Modern.az

Müstəqillik diktə yox, qarşılıqlı hörmətdir

Müstəqillik diktə yox, qarşılıqlı hörmətdir

Ölkə

Bu gün, 21:59

Beynəlxalq münasibətlərdə ən böyük ziddiyyətlərdən biri dövlətlərin bərabərliyi prinsipinin kağız üzərində hamı tərəfindən qəbul edilməsi, real siyasi davranışda isə bu prinsipə heç də həmişə əməl olunmamasıdır. Bəzi ölkələr öz siyasi seçimlərini suveren qərar kimi təqdim edir, başqalarının seçimlərinə gəldikdə isə onlara istiqamət göstərmək, hətta nə etməli olduqlarını diktə etmək hüququna malik olduqlarını düşünürlər. Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda məhz bu ziddiyyətin mahiyyətinə toxundu və bildirdi ki, müasir dünyada ikili standart həm də başqasının həyatına müdaxilə etmək, ona necə yaşamağı öyrətmək iddiasıdır.

Dövlət başçısının “güzgüyə baxmaq” çağırışı bu baxımdan siyasi ritorikadan daha artıq məna daşıyır. Güzgü insanı əvvəlcə öz davranışına nəzər salmağa məcbur edir.

Dövlətlərarası münasibətlərdə də eyni meyar keçərlidir: başqasından tələb etdiyin davranışa özün də hazır olmalısan. Çünki bir ölkənin başqa ölkənin daxili işlərinə münasibəti ilə diktə etmək cəhdi arasında mühüm fərq var. Dialoq, fikir mübadiləsi və qarşılıqlı tənqid beynəlxalq münasibətlərin təbii hissəsidir. Lakin dialoq bərabər tərəflər arasında baş verir, diktə isə tərəflərdən birinin özünü digərindən üstün tutması ilə başlayır.

Prezident İlham Əliyevin vurğuladığı sərhəd də budur: fikir bildirmək başqa, müstəqil dövlətin seçimlərini öz iradəsinə uyğunlaşdırmağa çalışmaq bir başqa məsələdir. Əlbəttə ki, bu fərqin qorunması vacibdir. Çnki müasir dünyada siyasi təzyiq hər zaman açıq ultimatum formasında görünmür. Bəzən o, “məsləhət”, “dərs vermək”, “düzgün yolu göstərmək” və ya hansısa ölkənin daxili proseslərinə qiymət vermək adı altında təqdim olunur. Əgər bu yanaşmanın arxasında üstünlük iddiası dayanırsa, onda söhbət tərəfdaşlıqdan yox, paternalizmdən gedir. Heç bir dövlət özünü başqa xalqların siyasi yetkinliyini müəyyən edən müəllim, digərlərini isə daim dərs almalı şagird hesab etməməlidir.

İkili standartın təhlükəsi yalnız ədalətsiz qərar və ya qərəzli qiymətləndirmə ilə məhdudlaşmır. O, beynəlxalq münasibətlərin əsas kapitalı olan etimadı zəiflədir, qaydaların hamı üçün eyni olmadığı təsəvvürü yaranır. Qaydalar seçmə qaydada tətbiq ediləndə onların legitimliyi sual altına düşür. Nəticədə beynəlxalq institutlara, siyasi bəyanatlara və ümumi prinsiplərə inam azalır. Belə şəraitdə dövlətlər ortaq qaydaları müdafiə etmək əvəzinə, özlərini mümkün təzyiqlərdən qorumağa, alternativ tərəfdaşlıqlar qurmağa və siyasi manevr imkanlarını genişləndirməyə çalışırlar. Bu, beynəlxalq əməkdaşlığı çətinləşdirir, qarşıdurma risklərini artırır. Deməli, ikili standart təkcə bir ölkəyə qarşı ədalətsizlik deyil, bütövlükdə beynəlxalq sistemin sabitliyinə vurulan zərbədir. Prezidentin hörmətsizlik əlamətlərinə və əsassız üstünlük iddialarına qətiyyətli müqavimət göstəriləcəyini bildirməsi də bu kontekstdə prinsipial mövqenin ifadəsidir. Çünki Azərbaycan başqa dövlətlərin daxili işlərinə müdaxilə etmir, özünə qarşı da eyni münasibəti gözləyir. 

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlərin xalqın öz zəhməti hesabına qazanılması, ölkənin beynəlxalq yardım almadan dağıntılardan, işğaldan və geniş yayılmış yoxsulluqdan tərəqqiyə doğru yol keçməsi barədə vurğu da xüsusi əhəmiyyət daşıyır. Bu fikir inkişafın arxasında yalnız iqtisadi göstəricilərin deyil, milli iradənin, zəhmətin və məsuliyyət hissinin dayandığını önə çıxarır. Çoxları xatırlayır ki, müstəqilliyin ilk illərində müharibənin ağır nəticələri, ərazilərin işğalı və sosial-iqtisadi problemlər Azərbaycanın qarşısında mürəkkəb vəzifələr qoymuşdu. Bu şəraitdən inkişaf mərhələsinə keçid yalnız bir göstərici ilə ölçülə bilməz. Burada dövlət institutlarının qurulması, iqtisadi potensialın səfərbər edilməsi, infrastrukturun yenilənməsi, insan kapitalının inkişafı və milli məqsədlər ətrafında səfərbərlik kimi bir-birini tamamlayan amillər var. Prezidentin fikrində əsas mesaj budur ki, ölkənin bugünkü mövqeyi hazır şəkildə təqdim edilmiş imtiyazın deyil, uzunmüddətli zəhmətin nəticəsi kimi dəyərləndirilməlidir.

Bu fikilər Azərbaycanın xarici tərəfdaşlarla əməkdaşlığının əhəmiyyətini inkar etmir, milli inkişafın əsas məsuliyyətinin ölkənin öz üzərinə düşdüyünü xatırladır. Burada suverenliklə inkişaf arasında birbaşa əlaqə görünür. Öz yolunu seçmək hüququ yalnız siyasi bəyanatla möhkəmlənmir, o yolun möhkəm iradə və təşkilatlanma ilə keçildiyini göstərir. Bununla belə, Azərbaycan dövləti milli nailiyyətləri ilə üstünlük iddiası irəli sürmür, öz xalqının həyatını yaxşılaşdırmaq və bərabərhüquqlu əməkdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir. Bu mənada Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq münasibətlər üçün üç əsas meyarı önə çıxarır: suverenliyə hörmət və ikili standartlardan imtina. Bu meyarlar sadə görünsə də, onların ardıcıl tətbiqi bir çox münaqişənin qarşısını ala, siyasi gərginliyi azalda bilər. Dövlətlər bir-birinin daxili seçimlərinə hörmət etdikdə, fikir ayrılıqlarını təzyiq vasitəsinə çevirmədikdə və eyni qaydalar hamıya tətbiq olunduqda əməkdaşlıq üçün daha sağlam zəmin yaranar. Əlbəttə, beynəlxalq siyasətdə maraqların toqquşması qaçılmazdır. Dövlətlər hər məsələdə eyni mövqedə dayana bilməz. Lakin fikir ayrılığı qarşı tərəfin suveren hüquqlarını inkar etməyə əsas vermir. Əksinə, yetkin diplomatiyanın göstəricisi fikir ayrılıqlarını güc nümayişi ilə deyil, hüquqi mexanizmlər və qarşılıqlı fayda əsasında idarə etmək bacarığıdır.

Dünya bu gün çoxsaylı münaqişələr, etimad böhranı və geosiyasi rəqabətlə üz-üzədir. Belə bir şəraitdə hər kəsin başqasına dərs verməyə çalışması problemləri həll etmir, əksinə onları dərinləşdirir. Dövlətlər bu sadə həqiqəti qəbul etsələr, beynəlxalq münasibətlərdə problemlər tamamilə yox olmasa da, onları həll etmək üçün daha əlverişli mühit yaranar. Çünki sülhün və əməkdaşlığın təməlində hamının eyni düşünməsi yox, bir-birinin fərqli seçimlərinə hörmət etmək dayanır. 

Yunis Orucov

əməkdar jurnalist

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...