Ermənistan 2027-ci ildə qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və inkişafı istiqamətində prosesləri davam etdirəcək.
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Milli Assambleyanın daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib.
“Bizim vəzifəmiz Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq, daha sonra isə onu ratifikasiya etməkdir. Həmin vaxta qədər, əlbəttə ki, sülhün daha da möhkəmləndirilməsinə və ikitərəfli ticarət kimi əməkdaşlıq sahələrinin genişləndirilməsinə yönəlmiş bir sıra addımlar atmağa davam edəcəyik”, – deyə Mirzoyan bildirib.
Nazir Ermənistanın qərb qonşusu Türkiyə ilə münasibətlərinə də toxunub.
O qeyd edib ki, Ankara ilə dialoq kifayət qədər fəal və səmərəlidir, əməkdaşlığın ayrı-ayrı istiqamətləri üzrə konkret addımlar atılıb və bu proses davam etdiriləcək.
Mirzoyanın sözlərinə görə, bu addımlara Ani şəhərindəki tarixi körpünün birgə bərpası, tələbələr üçün proqramlar, eləcə də Ermənistan-Türkiyə biznes forumunun keçirilməsi daxildir. İlk biznes forumu Qarsda baş tutub, ikincisinin isə gələn il Ermənistanda keçirilməsi planlaşdırılır.
Nazir bildirib ki, əvvəllər Ermənistanla Türkiyə arasında ticarət texniki baxımdan üçüncü ölkə vasitəsilə həyata keçirilirdi. Lakin bu maneə aradan qaldırılıb və hazırda gömrük baxımından birbaşa ticarət mümkündür. Coğrafi baxımdan isə malların daşınması hələ də Gürcüstan ərazisindən həyata keçirilir.
“Bəli, əldə olunan bütün irəliləyişlərə baxmayaraq, hazırda Ermənistan-Türkiyə sərhədi bağlı olaraq qalır. Lakin proses o qədər yetişib ki, biz istənilən vaxt Ermənistan-Türkiyə sərhədinin açılmasına və diplomatik münasibətlərin qurulmasına nail ola bilərik”, – deyə Mirzoyan vurğulayıb.
Ararat Mirzoyan Ermənistanın Gürcüstan və İranla strateji tərəfdaşlıq münasibətlərini də eyni ruhda inkişaf etdirməyə və möhkəmləndirməyə davam edəcəyini bildirib.