Modern.az

Bakıda sərnişin gəmiləri marşrutlara buraxıla bilər? - AÇIQLAMA

Bakıda sərnişin gəmiləri marşrutlara buraxıla bilər? - AÇIQLAMA

Aktual

Bu gün, 00:08

Son dövrlərdə Bakı şəhərində avtomobillərin və sərnişinlərin hərəkət intensivliyinin artması, eləcə də bəzi istiqamətlərdə nəqliyyat sıxlığının müşahidə olunması fonunda çoxsaylı tədbirlər görülür. Bura yeni qatar xətlərinin yaradılması, yeni avtobus marşrutlarının açılması, alternativ yolların çəkilməsi, metro stansiyalarının tikintisi və s. daxildir. 

Son günlər prosesə dəstək məqsədilə Bakı və ətraf sahilyanı ərazilərdə yaşayan sakinlər üçün alternativ nəqliyyat kimi sərnişin gəmi marşrutlarının yaradılması barədə müzakirə var.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Modern.az-a açıqlama verib:

“Bakı şəhərində nəqliyyat sıxlığının artması alternativ və dayanıqlı nəqliyyat imkanlarının genişləndirilməsini zəruri edir. Bu baxımdan, sahilyanı ərazilərdə yaşayan sakinlər üçün sərnişin gəmi marşrutlarının yaradılması diqqətəlayiq təşəbbüs hesab oluna bilər. Bakı dənizkənarı şəhərdir və Xəzər dənizinin imkanlarından yalnız turizm və istirahət məqsədilə deyil, gündəlik sərnişindaşımada da daha geniş istifadə etmək mümkündür”.

Arzuxan Əlizadə bildirib ki, sərnişin gəmilərinin müəyyən istiqamətlər üzrə şəhərdaxili nəqliyyat sisteminə inteqrasiyası avtomobil yollarına düşən yükün müəyyən hissəsinin azalmasına kömək edə bilər. Xüsusilə sahilyanı yaşayış məntəqələri ilə şəhərin mərkəzi və digər mühüm nəqliyyat qovşaqları arasında uyğun marşrutların yaradılması vətəndaşlara alternativ seçim təqdim edər. Lakin bunun üçün marşrutların sərnişin tələbatına uyğun müəyyənləşdirilməsi, müasir və təhlükəsiz gəmilərdən istifadə, vahid ödəniş sisteminin tətbiqi və digər ictimai nəqliyyat növləri ilə əlaqələndirmə vacibdir.

Deputatın sözlərinə görə, bu məsələ Bakı şəhərinin uzunmüddətli nəqliyyat strategiyasının bir hissəsi kimi araşdırılmalıdır. Əlbəttə, sərnişin gəmi nəqliyyatı avtomobil və ictimai nəqliyyat problemini tam həll edən vasitə deyil, lakin düzgün planlaşdırıldığı halda ümumi nəqliyyat sisteminə əlavə alternativ yarada bilər.

“Burada əsas məqsəd vətəndaşa daha çox seçim vermək, nəqliyyatın müxtəlif növlərini bir-birini tamamlayan vahid sistemə çevirmək və şəhərin nəqliyyat yükünü balanslaşdırmaq olmalıdır”, – o deyib.

Məsələ ilə bağlı göndərilən sorğuya “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC cavab verib:

“Bildirək ki, hazırda ASCO-nun əsas fəaliyyət istiqamətlərini yükdaşımaların həyata keçirilməsi və dənizdə neft-qaz sektoruna ixtisaslaşdırılmış gəmi xidmətlərinin göstərilməsi təşkil edir”. 

ASCO-nun verdiyi məlumata görə qeyd olunan istiqamət üzrə hər hansı layihənin həyata keçirilməsi hazırda ASCO-nun planında nəzərdə tutulmur.

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı