələ Cermuk, Vayots Dzorun digər əraziləri və Tavuşda da müşahidə olunur.
“Bu məsələ həll edilməlidir, amma hərbi variant olmadan. Bu, keçmişin bağlanmış səhifəsidir. Elə həll edilməlidir ki, hər iki tərəf, o cümlədən həmin ərazilərdə yaşayan insanlar üçün əlverişli olsun”, – Paşinyan deyib.
Paşinyan deyib ki, vaxtilə Başkənddə yaşamış ermənilərlə görüşüb. Baş nazirin sözlərinə görə, onların mövqeləri fərqlidir: bəziləri ora qayıtmaq istəyir, digərləri isə hazırda məskunlaşdıqları yerlərdə qalmağı və ərazi mübadiləsini daha məqsədəuyğun hesab edir.
Paşinyan vurğulayıb ki, Ermənistanın 29 743 kvadratkilometr ərazisi nəzərə alınmalıdır.
Baş nazir bildirib ki, anklavlar məsələsinin həlli mexanizmi ilə bağlı Bakı və İrəvan arasında hələ konkret razılaşma yoxdur.
“Bizim Azərbaycanla bu məsələnin necə həll ediləcəyi barədə konkret təsbit olunmuş razılaşmamız yoxdur”, – Paşinyan bildirib.
O əlavə edib ki, yalnız razılaşdırılmış xəritələr əsasında delimitasiyanın aparılması ilə bağlı narahatlıqlar Azərbaycanda da mövcuddur. Baş nazirin sözlərinə görə, belə bir sərhəd xətti bəzi yaşayış məntəqələri arasında avtomobil əlaqəsində problemlər yarada bilər.
Paşinyan vurğulayıb ki, bütün bu məsələlər yeni münaqişə məntiqi ilə deyil, danışıqlar yolu ilə və sərhədin hər iki tərəfində yaşayan əhalinin maraqları nəzərə alınmaqla həll edilməlidir.
Qeyd edək ki, ermənilərin “Artsvaşen” adlandırdığı tarixi Azərbaycan torpağı olan Başkənd Sovetlər dövründə - 1920-ci ildə Ermənistana verilib və onun xəritəsinə daxil edilib. Ərazisi 40 kv.km olan Başkənd 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni esklavı kimi qalırdı. Ermənistan hökuməti qəsəbənin adını 1978-ci ildə "Artsvaşen" olaraq dəyişdirmişdi.
Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib.
Xatırladaq ki, hazırda Azərbaycanın işğalda 4 kənd qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Onlar hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunub.
Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.
Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.
Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir.