Modern.az

Siyasətdən gedənlər: Deputat, rektor, nazir oldu - İndi nə iş görür?

Siyasətdən gedənlər: Deputat, rektor, nazir oldu - İndi nə iş görür?

Reportaj

Bu gün, 12:01

Azərbaycanın siyasi və dövlət idarəçiliyi tarixində elmdən siyasətə, siyasətdən dövlət idarəçiliyinə, oradan isə yenidən elmə qayıdan kifayət qədər simalar var. Akademik Əli Abbasov da bu sırada yer alır.

O, alim, professor, akademik, universitet rektoru, Milli Məclisin deputatı və 11 il ərzində rabitə və yüksək texnologiyalar naziri olub. 2015-ci ildə nazir vəzifəsindən getdikdən sonra adı həm “Rabitə işi”, həm də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə bağlı cinayət işi çərçivəsində çəkilib. Ə.Abbasov hər iki iş üzrə şahid qismində ifadə verib.

Modern.az saytının “Siyasətdən gedənlər” rubrikasında Əli Abbasovdan bəhs edirik.

Alimlikdən rektorluğa

Əli Məhəmməd oğlu Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.

1976-cı ildə Moskva Energetika İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirib. Elmi fəaliyyətə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlayıb. Sonrakı illərdə laboratoriya müdiri, baş mühəndis və direktor vəzifələrində çalışıb.

1981-ci ildə texnika elmləri namizədi, 1994-cü ildə texnika elmləri doktoru, 1996-cı ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Rəsmi bioqrafiyasında onun əsas elmi istiqamətləri informasiya emalı, idarəetmə sistemləri, kompüter şəbəkələri və süni intellektlə əlaqəli sahələrlə bağlanır.

Əli Abbasovun karyerasında növbəti mühüm mərhələ Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə bağlıdır. 2000-ci ildə universitetə rektor təyin olunub.

Məhz rektorluq illərində onun siyasi fəaliyyətinin də yeni mərhələsi başlayıb.

Deputatlıq və AŞPA


2000-ci il noyabrın 5-də keçirilən parlament seçkilərində Əli Abbasov 28 saylı Səbail seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Parlamentdə Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında fəaliyyət göstərib, eyni zamanda Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətində təmsil olunub.

Beləliklə, bir neçə il ərzində Əli Abbasov həm universitet rəhbəri, həm deputat, həm də beynəlxalq parlament platformasında Azərbaycanı təmsil edən siyasətçi kimi fəaliyyət göstərib.

Lakin onun siyasi karyerasının ən uzun mərhələsi hələ qarşıda idi.

11 il rabitə naziri

2004-cü ildə Əli Abbasov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunub. Elə həmin vaxtda da rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

O, 2015-ci ilə qədər – təxminən 11 il bu vəzifədə qaldı.

Bu dövr Azərbaycan üçün rabitə və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi mərhələlərdən biri idi. Sonrakı rəsmi bioqrafiyalarda Ə.Abbasovun Azərbaycanın internet infrastrukturunun yaradılmasında, müxtəlif avtomatlaşdırılmış idarəetmə və informasiya sistemlərinin inkişafında iştirak etdiyi qeyd olunur.

Lakin 2015-ci ilin payızı onun siyasi karyerasında dönüş nöqtəsinə çevrildi.

Həmin ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında ciddi hadisələr baş verdi, nazirliyin bir sıra yüksək vəzifəli şəxsləri həbs edildi. Paralel olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan bəzi strukturlarda da həbslər həyata keçirildi.

Əli Abbasov isə həmin vaxt vəzifəsindən çıxarıldı.

2015-ci il noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edildi.

Nazirlikdən sonra adı iki böyük cinayət işində çəkildi


Əli Abbasovun fəaliyyətində sonrakı ən çox müzakirə olunan məqam məhz budur.

Onun adı əvvəlcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə proseslərində hallandı.

2016-cı ilin noyabrında Baş Prokurorluq xüsusi açıqlama yayaraq Əli Abbasov barəsində ayrıca cinayət işi başlanması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirdi. O zaman məlum oldu ki, sabiq nazir istintaq zamanı yalnız şahid qismində dindirilib.

Əli Abbasovun adı təkcə “Rabitə işi”ndə yox, MTN generallarının cinayət işi üzrə istintaq materiallarında da keçirdi.

2016-cı ilin sonunda onun həmin iş üzrə də şahid qismində verdiyi ifadənin bəzi hissələri mediada yayımlandı. Məlum oldu ki, ifadəsində Abbasov Eldar Mahmudovun onun işlərinə müdaxilə etmək cəhdlərini gördüyünü və yaxın münasibətdən qaçmağa çalışdığını deyib.


Siyasətdən sonra yenidən elmə qayıtdı

Nazirlikdən getdikdən sonra o, siyasi və dövlət idarəçiliyindən tamamilə yox olmadı, amma əsas fəaliyyət istiqamətini yenidən elmə çevirdi.

2017-ci ildə AMEA prezidentinin müşaviri, 2020-ci ildə AMEA Yüksək Texnologiyalar Parkının direktoru oldu.

2021-ci il yanvarın 22-dən hazırda Elm və Təhsil Nazirliyinə tabe olan İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edildi. Akademik hazırda da bu vəzifəni daşıyır. Elm və texnologiya sahəsində fəaliyyətini davam etdirən Abbasov süni intellekt, idarəetmə sistemləri və informasiya texnologiyaları istiqamətlərində elmi-tədqiqat işlərinə rəhbərlik edir.

Bununla yanaşı o, hazırda həm də Odlar Yurdu Universitetində İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik kafedrasının müdiri vəzifəsində çalışır, universitetin elmi və tədris fəaliyyətində iştirak edir.

Beləliklə, siyasətdən gedən Əli Abbasov elmdən getmədi… Bir vaxtlar rektor, deputat və nazir kimi dövlət idarəçiliyində təmsil olunan Əli Abbasov bu gün fəaliyyətini əsasən elm, texnologiya və idarəetmə sistemləri sahəsinə yönəldib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?