“Oskar” – kimilərinin məqsədi, kimilərinin arzusu, kimilərinin xəyalı olan mükafat...
Əslində, xəyal arzuya, arzu məqsədə, məqsəd də gerçəyə çevrilməlidir. Yüksək ideyalara sahib və prinsipləri uğrunda mübarizə aparan adamlar isə nə xəyal qurmağa vaxt sərf edir, nə də arzulamağa. Onlar, birbaşa məqsədə çatmağı düşünürlər.
Amma gəl gör ki, bizim ölkənin rejissoru, aktyoru, aktrisası, ssenari müəllifi “Oskar”ı məqsəd etməyi demirəm, heç arzulamağı da demirəm, xəyal edə bilirmi? Bu məsum incəsənət adamlarımız “Oskar”ı ancaq video və foto şəklində görüb. Bir də ki, süvenir dükanlarında satılan süni kopyalarını...
Nə yazıq ki, bu adamlar, özlərini tənə-töhmətdən xilas etmək üçün kütləvi məsumiyyət donu geyinmiş və “azərbaycanlılara nə “Nobel”, nə də “Oskar” verirlər” deyərək, bu cəfəngiyyata həm özlərini, həm də xalqı inandırmışlar. Güya ki, azərbaycanlılara “Oskar” almaq üçün milli mənsubiyyətləri mane olur.

Əslində, indiyə qədər heç bir azərbaycanlının və ya Azərbaycan istehsalı olan sənət məhsulunun “Oskar” almamasının bəsit, amma çox əhəmiyyətli səbəbləri var. İlk növbədə, incəsənətə böyük diqqətin göstərilmədiyi və ayrılan kiçik vəsaitin də kürsü sahibləri tərəfindən mənimsənildiyi ölkədə heç bir yaradıcı insan parlaq sənət nümunəsi yarada bilməz.
İkinci səbəb odur ki, çəkilən filmlərin hamısı Azərbaycan cəmiyyətinin ailə-məişət mövzularını əks etdirir. Axı Amerika üçün Azərbaycan mentalitetinin fəsadları, adət-ənənədən gələn bəlalar, bizim adamın kredit, borc, faiz problemi, bəsit ailə qalmaqalları və bundan irəli gələn digər məsələlər nə qədər əhəmiyyətlidir?
Niyə Azərbaycan kinosunda bəşəri mövzular yer almır? Yaxud, niyə bizim rejissorlar bəşəri mövzularda yazan ssenari müəlliflərinin məhsullarından istifadə etmir? Niyə bütün dünya üçün maraqlı və mühüm olan bir mövzuda ssenari əldə etdikdən sonra, vəsait üçün lazımi qurumlara müraciət olunmur? Niyə bu təbii haqq tələb edilmir? Susmağın ömrü hara qədədir?
Doğrusu, “Əməkdar artist”, “Xalq artisti” kimi, yalnız bizim ölkənin sərhədləri daxilində kiçik əhəmiyyət kəsb edən adlar üçün göz yaşı tökən, bu adı aldıqda başı dik, sinəsi qabağa gəzən incəsənət adamlarımız “Oskar”a layiq də deyillər. Amma sizi əmin edirəm ki, bu məmləkətin “Oskar” ala biləcək istedadları var. Dövlət həmin adamalara vəsait ayırsın, “Oskar” Azərbaycana gəlməsə, mən intihar edərəm!
Gəlin “Nobel”ə, “Oskar”a və digər dünya əhəmiyyətli mükafatlara uzaqdan baxmayaq. Onu qazanmağı məqsədə çevirməliyik. Məqsəd uğrunda fədalar vermək nankorluq deyil, qəhramanlıqdır! O ali məqsədin uğrunda hər şeyi fəda etməyə hazır olmalıyıq.
Nəhayət, çılğın və şıltaq şair Artur, dəlisov aşiq Cek və başqa rollarıyla ürəkləri fəth edən, sevimli sarışın Di Kaprionun “Oskar” almasına sevincimdən ağladığım kimi, bir azərbaycanlının da “Oskar” almasına sevincimdən ağlamaq istəyirəm. Etiraf edim ki, o “Oskar”ı qazanan ilk azərbaycanlı da özüm olmaq istəyirəm.