Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında dizel yanacağının da daxil olduğu ağır distillatlar və qazoyllar qrupu üzrə 273,7 min ton məhsul ixrac edib.
Milli Məclisin deputatı Rövşən Muradov Modern.az-a bildirib ki, ixracın ümumi dəyəri 271,1 milyon ABŞ dolları olub. Məhsulun bir tonunun orta ixrac dəyəri təxminən 990 dollar təşkil edib.
Əsas alıcı ölkələr Gürcüstan, Ukrayna və Liviya olub. Hesabat dövründə Gürcüstana 73,5 min ton, Ukraynaya 60,7 min ton, Liviyaya isə 49,2 min ton məhsul göndərilib. Bu üç ölkə Azərbaycanın müvafiq ixracının 67 faizini formalaşdırıb. Türkiyə və Bolqarıstan da daxil olmaqla ilk beş ölkənin ümumi payı 82 faizi ötüb.
Azərbaycan, həmçinin Ermənistan, Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Niderland, Türkmənistan və Qazaxıstana tədarük həyata keçirib.
Deputat qeyd edib ki, qlobal dizel bazarında təchizat problemlərinin yaşandığı şəraitdə ixrac imkanlarına malik ölkələrin strateji əhəmiyyəti artır:
“Daxili enerji təhlükəsizliyi qorunmaqla uzunmüddətli ixrac müqavilələrinin bağlanması və yüksək gəlirli bazarlara çıxış Azərbaycanın regional enerji təchizatındakı çəkisini artıra bilər”.
Rövşən Muradovun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi, illik 3 milyon ton gücə malik dizel hidrotəmizləmə qurğusunun istismara verilməsi və Avro-5 standartlı istehsal ixrac imkanlarını genişləndirib.
Nicat Rüstəm