Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) Yaponiyanın milli təhlükəsizlik strategiyasına fövqəladə hallarda nüvə silahının yerləşdirilməsinə imkan verən müddəanın daxil edilməsini Tokionun öz nüvə arsenalını yaratmaq niyyətinin göstəricisi kimi qiymətləndirib.
Modern.az xəbər verir ki, Pxenyan Yaponiyanın üç nüvəsiz prinsipinə istisnaların nəzərdə tutmasını ölkənin nüvə hərbi planlarının həyata keçirilməsi istiqamətində ilk addım hesab edir.
Qeyd edək ki, Yaponiyanın yenilənmiş milli təhlükəsizlik strategiyasının ilin sonunadək təsdiqlənməsi gözlənilir. Rəsmi Tokio isə nüvə silahına malik olmamaq, onu istehsal etməmək və öz ərazisində yerləşdirməmək prinsiplərinə sadiqliyini bəyan edir.
KCNA-nın məlumatına görə, Yaponiya ABŞ-ın nüvə potensialından müdafiə imkanlarını gücləndirmək üçün istifadə etməyi, gələcəkdə isə öz nüvə imkanlarını inkişaf etdirməyi hədəfləyə bilər.
Agentlik, həmçinin Tokionun atom sualtı qayıqlarının alınmasını müzakirə etməsinə, müdafiə büdcəsini artırmaq və silahlı qüvvələrini modernləşdirmək planlarına diqqət çəkib.
KXDR hesab edir ki, Yaponiyanın hərbi potensialını genişləndirməsi Asiya-Sakit okean regionunda sabitliyi poza bilər. Pxenyan bu proseslərə cavab olaraq öz müdafiə imkanlarını gücləndirmək niyyətində olduğunu bəyan edib.