Modern.az

Həyətyanı torpaqlara “kupça” almaq mümkün olacaq

Həyətyanı torpaqlara “kupça” almaq mümkün olacaq

Ölkə

Bu gün, 17:47

Azərbaycanda mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələrinə çıxarış verilməsi ilə bağlı yeni hüquqi əsas müəyyənləşdirilir.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin noyabrın 27-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab ediləcək.

Belə ki, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara dair 2006-cı il iyulun 6-dək mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr verilib. Həmin tarixdən sonra isə vətəndaşlara yalnız torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunub.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından vətəndaşlar həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra və çıxarış əldə edə bilməyiblər.

Analoji problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və 2006–2015-ci illərdə plan-ölçü sənədi tərtib edilmiş həyətyanı torpaq sahələrində də yaranıb.

Təklif olunan dəyişiklik qəbul ediləcəyi təqdirdə, müvafiq plan-ölçü sənədi olan vətəndaşlar torpaq sahələri üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək və çıxarış əldə etmək imkanı qazanacaqlar.

Sizə yeni x var
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı