Modern.az

Fərid Şəfiyev: Tariximizlə bağlı boşluqlardan istifadə edirlər

Fərid Şəfiyev: Tariximizlə bağlı boşluqlardan istifadə edirlər

Aktual

Bu gün, 10:37

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində Qafqaz Albaniyasının tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı tədbir keçirilir.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən BMTMM İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Qafqaz Albaniyası, ilk növbədə, tarixi mövzu olsa da, Mərkəz üçün bu məsələnin beynəlxalq münasibətlər və multikulturalizm baxımından siyasi məqamları da xüsusi əhəmiyyət daşıyır.

F.Şəfiyev qeyd edib ki, Azərbaycan ərazisində müxtəlif dövrlərdə bir sıra dövlətlər mövcud olub və onların hər biri Azərbaycanın dövlətçilik tarixində, milli kimliyinin formalaşmasında müəyyən iz qoyub.

“Azərbaycan ərazisində bir sıra dövlətlər mövcud olub və hər bir dövlət bizim dövlətçiliyimizdə, milli kimliyimizdə müəyyən iz qoyub. Bu məsələlər hərtərəfli araşdırılmalıdır. Bununla bağlı işlər gedir, kitablar dərc olunur və digər addımlar atılır. Amma təcrübə göstərir ki, burada hər hansı bir boşluq yarananda bundan istifadə edirlər”, – deyə BMTMM İdarə Heyətinin sədri bildirib.

O vurğulayıb ki, Qafqaz Albaniyası ilə bağlı tədqiqatların müxtəlif istiqamətlər üzrə davam etdirilməsi vacibdir.

F.Şəfiyev tarixçi olduğunu xatırladaraq bildirib ki, Qafqaz Albaniyasının araşdırılmasında ermənidilli mənbələrin öyrənilməsi də xüsusi əhəmiyyət daşıyır.

“Tarix mənim ilk peşəmdir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Bir tarixçi kimi qeyd etmək istərdim ki, bu istiqaməti izləməliyik. Qafqaz Albaniyasının araşdırılması erməni dili ilə də bağlıdır. Bu sahədə kifayət qədər alim və mütəxəssisimiz varmı? Bu suala, əlbəttə, alimlərimiz cavab verə bilərlər”, – deyə o əlavə edib.

BMTMM İdarə Heyətinin sədri Azərbaycanın Vətən müharibəsindən sonra sülh gündəliyinə üstünlük verməsinin təbii proses olduğunu bildirib. Bununla yanaşı, onun sözlərinə görə, sülh gündəliyi tarixi məsələlərin araşdırılmasının əhəmiyyətini azaltmamalıdır.

“Zəfərdən sonra elə bil ki, bir qədər sakitləşmişik. Müharibə başa çatdı, biz sülhün tərəfdarıyıq. Azərbaycan sülhə nail olmağa çalışır. Azərbaycan Prezidenti sülh sazişinin əsas tərəfi olaraq bu istiqamətdə bir mərhələni irəli aparır. Amma tariximiz də vacibdir”, – deyə F.Şəfiyev vurğulayıb.

O qeyd edib ki, Qafqaz Albaniyası ilə bağlı məsələlər yalnız tarixi aspektdən deyil, xristianlıq, mədəni irs və beynəlxalq münasibətlər kontekstində də araşdırılmalıdır.

“Qafqaz Albaniyası ilə bağlı xristianlıq və ümumiyyətlə, bu sahədə hansı istiqamətlərin izlənməli olduğunu müzakirə etməliyik”, – deyə F.Şəfiyev bildirib.

O, tədbir iştirakçılarını mövzu ilə bağlı fikir və təkliflərini bölüşməyə çağırıb və qeyd edib ki, Qafqaz Albaniyası irsinin araşdırılması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində hansı addımların atılmasının müzakirə edilməsi vacibdir.

Nicat Rüstəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı