Deputatlar üçün aylıq pensiya əlavəsinin məbləği konkret vəzifə üzrə müəyyən ediləcək.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya qanunvericiliyinə dəyişikliklərlə bağlı layihələri təqdim edərkən bildirib.
Komitə sədrinin sözlərinə görə, aylıq pensiya əlavəsi inzibati vəzifələrin təsnifatı, eləcə də siyasi vəzifəli şəxslər, deputatlar, Mərkəzi Seçki Komissiyasının üzvləri, ombudsman, Hesablama Palatasının üzvləri və diplomatik xidmət əməkdaşları üçün konkret vəzifələr üzrə müəyyən ediləcək.
Musa Quliyev bildirib ki, xüsusi şərtlərlə pensiya alan bu şəxslərin pensiyası ilə əməkhaqqı arasındakı əlaqə aradan qaldırılacaq. Pensiya fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsasında hesablanacaq, onunla yanaşı aylıq pensiya əlavəsi ödəniləcək. Bu əlavə hazırda tətbiq olunan qulluq stajına görə əlavəni əvəz edəcək.
Komitə sədrinin sözlərinə görə, dəyişiklik pensiyaların elektron qaydada, hər hansı ünvana getmədən təyin edilməsinə imkan verəcək.