Modern.az

"Buraya gələndə elə bildim 9 yaşlı uşağam" - Xocalıya qayıdan Ləfxanım

"Buraya gələndə elə bildim 9 yaşlı uşağam" - Xocalıya qayıdan Ləfxanım

Qarabağ

Bu gün, 16:49

Çingiz Mustafayevin lentə aldığı kadrlarda soyuqdan donmuş ayaqları, qorxu dolu baxışları ilə görünən bir uşaq vardı. O görüntülərdən sonra illər keçdi. Ləfxanım böyüdü, ailə qurdu, övladları oldu. Amma Xocalıdan çıxan 9 yaşlı qızın xatirələri onunla qaldı.

İndi Ləfxanım yenidən Xocalıdadır. Bir vaxtlar ailəsi ilə tərk etmək məcburiyyətində qaldığı şəhərdə ona ev verilib. O, doğma torpağına qayıtmağın sevincini Modern.az-la bölüşüb.

Ləfxanım Xocalıdan atası, anası, bacı və qardaşları ilə birlikdə çıxdığını deyir. İllər sonra yenə ailəsi ilə bu torpağa qayıtmaq onun üçün ən böyük təsəllilərdən biridir.

Ancaq qayıdış keçmişi unutdurmayıb. Xocalıdan çıxandan sonra yaşadıqları ağır günləri xatırlayan Ləfxanım ayaqlarının donduğunu, Bakıya gətirildikdən sonra üç aydan artıq xəstəxanada qaldıqlarını bildirib. O dövrün ağrısı bu gün də səsində hiss olunur:

“Çox çətinliklərimiz oldu. Xəstəxanada yatdıq, ayaqlarımızın donması və kəsilməsi ilə bağlı ağır günlər yaşadıq. Şükür ki, bu gün öz torpağımıza qayıtmışıq. Bu sevinc yaşadıqlarımızı az da olsa unutdurur”.

Ləfxanım köçməzdən əvvəl Xocalıya bir neçə dəfə gəlib. Sonra burada işlə təmin olunub və iki ildir şəhərdə yaşayır. Bu gün isə yaşadığı yer onun ailəsinin də evidir.

Doğma şəhərə ilk gəlişi fevral ayına, Xocalı faciəsinin ildönümünə təsadüf edib. Ayaq basdığı torpaq ona həm qayıdış sevincini, həm də uşaqlığının ən ağır gününü xatırladıb.

“Bu torpağa gələndə keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Sevincimin həddi-hüdudu yox idi. Amma çəkdiyimiz əzablar da gözümün qarşısına gəldi. Bir anlıq elə bilirdim, yenə 9 yaşlı Ləfxanımam. Həftələrlə özümə gələ bilmədim. Sonra dönə-dönə şükür etdim ki, həyat davam edir və mən bu gün Xocalıdayam”.

Qayıdanda uşaqlıq evini viran vəziyyətdə görüb. Xatirəsində gözəl bir şəhər kimi qalan Xocalını əvvəlcə tanıya bilmədiyini söyləyir. İndi şəhərdə aparılan quruculuq işlərini gördükcə gələcəyə daha böyük ümidlə baxır.

Yeni evinə köçdüyü günün kiçik bir xatirəsi də var: qonşularından biri çay, digəri şirniyyat gətirib. 

“İstəyirəm ki, övladlarım, nəvələrim bu torpaqda şad, firavan yaşasınlar. Bəlkə 9 yaşlı Ləfxanımın acıları da az da olsa rahatlıq tapar”, — o deyir.

Çingiz Mustafayevin çəkdiyi uşaqlıq görüntülərinə baxmaq isə ona hələ də ağır gəlir. Ləfxanım bildirir ki, həmin kadrlar Xocalıda uşaqların və ailələrin yaşadıqlarının şahididir.

Onun iki adı var. Ləfxanım ata nənəsinin adıdır. Bakıda xəstəxanada müalicə olunduğu vaxt qadın həkimlərdən biri ona nərgiz gülü gətirib, adının da Nərgiz olmasını təklif edib. Sonradan sənədlərində Nərgiz yazılıb.

“Sənədlərdə Nərgiz olsam da, Ləfxanım adını daşımaq mənim üçün qürurdur. Hamı məni Ləfxanım kimi tanıyır”.

İllər əvvəl kameranın yaddaşına qorxmuş bir uşaq kimi həkk olunan Ləfxanım indi Xocalıda öz evinin qapısını açır. Onun ən böyük arzusu bu qapıdan övladlarının və nəvələrinin rahat, xoşbəxt bir həyata çıxmasıdır.

 

 

Sizə yeni x var
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?