1920-ci illərin ortalarında yəhudi əsilli gənc sovet psixoloqu Blüma Zeyqarnik (Блюма Вульфовна Зейгарник, 1900-1988) Berlində – psixologiyanın o dövrdəki ən canlı elmi mərkəzlərindən birində çalışırdı. Onun müəllimi məşhur psixoloq Kurt Levin idi.
Zeyqarnikin adını psixologiya tarixinə salacaq müşahidə adi bir kafedə başlayır. Levin fikir verir ki, ofisiant hələ hesabı ödənilməmiş sifarişləri heyrətamiz dəqiqliklə xatırlayır, hesab ödəndikdən sonra isə hər şeyi unudur – bütün məlumat silinir. Sanki tamamlanmamış iş yaddaşda özünə ayrıca yer tələb edir.
Zeyqarnik müəlliminin bu müşahidəsini eksperimentə çevirir.
Üç-dörd dostu ilə restoranda günortaya yeməyinə gedir. Ən sonda hesabı ödəyib məkandan çıxırlar. Ancaq Blüma Zeyqarnik 1-2 saat sonra təkbaşına eyni restorana qayıdır, eyni ofisiantın masasına oturur.
“Nə sifariş verəcəksiz?” deyə soruşan ofisianta gənc alim “Bayaq yediklərimizdən gətir” deyir.
Ofisiant bir qədər əvvəl yeyilən yeməklərdən heç birini xatırlamır…
Hesabı alıb vəzifəsi tamamlanan kimi yaddaş o tapşırığı silir.
İştirakçılara müxtəlif tapşırıqlar verildi: tapmacalar həll etmək, fiqurlar düzəltmək, hesablama aparmaq və s. Tapşırıqların bir qismini bitirməyə imkan verilir, digər qismi isə qəsdən yarımçıq dayandırılırdı. Sonra iştirakçılardan hansı tapşırıqları xatırladıqları soruşulurdu.
1927-ci ildə dərc olunan nəticələr göstərdi ki, yarımçıq saxlanmış tapşırıqlar tamamlanmışlardan daha yaxşı yadda qalmağa meyllidir. Sonralar bu hadisə Zeyqarnik effekti adlandırıldı.
Məsələnin maraqlı tərəfi sadəcə yaddaşın necə işləməsində deyil.
Kurt Levinin nəzəri çərçivəsində insan hər hansı bir işə başlayanda müəyyən psixoloji gərginlik yaranır. İş tamamlandıqda həmin gərginlik aradan qalxır; yarımçıq qaldıqda isə sanki zehin onu “bağlanmamış məsələ” kimi saxlamağa davam edir. Buna görə oxunmamış məktub, cavabsız sual, yarıda saxladığımız kitab və ya bitirmədiyimiz söhbət bəzən günlərlə düşüncəmizə qayıdır.
Amma Zeyqarnik effektini “yarımçıq olan hər şeyi daha yaxşı xatırlayırıq” kimi sadə qanuna çevirmək düzgün olmazdı. Sonrakı tədqiqatlarda ilkin nəticə hər şəraitdə eyni güclə təkrarlanmayıb; motivasiya, tapşırığın xarakteri və fasilənin səbəbi də mühüm rol oynayır.
Bəlkə də Zeyqarnikin kəşfinin ən maraqlı tərəfi elə buradadır: yaddaş yalnız keçmişi saxlayan arxiv deyil. Bəzən o, tamamlanmamış gələcəyin də gözətçisidir. Bitmiş hadisə keçmişə çevrilir, yarımçıq hadisə isə hələ bizdən nəsə gözləyir.
Zeyqarnik effekti və süni intellekt
Zeyqarnik effekti ilə süni intellekt erası arasında qəribə bir bağ tapmışam. Bu bağı “yarımçıq qalmağın insan düşüncəsində yaratdığı gərginlik”lə “süni intellektin bu gərginliyi sürətlə aradan qaldırması” arasında qurula bilər.

Əvvəllər insan bir sualla günlərlə yaşaya bilirdi. Bir kitabda anlamadığı fikir, yaza bilmədiyi abzas, tapa bilmədiyi fakt, həll olunmamış məsələ insanın zehnində qalırdı. Zeyqarnik effektinin dili ilə desək, tapşırıq bağlanmadığı üçün psixoloji gərginlik də bağlanmırdı. Və bəzən məhz həmin gərginlik düşüncənin davam etməsinə səbəb olurdu: insan geri qayıdır, başqa mənbə oxuyur, ehtimallar qurur, səhv edir, yenidən başlayırdı.
Generativ AI bu məsafəni kəskin şəkildə qısaldır:
Sual yaranır – AI saniyələr içində cavabı tapır.
Cümlə yarımçıqdır – AI tamamlayır.
Mətnin strukturu yoxdur – AI qurur.
Proqram işləmir – AI kod təklif edir.
Fikrini ifadə edə bilmirsən – AI buna da hazırdır.
Qəribə bir paradoks yaranır:
Zeyqarnik effektinə görə yarımçıqlıq düşüncəni özünə bağlayırsa, AI dövründə insanın yarımçıqlıqla baş-başa qalma imkanları getdikcə azalacaq.
Bu isə məhsuldarlıq baxımından böyük üstünlükdür, amma intellektual baxımdan ayrıca sual doğurur. Çünki hər yarımçıqlıq qüsur deyil. Bəzi fikirlərin yetişməsi üçün onların bir müddət cavabsız qalması lazımdır. Nyutonun, Darvinin və ya Puankarenin düşüncə tarixində gördüyümüz uzun inkubasiya dövrləri bir növ “bağlanmamış zehni dövrələr” idi. Problem şüurun ön planından çəkilsə də, tam yox olmurdu.
AI isə bizi erkən tamamlanma təhlükəsi ilə üz-üzə qoyur. Cavab səhv olduğu üçün deyil; bəzən həddindən artıq tez gəldiyi üçün. İnsan hələ sualın içində kifayət qədər yaşamamış cavab əldə edir.
Daha dərin paralel isə generativ AI-nin öz təbiətindədir. Dil modeli də, texniki mənada tamam başqa mexanizmlə işləsə də, istifadəçi qarşısında daim “tamamlama maşını” kimi görünür: ona yarımçıq cümlə veririk, davamını gətirir; ideya veririk, mətnə çevirir; eskiz veririk, bütövləşdirir. Zeyqarnikin insan zehnində müşahidə etdiyi yarımçıqlığa dözümsüzlük burada texnologiyanın əsas funksiyalarından birinə çevrilmiş kimi görünür.
Buradan esse üçün daha böyük bir tezis çıxarmaq olar: AI dövrünün əsas intellektual problemi cavab tapmaq deyil, hansı sualları bir müddət cavabsız saxlamağı bacarmaqdır.
Çünki insan düşüncəsinin tarixində böyük ideyaların bir qismi cavabların sürətindən deyil, sualın uzunömürlülüyündən doğub. Bəlkə gələcəkdə intellektual qabiliyyətin göstəricilərindən biri də AI-dan nə qədər yaxşı cavab ala bilməyimiz deyil, onun dərhal verə biləcəyi cavaba baxmayaraq, hansı yarımçıq fikri özümüzdə yaşatmağı seçməyimiz olacaq.