Bəzən elə hallarla qarşılaşırsan ki, nə qədər təmkinli, səbirli, dözümlü, sakit təbiətli olsan belə, hisslərini cilovlamaqda çətinlik çəkirsən. Yetkin birinin nadan hərəkəti səni özündən çıxarmaya bilmir. Valideynlərin övladlarına olan qəddar münasibəti, bəzi anaların azyaşlı övladlarını küçənin ortasında, hər kəsin gözləri önündə, ətrafındakılara məhəl qoymadan təhqir etməsi, hətta döyməsi adamın əhvalını tamam korlayır. Yəqin ki, çoxlarınız azyaşlı uşağın göz yaşlarını laqeydliklə seyr etməyin çətinliyi ilə razılaşarsınız. Hələ bu uşaq anası deyilən qadın tərəfindən şiddətlə döyülürsə, üstəlik, həmin ana orta yaşlı birisidirsə və uşağın hönkürtüsünə məhəl qoymadan uşağı ilə sanki əşyaymış kimi davranırsa, çox iyrənc, eybəcər bir mənzərə yaranır. Nəinki ANA, hətta QADIN kəlməsinin onun üçün necə də böyük olduğu, bu adı daşıyacaq səviyyədə olmadığı açıq-aydın görünür. Axı azyaşlı uşağı döymək hansı halda qəbul edilə bilər?! İctimai yerdə uşağa qışqıraraq onu döymək, balaca bir insanı hamının gözləri önündə əzmək və eyni anda ətrafdakıların əhvalını korlamaq normal qəbul edilə bilərmi?! Doğma anası tərəfindən alçaldılaraq döyülməsinin onun psixologiyasına necə mənfi təsir edəcəyi də bir həqiqətdir. Belə valideynə haqq qazandırmaq mümkündürmü?!
Küçənin ortasında övladının üstünə şığıyaraq döyən qadına etirazımı bildirməyimə peşman oldum: “Uşaq mənimdir, özüm bilərəm, sizə dəxli yoxdur,” - deyib hikkə ilə yenidən uşağa hücum etməsi insanı daha da çıxılmaz vəziyyətdə qoyur. Həmin an insanın daxilindən uşağa qoşulub hönkürmək keçir... Anası tərəfindən döyülərək göz yaşları tökən azyaşlı uşaq kimi sən də acizləşir, cılızlaşır, kiçilirsən. Belələrini ana adlandıranda sən özün ana olmağından utanırsan. Görəsən, bir qadın öz balasını hansı səbəblə belə əzə, döyə, incidə, yaralaya bilər? Ona haqq vermək üçün səbəblər axtarıram: əsəbidir, yəqin, məişət qayğıları var, bəlkə də, dəfələrlə xəbərdarlıq edib və s. Amma bunlar o körpənin göz yaşlarının bir damlası qarşısında belə elə cılız səslənir ki!
Etməyin, “analar”! Allah sizi bu şərəfə layiq bilib. Sizə bir əmanət verib. O əmanətə xəyanət etməkdən qorxun. Allahın etimadına qarşı çıxmaqdan qorxun. Hər bir valideyn sakit, təmkinli rəftar etməyə borcludur. Ən azından övladını diqqətlə dinləməli, onun hisslərinə şərik olmalıdır. Əgər onun fikirlərinin yanlış olduğu qənaətindədirsə belə, öz düşüncələrini izah etməlidir. Amma bunu amiranə formada yox, bir dost kimi izah etməyə çalışarsa, nəticə əldə edə bilər.
Mütəxəssislər uşaqları qəddar yolla cəzalandırmaq əvəzinə, alternativ yollarla (istədiyi hansısa əşyanı almamaq, əyləncəsini bir qədər məhdudlaşdırmaq və s.) onu düzgün istiqamətləndirə biləcəyimizi söyləyirlər. Odur ki, əvvəlcə övladınızın psixologiyasına dərindən bələd olun.
Bir sıra Avropa ölkələrində uşaqları döymək tamamilə qadağandır: Albaniya, Andorra, Avstriya, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, Latviya, Lixtenşteyn, Lüksemburq, Malta, Makedoniya, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Moldova, Rumıniya, San Marino, İspaniya, İsveç və Ukrayna. Bəzi ölkələrdə isə övladlarına fiziki zərər vuran valideynlər həbs edilirlər (İngiltərə, Şotlandiya, İrlandiya). Azərbaycanda isə "Uşaq hüquqları haqqında" qanun uşaqların toxunulmazlığını tənzimləsə də, valideynlərin həbs edilmələri məsələsi yoxdur.
Övladınızı döyməməyiniz üçün mütləqmi bir qanun olmalı, hərəkətlərinizə hansısa bir qurum nəzarət etməlidir?! Halbuki sizə belə müqəddəs bir məsuliyyət həvalə edilib. Öz hisslərinizi cilovlayın, xatırlayın ki, döydüyünüzü Allah yaradıb, siz tərbiyə etmisiniz. Əgər onu vurulmağa layiq bilirsinizsə, ən ağır şillə sizə vurulmalıdır. Əgər qabiliyyətiniz varsa, əvvəlcə özünüzü, sonra körpənizi tərbiyə edin...
Çünki onu tərbiyə edən siz olmusunuz. İndi nədir sizi qane etməyən? Onun bəyənmədiyiniz əməlinin müəllifi elə sizsiniz. O doğulduqda saf, tərtəmiz, səhvsiz birisi idi. Onu siz yetişdirdiniz, onu siz bu hala gətirdiniz. Odur ki, uşağınızı döymək əvəzinə özünüzün harada səhv etdiyinizi düşününün, səhvinizi düzəltməyə, uşağınıza qarşı təmkinlə davranmağa cəhd edin, onun səhvlərini təsvir etməyə, ən azından, onu üzr istəməyə vadar edin. Amma əl qaldırmayın! İnsana əl qaldırmayın, hələ bu körpədirsə, bir anlıq dayanın, qaldırdığınız əlinizdən, əməlinizdən utanın!
Hər bir uşaq öz valideynlərinə bənzəmək istəyir. Odur ki, övladınızda görmək istədiyiniz müsbət cəhətləri əməllərinizlə ifadə edin. Sonda isə belə bir kiçik hekayəni xatırlatmaq istərdim:
Edison bir gün evə gəlir və anasına bir kağız parçası uzadaraq :
- Bu kağızı müəllimim verdi və yalnız sənə göstərməyimi tapşırdı, - deyir.
Ana orada yazılanları göz yaşları içərisində ucadan oxuyur: “Oğlunuz dahidir. Ancaq məktəbimiz onun üçün çox kiçikdir və ona kifayət qədər təhsil verə biləcək müəllimimiz yoxdur. Xahiş edirik, ona özünüz təhsil verin”.
Aradan uzun illər keçdikdən sonra (Edisonun anasının vəfat etmişdi) o artıq əsrin ən böyük alimlərindən biri idi. Bir gün Edison ailəsinə məxsus köhnə əşyalara baxarkən təsadüfən siyirmənin küncündə bir kağız parçası tapır. Orada: “Oğlunuz əqli cəhətdən geri qalmış bir uşaqdır. Artıq onun məktəbimizə gəlməsinə icazə vermirik...” sözləri yazılıbmış. Edison saatlarla ağladıqdan sonra gündəliyinə aşağıdakı sətirləri yazır: “Tomas Alva Edison qəhrəman bir ana tərəfindən yüz ilin dahisinə çevrilmiş, əqli cəhətdən geri qalmış bir uşaq idi...”
Odur ki, qəhrəman bir ana olmaq sizin əlinizdədir...