Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Diplomatiyada bəzən masanın üzərindəki sənədlərdən əvvəl masa arxasında kimlərin əyləşməsinə baxırlar. Bişkek görüşündə də liderlərin yanında seçilmiş şəxslər təsadüfi məmurlar deyil. Onların hər biri Azərbaycan-Ermənistan danışıqlarının konkret istiqamətini təmsil edir.
Modern.az xəbər verir ki, Azərbaycan tərəfdən görüşdə Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.Ermənistan nümayəndə heyətinə isə Baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Alen Simonyan daxil olub.
Beləliklə, masanın hər iki tərəfində üç əsas xətt görünür: sərhəd və kommunikasiyalar, sülh sənədi və diplomatiya, təhlükəsizlik və strateji koordinasiya.

Şahin Mustafayev və Mher Qriqoryan uzun müddətdir bir-birini danışıqlar masasından tanıyırlar. Onlar Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyalara rəhbərlik edirlər. Bu iki məmurun birgə işi artıq ümumi siyasi bəyanatlardan daha çox xəritələr, konkret sərhəd sahələri, hüquqi sənədlər və texniki razılaşmalarla bağlıdır.
Komissiyaların məhz bu iki Baş nazir müavini tərəfindən idarə olunduğunu Nikol Paşinyan da əvvəlki açıqlamalarından birində təsdiqləyib.
Ş. Mustafayev və Qriqoryanın Bişkek masasında olması sərhədlərin delimitasiyası, növbəti sahələr üzrə iş, nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin qurulması kimi mövzuların prosesdəki əhəmiyyətini göstərir.

Masanın ikinci xəttini Ceyhun Bayramov və Ararat Mirzoyan təmsil edirdi.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi üzrə danışıqların əsas diplomatik simalarıdır. Mübahisəli ifadələrin razılaşdırılması, hüquqi terminlərin seçilməsi və tərəflərin mövqelərinin rəsmi sənədə çevrilməsi onların rəhbərlik etdiyi komandaların üzərinə düşür.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni məhz Ceyhun Bayramov və Ararat Mirzoyan tərəfindən paraflanıb.
Həmin görüşdə xarici işlər nazirləri ATƏT-in Minsk Prosesi və onunla bağlı strukturların bağlanması üçün birgə müraciət də imzalayıblar.
Nazirlərin iştirakı hüquqi və diplomatik gündəmin hələ də prosesin əsas sütunlarından biri olduğunu göstərir. Sazişin imzalanması, sonrakı ratifikasiya prosedurları və diplomatik münasibətlərin qurulması kimi məsələlər xarici siyasət qurumlarının birbaşa işidir.

Alen Simonyanın Bişkek görüşündə iştirakı ayrıca diqqət çəkir. O, avqustun 13-də – İlham Əliyevlə Nikol Paşinyanın görüşündən cəmi 18 gün əvvəl Təhlükəsizlik Şurasının katibi təyin edilib. Buna qədər beş il Ermənistan parlamentinin sədri olub.
Paşinyan Simonyanı Təhlükəsizlik Şurasının kollektivinə təqdim edərkən onun əvvəlki dövrdə də Ermənistan üçün mühüm və strateji qərarların qəbulunda iştirak etdiyini bildirib. Bu baxımdan Simonyanın yeni vəzifədə ilk mühüm regional danışıqlardan birində Paşinyanın yanında əyləşməsi təsadüfi görünmür.
Hikmət Hacıyevlə Alen Simonyanın vəzifələri formal baxımdan eyni deyil. Lakin hər ikisi liderlərin yaxın siyasi çevrəsini və qərarların strateji koordinasiyası xəttini təmsil edir. Onların masada olması görüşdə yalnız sülh sənədinin deyil, təhlükəsizlik məsələlərinin və əldə olunan razılaşmaların siyasi icra mexanizmlərinin də əhəmiyyət daşıdığını göstərir.
