BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı attaşe səviyyəsində azərbaycanlı diplomatın zalda olması Azərbaycana qarşı informasiya dalğasının predmetinə çevrilib. Türkiyədə radikal islamçı çevrələrin təsirində olan müəyyən sosial media seqmentləri bu görüntünü Azərbaycan əleyhinə yeni narrativin əsasına döndərməyə doğru boş cəhd edirlər.
Və daha maraqlısı budur ki, bu sadə diplomatik prosedur üzərindən yaradılan siyasi səs-küy Azərbaycanın xarici siyasətinin mahiyyətindən uzaq, Azərbaycan haqqında müəyyən dairələrdə tam fərqli təsəvvür formalaşdırılmaq cəfəngiyyatıdır. Əsas məqam odur ki, nə zamandan bir attaşenin BMT zalında oturması dövlətin xarici siyasətinin göstəricisinə çevrilib?

Diplomatiyada ən təhlükəli səhvlərdən biri texniki prosedura siyasi məna yükləməkdir. Attaşe diplomatik xidmət sistemində aşağı səviyyəli diplomatik vəzifələrdən biridir. Azərbaycan qanunvericiliyində də diplomatik vəzifə və rütbələr ayrıca müəyyən edilir. Attaşe diplomatik vəzifələr sistemində aşağı pillələrdən birini təşkil edir. Burada söhbət siyasi qərar qəbul edəcək diplomatdan da getmir. Söhbət diplomatik xidmətin texniki tərəflərini həyata keçirən əməkdaşdan gedir. Onun işi müşahidə etmək, dinləmək, qeydlər aparmaq, informasiya toplamaq, çıxışların məzmununu təhlil etmək və müvafiq hesabatları hazırlamaqdır.
Bu fərqi anlamadan BMT zalındakı bir görüntüdən dövlət siyasəti çıxarmağa çalışmaq ya diplomatik savadsızlıqdır, ya da faktın məqsədli şəkildə siyasi manipulyasiyaya çevrilməsidir.
Beynəlxalq münasibətlərdə dövlətlər bir-birinin mövqelərini dinləyirlər. Hətta ciddi fikir ayrılığı olan dövlətlərin nümayəndələri də bir-birinin çıxışlarını izləyə bilirlər. Çünki diplomatiyanın mühüm funksiyalarından biri informasiya əldə etmək və siyasi mövqeləri təhlil etməkdir. Bir dövlətin nümayəndəsinin zalda qalması həmin dövlətin çıxış edən ölkənin bütün siyasətini qəbul etməsi anlamına gəlmir. Eyni məntiqlə, zalı tərk etmək də avtomatik olaraq bütün problemlərin həll olunduğu demək deyil.
Burada bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan nümayəndə heyəti zamanla işğalçı Ermənistan rəsmilərinin BMT tribunasındakı çıxışları zamanı zalı tərk etməyib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan uzun illər ərazilərinin Ermənistan tərəfindən işğalı ilə üzləşmiş dövlət olub. Buna baxmayaraq, Azərbaycanın beynəlxalq platformalardakı diplomatik davranışı yalnız “çıxış edən tərəfi dinləməmək” üzərində qurulmayıb.

Əgər Azərbaycan nümayəndə heyəti uzun illər ərazilərinin işğalına görə kəskin fikir ayrılığı yaşadığı Ermənistanın çıxışını dinləyə bilirsə, o zaman başqa bir dövlətin başçısının çıxışı zamanı Azərbaycan diplomatının zalda qalmasını “siyasi xəyanət” və ya “xarici siyasətin dəyişməsi” kimi təqdim etmək məntiqi baxımdan biabırçılıqdır.
BMT Baş Assambleyası dünya dövlətlərinin bir araya gəldiyi ən böyük çoxtərəfli diplomatik platformalardan biridir. Burada dövlətlər bir-birini dinləyir, qətnamələr müzakirə olunur. Bütün bunların hər biri konkret siyasi kontekstdə qiymətləndirilə bilər.
Azərbaycanın xarici siyasətinə sosial media məntiqi ilə yanaşmaq siyasi naşılıq nümunəsidir. Bakı müxtəlif dövlətlərlə eyni vaxtda fərqli istiqamətlərdə münasibətlər qurur. Azərbaycan Türkiyə ilə qardaşdır, İranla qonşudur, İsraillə diplomatik münasibətlərə malikdir. Bu münasibətlərin hər birinin öz gündəliyi, hüquqi bazası və maraq dairəsi var. Bakı qərarlarını məhz bu çərçivədə verir.

Azərbaycanın öz tarixindən gələn bir reallıq var. Ölkə uzun illər işğal problemi yaşayıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı fundamental prinsiplər təsbit olunub. Azərbaycan digər dövlətlərin də suverenliyinə və ərazi bütövlüyünə hörməti öz xarici siyasətinin mühüm prinsiplərindən biri kimi təqdim edir. Bu yanaşma Azərbaycan diplomatiyasının əsas konseptual xəttidir.
Son dövrlərdə Azərbaycana qarşı Türkiyədəki radikal islamçılara məxsus müxtəlif informasiya platformalarında səsləndirilən ən absurd iddialardan biri də guya Azərbaycan ABŞ və İsrailin İrana qarşı siyasətində xüsusi istiqamətləndirici rol oynayır fikrinin formalaşdırılmasıdır.
Sual olunur, bu iddianın faktoloji bazası haradadır? Ortaya fakt qoyulmadan Azərbaycanı İran-İsrail qarşıdurmasının “mərkəzi aktoru” kimi təqdim etmək narrativ istehsalıdır.
Axı Azərbaycanın rəsmi mövqeyi bunun əksini göstərir.
2026-cı ilin martında Azərbaycan XİN İranla bağlı açıqlamasında hərbi əməliyyatların dayandırılmasına və məsələlərin dialoq və diplomatik vasitələrlə həllinə çağırıb. İran prezidenti köməyə görə Azərbaycana təşəkkür edib. Bunlar konkret faktlardır. Və bunun adı müstəqil xarici siyasətdir.
Diplomatik münasibətlərin mövcudluğu siyasi ittifaqın bütün aspektlərində razılaşma demək deyil. Azərbaycanın İsraillə diplomatik münasibətləri İsrailin bütün xarici siyasətini qəbul etdiyi nəticəsini çıxarmır. Eyni şəkildə, Azərbaycanın İranla qonşuluq münasibətləri onun İranın bütün regional siyasətini qəbul etməsi də demək deyil. Beynəlxalq münasibətlərin əsas xüsusiyyətlərindən biri dövlətlər münasibət qururlar, amma öz siyasi subyektliklərini qoruyurlar xəttidir. Azərbaycan da bunu edir.

Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini sosial media paylaşımları ilə izah etmək, yaxud da tərpətmək absurddur. 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi iki ölkənin münasibətlərini ən yüksək səviyyəyə qaldırdı. Sənəddə tərəflərin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi ayrıca vurğulanır. Daha əhəmiyyətlisi isə Bəyannamədə hər iki tərəfin milli maraqların qorunmasına yönəlmiş müstəqil xarici siyasət apardığı açıq şəkildə qeyd olunur.
Bu cümlə əslində bütün mübahisəyə cavab verir. O zaman Azərbaycan-Türkiyə qardaşlığı hər an niyə hədəfə alınır? Cavab da sadədir, bu qardaşlıq çox ölkənin arzulamadığı, istəmədiyi məsələdir. Odur ki, fürsətcillərin aravuran əməllərinə ehtiyatlı mövqe nümayiş etdirmək lazımdır. Unutmaq olmaz, Azərbaycan-Türkiyə münasibətləri daha geniş regional geosiyasi arxitekturanın elementinə çevrilib.
Məsələnin ən diqqətçəkən tərəflərindən biri də budur ki, bu, ilk belə informasiya dalğası deyil. 2025-ci ildə də BMT Baş Assambleyası kontekstində Azərbaycan nümayəndə heyətinin Netanyahu ilə bağlı davranışı üzərindən Türkiyədə antitürk fəaliyyəti ilə seçilən informasiya məkanında manipulyativ iddialar gündəmə gətirilmişdi. Dezinformasiya ekosistemində tez-tez müşahidə olunan “faktın çərçivələnməsi” mexanizmi də məhz budur.

Bütün bunlara Azərbaycanın cavabı əslində çoxdan bəllidir, müstəqil xarici siyasət...
Azərbaycanın son illərdəki diplomatik davranışına baxanda da bunu görmək mümkündür. Bakı müxtəlif güc mərkəzləri ilə əlaqələr saxlayır. Amma öz maraqlarını hər şeydən üstün tutur.
Azərbaycanın xarici siyasətini Azərbaycan dövləti müəyyənləşdirir. Bunu başqa cür təsəvvür etmək belə dövlət suverenliyi anlayışına ziddir.
Azərbaycan-Türkiyə münasibətləri sosial media alqoritmlərindən daha böyükdür. Bu münasibətlər iki prezidentin görüşlərində daha aydın görünür. İki xalqın bir-birinə münasibətində daha səmimi görünür. Ona görə də Türkiyədə antitürk və anti-Azərbaycan təbliğat maşınına, Azərbaycan haqqında yayılan hər bir məlumatın mənbəyinə, kontekstinə və faktoloji bazasına diqqət yetirmək lazımdır.
Bir daha vurğulamaq istərdik, Azərbaycanın xarici siyasəti illər ərzində formalaşmış dövlət strategiyasıdır, BMT zalında bir attaşenin oturması bunun göstəricisi ola bilməz.
Azərbaycan hər kəsi dinləyə bilər, son qərarı isə özü verir.
Elnur ƏMİROV