Modern.az

Azərbaycanın musiqi məktəblərində beynəlxalq qiymətləndirmə: ABRSM modeli ilə yeni imkanlar

Azərbaycanın musiqi məktəblərində beynəlxalq qiymətləndirmə: ABRSM modeli ilə yeni imkanlar

Aktual

Bu gün, 17:47

Britaniyanın nüfuzlu musiqi imtahanları təşkilatının nümayəndəsi Bakının beş musiqi və incəsənət məktəbində olub, müəllim və şagirdlər üçün beynəlxalq qiymətləndirmə imkanlarını təqdim edib.

Azərbaycanın musiqi və incəsənət məktəblərində beynəlxalq qiymətləndirmə təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlıq genişlənir. Böyük Britaniyanın musiqi təhsili və qiymətləndirmə təşkilatı ABRSM-in biznesin inkişafı üzrə meneceri Bethany Hermon Bakıya səfəri zamanı məktəblərdə tədris prosesi ilə tanış olub, gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

Səfər çərçivəsində qonaq L. və M. Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbində, Mərkəzi İncəsənət Məktəbində, G. Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində və Müslüm Maqomayev adına 26 nömrəli Musiqi Məktəbində olub. Müxtəlif ixtisaslar üzrə dərsləri izləyib, şagirdlərin konsert proqramlarını dinləyib, məktəb rəhbərləri və müəllimlərlə fikir mübadiləsi aparıb.

Görüşlərdə əsas diqqət gənc musiqiçilərin ifaçılıq bacarıqlarının inkişafına, onların nailiyyətlərinin beynəlxalq meyarlarla qiymətləndirilməsinə və müəllimlərin müasir tədris resurslarına çıxışına yönəlib. Bethany Hermon ABRSM-in musiqi alətləri üzrə ifaçılıq və musiqi nəzəriyyəsi imtahanları, qiymətləndirmə meyarları və sertifikatlaşdırma imkanları barədə təqdimatlar keçirib.

Beynəlxalq imtahanlara hazırlıq artıq nəticə verir

L. və M. Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbində bu istiqamətdə ilkin təcrübə formalaşıb. Məktəbin şagirdləri ABRSM-in beynəlxalq imtahanlarında iştirak edərək müvafiq sertifikatlar əldə ediblər. Hazırda digər şagirdlərin də imtahanlara hazırlığı davam etdirilir.

Bu proses çərçivəsində beynəlxalq imtahan tələbləri öyrənilir, tədris proqramları müqayisə olunur, müəllimlər qiymətləndirmə meyarları və metodik resurslarla tanış edilirlər. Qazanılan təcrübə gələcəkdə digər musiqi və incəsənət məktəblərinin də beynəlxalq qiymətləndirmə imkanlarından yararlanması üçün zəmin yaradır.

ABRSM modeli məktəblərə nə qazandıra bilər?

Bu yanaşma şagirdlərin musiqi bacarıqlarını aydın meyarlar əsasında qiymətləndirməyə, inkişaf mərhələlərini izləməyə və nailiyyətlərini beynəlxalq sertifikatlarla təsdiqləməyə imkan verir. Müəllimlər üçün isə tədris resurslarından istifadə və beynəlxalq pedaqoji təcrübə ilə tanışlıq imkanlarını genişləndirir.

1889-cu ildə Böyük Britaniyada yaradılmış ABRSM — Kral Musiqi Məktəblərinin Birləşmiş İmtahan Şurası — musiqi imtahanları, qiymətləndirmə və tədris resursları sahəsində beynəlxalq fəaliyyət göstərən təşkilatdır.

Bakı məktəblərində keçirilən görüşlər Azərbaycanın musiqi təhsili ənənələrini beynəlxalq təcrübə ilə əlaqələndirmək, gənc istedadların inkişafını dəstəkləmək və ABRSM ilə əməkdaşlığı genişləndirmək baxımından yeni imkanların müzakirəsinə şərait yaradıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu