Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Qafqaz Albaniyasının xristian irsi və Qarabağdakı qədim dini abidələr barədə çıxış edib.
Modern.az xəbər verir ki, R.Hüseynovun sözlərinə görə, Qarabağ yalnız Azərbaycan və ya Qafqaz xristianlığı baxımından deyil, ümumilikdə xristian dünyası üçün mühüm dini irsə malik ərazidir. Onun sözlərinə görə, Qarabağda xristian dünyası üçün xüsusi əhəmiyyət daşıyan üç qədim kilsə mövcuddur.
“Qarabağ təkcə Qarabağ üçün, təkcə Qafqaz xristianlığı üçün yox, bütün xristianlar üçün mühüm olan üç kilsəyə malikdir. Bunlardan biri Gəncəsar, digərləri isə Qarabağdakı qədim xristian dini mərkəzləridir”, - deyə o qeyd edib.
Mərkəz direktoru bu abidələrin dini və tarixi əhəmiyyətindən danışaraq bildirib ki, onların hər biri xristianlığın müxtəlif dövrləri və dini şəxsiyyətləri ilə bağlı mühüm izlər daşıyır. O, həmçinin Birinci Dünya müharibəsi dövründən başlayaraq regionda baş verən siyasi proseslərə və həmin proseslərin dini irsə təsirinə diqqət çəkib.
R.Hüseynov çıxışında Qafqaz Albaniyasının xristian irsinin araşdırılması və bu irsin beynəlxalq ictimaiyyətə düzgün təqdim edilməsinin vacibliyini vurğulayıb.
Nicat Rüstəm