24 Oktyabr 2016, 14:14 | Ana Səhifə - Yazılar - İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
İbrahim Nəbioğlu, 55 yaşın mübarək!

Mahir Qabiloğlu

AzTV-nin “Xəbərlər” proqramına təzə işə düzəlmişdim.  Bu redaksiyanın da “qara fəhləliyi” deyilən işləri vardı. Müxbirlər  çox da bu işlərə həvəsli deyildilər.  Candərdi eləyirdilər. Bunlardan birincisi üç gündən bir növbətçi qalmaq idi.  İnternetin olmadığı bir məkanda xəbər toplamaq, papkanı yığmaq, axşam mədəniyyət tədbirlərinə çəkilişə getmək. Deyinə-deyinə elədiyimiz işlərdən biri də rayon və xarici ölkələrdə olan əməkdaşların polufabrikat şəkildə göndərdikləri çəkilişləri efirə hazırlamaq idi. Kassetlərin dalıyca avtobusun qabağına maşın göndərmək, telefonla ötürdükləri səsləri yazmaq və ya əyriş-üyrüş əlyazma ilə göndərdikləri kadrarxası mətni makinada yazdırmaq, redaktə etmək, baş redaktora yoxlatdırmaq, sonda da səsi diktora oxutdurmaq, daha sonra montaj prosesinə nəzarət edib, məsul olmaq. İllah da ki, bayram günlərində zinhara gəlirdik. Bilmirdik ki, öz materialımızın dərdinə qalaq, yoxsa bunların. Düzdür, bu zəhmətimizin müqabilində qonaqlıq verəni də olurdu, Gürcüstan caxırı gətirəni də... Amma ürəkdən etmirdik bu işləri. Bir də görürdün ki, 20.00 “Xəbərlər”i qurtarıb. Amma gecə növbətçisi gəlməyib. Gecə növbətçisi də kim olsa yaxşıdır? Rayon müxbirlərindən biri. Zəng eləyirdik ki, “hardasan?”. Bakıdan 300 kilometr uzaqlıqda olan bir kəndin adını eşidəndə, gecəni də işdə yatmalı olurduq.


Amma bir istisna vardı. Hərdən Mülatif müəllim otağına çağırırdı. Balaca betekam kasseti verib:

- Mahir, İbrahim Nəbioğlu göndərib bu kasseti. Üstündə xronometrajı,  çıxış edəcək adamın subtitri yazılıb. Efir kassetinə köçürüb,  efir jurnalına qeyd elə.

Vəssalam-şüttəmam.  Süjetlər də ki, necə süjetlər.  Maraqla baxırdın. Sonda da heyfslənirdin ki, bəs niyə tez qurtardı.  Özü də ki, hər şeyə mız qoyan mən və ya biz bu videomateriallarda nəyəsə qulp qoya bilmirdik.  “Aaa... bu ki, məşhur şirkətdir?”. Və ya  “aaa... bu bankın müdirindən görəsən İbrahim nə qədər pul alıb?”.
Göndərilən süjet və reportajlarda bir dənə də “məna çıxarılacaq”neqativ obyekt, nöqtə də yox idi.  Bu nə demək idi? Bu o demək idi ki, İbrahim  Nəbioğlu  nəinki AzTV-ni, Azərbaycanı layiqincə təmsil edir.  Rusiya müxbiri kimi varlı diaspor rəhbərlərindən, bazarlardan süjet hazırlamır.  Özü də ki, onun familiyasını bilmirdim.  İllər keçəndən sonra bir xoş təsadüf nəticəsində bildim.

Günlərin bir günü yenə növbətçiydim.  Sədrin otağından zəng etdilər ki,  bəs faksla prezident sərəncamı gəlib. Onu da xatırladım ki, o vaxtlar prezident sərəncamları birinci AzTV-yə verilirdi. Özü də ki, 20.00 “Xəbərlər”inin başlanmasına 20-10 dəqiqə qalmış. Bəziləri efir gedə-gedə gəlirdi. Kimi işdən çıxarıblar, kimi işə qoyublar... Kimə fəxri ad, orden veriblər... O qədər adam muştuluqlamışam ki... Tez getdim götürdüm.  Heç köməkçi də demədi ki, kimin sərəncamıdır. Mən də oxuyub tanımadım. “İbrahim Nəbi oğlu Yaqubov İstanbul Baş konsulu təyin edilsin”. Atasının adına da fikir vermədim. Sərəncamı gətirib baş redaktorun müavini Mülatif Adurova verdim. 

- Mülatif müəllim,  İbrahim Yaqubovu İstanbula Baş konsul təyin ediblər. Tanımırsan?


Mülatif müəllim gülümsündü.

- Mahir, bizim İbrahimdir də... İbrahim Nəbioğlu.  Zəng vurub təbrik edək.


Mülatif müəllim Türkiyəni yığdı. Və adətincə mövzuya birbaşa keçmədi. Başladı “ürək çəkməyə”. Ki, görəsən İbrahimin xəbəri var, ya yox?

–       İbrahim,  salam. Necəsən?

–       ........

–       Şükür Allaha, salamatçılıqdır. Nə vaxt material göndərəcəksən?

–       .........

–       Mahir,  –  deyə Mülatif müəllim dəstəyi ağzından uzaqlaşdırıb astaca, –  İbrahim deyir ki, sabah filan beynəlxalq tədbir var, həftəsonu da filan. Vaxtında çatdıracağam. Deyəsən bunun xəbəri yoxdur.  – deyib dəstəyi yenidən qulağına yaşışdırdı. – İbrahim təbrik edirəm. Səni İstanbula Baş konsul təyin ediblər.

Sonra telefon dəstəyini mənə verdi. Təbrik etdim. Xəbəri yox idi bu sərəncamdan. Ulu öndər Heydər Əliyevin bu qiymətindən. Heydər Əliyev isə hər adama elə-belə qiymət verməzdi. Beləcə, AzTV İbrahim Nəbioğlu kimi orijinal, qiymətli bir kadrını itirdi. Amma  xoş səsini eşidirdik. Konsulluqdan sonra növbəti mərhələ “Palmali” Şirkətlər Qrupunda vitse-prezidentlik oldu. Hərdən Torqovıda gəzişərkən rastlaşıb, görüşürdük. Atama salam göndərirdi, sonrakı illərdə isə rəhmət. Deyirdi ki, mənim atamla, qaynatamla çox yaxın olub. Amma bu yaxınlığın nə olduğunu demirdi. Mənimçün də bu, qeyri-adi bir şey deyildi. Çünki atamın heç vaxt düşməni olmayıb. Hamıyla dost-yoldaş olub. Nəbi kişi rəhmətə gedəndə hüzr məclisində iştirak etdiyini eşidəndə, ora gedə bilməyən mən, iş yoldaşı kimi xəcalət çəkmişdim.

Aylar keçdi, illər dolandı. Mən də AzTV-dən ayrılmışdım. Nəhayət “Feysbuk” kimi bir məkana üzv oldum. Məsafələrin çox qısa olduğu bu virtual məkanda ilin çox vaxtını Türkiyədə olan İbrahimlə dostlaşdıq. Görmüşük ki, insanı qiyabi tanıyasan. Sonra isə əyani. Burda əyanilikdən virtuala addım atdıq. Maraqlı statuslar yazır.  Türkiyədə baş verən hadisələrə münasibətini bildirir. Bu məlumatlar içində “Palmali” Şirkətlər Qrupunun nailiyyətləri də yer alır. Əsasən də hər hansı bir gəmi suya buraxılanda. Bax burda mənim yaram təzələndi. Atam 10 ildir rəhmətə getməsinə baxmayaraq, xatirəsinin əbədiləşdirilməsi gecikir. Bu təkcə Qabilə olan subyektiv münasibət deyil. Ümumi bir problemdir. Yeni, heç kimin adı verilməyən  küçə və məktəb qıtlığı var Bakıda. Dünyasını dəyişən məşhurlar isə çox.




Mən də İbrahim Nəbioğlu bölməsində Azərbaycanın görkəmli şəxsiyyətlərindən birinin adına verilmiş yeni tankerin fotosunu görəndə... Özü də ki, içkiliydim. Balaca bir iynəli şərh yazdım: “Mən də vəzifəli olsaydım, atamın adına gəmi olardı”.  Gözləyirdim ki, belə bir cavab gələcək: “Mahir, yekə oğlansan. Bu nədir yazmısan?”. Amma İbrahim Nəbioğlu “Ola bilməz. Ola bilməz ki, Qabilin adına gəmi yoxdur. Sən bunu Xəzər Dəniz Gəmiçiliyi ilə araşdır” cavabı yazdı. Dedim ki, yoxdur. Olsaydı suyaburaxılma mərasiminə çağırardılar.

Yazışma bununla da bitdi. Bu söhbət 2015-ci ilin fevralında baş verdi.  Biz görmüşük ki, 1 apreldə adamı aldadarlar. Amma İbrahim müəllim iki aydan sonra –1 apreldə xəbər verdi ki, bəs “Mübariz Mənsimovun əmriylə Xalq şairi Qabilin adı 7100 tonluq yeni tankerimizə verildi. Adını da ingiliscə “Poet Qabil” qoyduq ki, hamı anlasın”.
Bütün bu proseslər iki ay ərzində baş verdi. Müqayisə xoşlayanam. Burda lap yerinə düşür. Bakıda yerli icra orqanları 1,5x0,5 ölçüdə bir xatirə lövhəsini Qabilin yaşadığı evin divarına vurmağa xüsusi göstəriş gözləyirlər...


İbrahim müəllimin bir xüsusiyyətindən də xoşum gəldi ki, minnət qoymağı sevmir. Yazdığı məktubda bunu bir daha sübut etdi:

“Sən çox xeyirli evladsan və sənin alicənablığın, tərbiyən və abırın, səmimi deyirəm, bir örnəkdir hamıya...

Yəni, sənə hörmətimə şübhə etmə....

Amma,inan ki, Qabil məsləsində sən əsas deyilsən....

Əsas olan onun öz böyük adıdır.....

Allah ona qəni-qəni rəhmət eləsin.....”

 

Bu gün İbrahim Nəbioğlunun 55 yaşı tamam olur. Sağ olsun “Feysbuk”u ki, bunu xəbər verdi. Ona hamı kimi atəşin təbriklər yaza, hətta böyük gül çələngi, odekolon, viski, hətta bahalı avtomobil də hədiyyə edə bilərdim. Əlbəttə ki, virtual. Bu baxımdan “Feys”in imkanları çox böyük və zəngindir. Amma “Yazılan söz yadigardır” deyimindən çox xoşum gəlir. Şirin xatirələrin ürəkdə yatmasını istəmədim. Baxmayaraq ki, mənim yaz-pozumdan çox da xoşu gəlmir İbrahim Nəbioğlunun. Dünyanın müasir və klassik ədəbiyyatını sistematik izləyib, oxuyan İbrahim müəllim mənə “Mahir, 70-ci illər səviyyəsində yazırsan e… Çoxlu mütaliə elə” deyir.  Amma hansı əsrin 70-ci illərini nəzərdə tuturdu, demədi. Yəqin 19-cu əsrin 70-ci illərini nəzərdə tuturmuş. Dostoyevski, Tolstoy əsrini.

Bu qədər. Keçmiş iş yoldaşım, həmkarım, xeyirxahım, bir yazımda qeyd etdiyim kimi,  Qabilə mənəvi övladlıq eləyən İbrahim Nəbioğlu, 55 yaşın, Yubileyin mübarək!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qarabağa görə özünü qurban verən Abakar - FOTO 30 Noyabr 2020, 18:32 Türkmən Həkimləri Dərnəyinin sədri İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 18:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO 30 Noyabr 2020, 18:14 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ 30 Noyabr 2020, 18:05 İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident 30 Noyabr 2020, 17:59 Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?