Modern.az

Deputat Fuad Muradovun köməkçisi Heydər Atayev: «Seçicilər hələ ki, deputat köməkçisi institutunu qəbul etmirlər»

Deputat Fuad Muradovun köməkçisi Heydər Atayev: «Seçicilər hələ ki, deputat köməkçisi institutunu qəbul etmirlər»

7 Sentyabr 2009, 12:14

 

Deputat köməkçisi institutu ölkəmizdə yeni təsisatlardandır. Xarici təcrübəyə əsaslansaq, deputat köməkçisi olmaq deputatlıqdan xeyli çətindi. Azərbaycanda isə bu məsələ hələ ki, o qədər də çətin qulluq kimi qəbul olunmur. Bəs, gerçəklik nədən ibarətdir? Modern.az bu suala cavab tapmaqdan ötrü oxuculara “Deputat köməkçiləri” adlı rubrika təqdim edir. Beləliklə “Deputat köməkçiləri” rubrikasının qonaği millət vəkili Fuad Muradovun köməkçisi Heydər Atayevdir.

- Deputat köməkçisi olmağın asan və çətin tərəfləri nədir?
- Biz Azərbayan parlamentarizm tarixində ilk deputat köməkçiləriyik. Deputat köməkçisi institutu Azərbaycanda yeni yaradıldığı üçün burada müəyyən problemlərin olması təbiidir. Təzə vaxtlar işin necə, hansı istiqamətdə qurulması müəyyən çətinliklər yaradırdı. Milli Məclisin deputat köməkçiləri üçün xüsusi olaraq kurslar təşkil etməsi işimizin müəyyən qədər də, olsa asanlaşmasında mühüm rol oynadı. Bu seminarlar indi də davam etdirilir. Amma bütün bunlarla yanaşı, müəyyən çətinliklərimiz var. Seçici hələ ki, problemlərinin həll edilməsində deputat köməkçisini bir vasitə kimi görmür. Onlar öz deputatlarını görmək istəyirlər. Seçicilərə deputat köməkçilərinin kim olması hələ ki, tam çatmır, bir sözlə, köməkçiləri qəbul etmirlər. Bu, bizim çətinliklərimizdən birdir. Məsələnin həll edilməsi bizdən asılıdır. Əgər biz deputat köməkçisi kimi seçicilərin problemini millət vəkilinə vaxtında çatdıra bilsək və onun həlli istiqamətində müəyyən addımlar atsaq, o zaman seçicilərimiz bizi qəbul edər. Həm də deputata nisbətən köməkçi daha əlçatandır.
- Necə oldu ki, Fuad Muradov sizi özünə köməkçi götürdü?
- Fuad müəllim Gənclər Təşkilatları Milli Şurasında katibliyi quran zaman mən həmin qurumun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışırdım. 2004-cü ildə Fuad müəllim bu təşkilatın sədri seçildikdən sonra məni müavin vəzifəsinə gətirdi. Fuad müəllimlə 10 ilə yaxındır ki,  tanşılğımız var. O, deputatlığa namizədliyini irəli sürərkən təbliğat-təşviqat kampaniyasını aparan qrupda mən də vardım. Biz kampaniyanı çox uğurla quraraq Fuad müəllimin qələbə qazanmasında mühum rol oynadıq. Məhz fəallığım nəticəsində Fuad müəllim məni özünə köməkçi götürdü.
- Deputat köməkçisi kimi əsas işiniz nədən ibarətdir?
- Əsas işimiz seçicilərin qarşılaşdığı probləmlərlə maraqlanmaq, bunu deputatın diqqətinə çatdırmaq və həll etməkdən ibarətdir. Həftədə bir dəfə millət vəkili Fuad Muradov ofisimizdə seçiciləri qəbul edir. Bundan başqa, ayda bir dəfə seçicilərlə yerlərdə görüşüb, onların problemlərilə maraqlanırıq.
- Seçicilərlə deputat arasında vasitəçilik çətin deyil ki?
- Əslində vasitəçilik çətin deyil. Lakin əvvəlcə qeyd etdiyim kimi, seçicilər öz deputatlarını görmək istəyirlər. Rayonda ofisi olan millət vəkillərinin işi bir qədər asandır. Məhz deputat köməkçisi əsas iş vaxtını orada keçirir.
- Fürsətdən istifadə edib şəxsi işlərinizi də həll edirsinizmi?
- Heç vaxt vəzifədən sui-istifadə etməmişəm. Hesab edirəm ki, mən millət vəkilinin güzgüsüyəm. Atdığım addımlar onun elədiyi hərəkətlər, sözüm onun sözüdür. Odur ki, heç zaman səlahiyyətlərimi aşmaq haqqında fikirləşməmişəm.
- Fuad müəllimlə aranızda problemlərin yarandığı hal olubmu?
- Əlbəttə, çox olub. Desəm ki, deputatlıq fəaliyyətilə bağlı olur, bu yalan olar. Problem yarandığı hallar əsasən gənclər sahəsindəki fəaliyyətlə bağlıdır. Bu sahədə aparılan işlər zamanı bəzən sözlərimiz üst-üstə düşmür. Bizim komanda bir ailədir və ailədə problem hər zaman olur. Amma bunu gizlətmirəm ki, mübahisələr zamanı üstünlük hər zaman Fuad müəllimin tərəfində olub.
- Digər deputat köməkçilərilə münasibətləriniz hansı səviyyədədir?
- Mənim şəxsən əlaqə qurduğum deputat köməkçiləri gənc millət vəkillərinin köməkçiləridir. Bununla yanaşı, gənc köməkçilərlə də əlaqələrim var. Çünki bizim fikirlərimiz bir-birinə yaxındır. 
- Deputat köməkçisi institutunun ümumi fəaliyyəti sizi qane edirmi?
- Deputat köməkçisi institutu hələ ki, yenidir. Yəqin ki, gələcəkdə bu institut fəaliyyətini daha da genişləndirəcək. Ancaq bu bir faktdır ki, Azərbaycanda deputat köməkçisi işini daha yaxşı bilən gənclərdir.
- Dünyanın əksər böyük ölkəsində rəhbər vəzifədə işləyənlər vaxtilə deputat köməkçisi olublar. Perspektivdə nə görünür?
- Düzdür, yüksək vəzifədə çalışanların əksəriyyəti deputat köməkçisi kimi fəaliyyət göstərib. Bəzən biz buna ciddi yanaşırıq. Lakin hansı vəzifədə çalışmaqdan asılı olmayaraq, qarşıya məqsəd qoyulan zaman istənilən yüksəkliyi əldə etmək olar. Bütün bunlar insanın özündən asılıdır.

Aqil LƏTİFOV

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir