Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a geniş müsahibə verib. Deputat aqrar qanunvericilikdən və fermerlərə subsidiyalardan danışıb, taxıl idxalı, ət qiymətləri, su qıtlığı və qida təhlükəsizliyi ilə bağlı sualları cavablandırıb. O, komitə daxilində münasibətlərə aydınlıq gətirib.
– Tahir müəllim, uzun illərdir Milli Məclisdəsiniz. Hazırda insanların gündəlik həyatı üçün çox vacib olan aqrar sahə üzrə komitəyə rəhbərlik edirsiniz. Mövcud qanunvericilik kənd təsərrüfatının inkişafına kifayət edirmi?
– Zaman keçir, dəyişikliklər qarşımıza yeni tələblər qoyur. Sözsüz ki, bu tələblər yeni qanunvericilik aktlarının hazırlanmasını, mövcud qanunların təkmilləşdirilməsini zəruri edir. Qanunlar müasirləşməlidir. Cənab Prezident də kənd təsərrüfatı ilə bağlı müşavirədə buna toxundu. Dövlət proqramlarında da həmin vəzifələr öz əksini tapır.
Mən ötən illər ərzində aqrar sahəyə aid qəbul olunmuş aktları diqqətlə izləyirəm. Söhbət yüzlərlə qanundan, qanunlara əlavə və dəyişiklikdən, digər normativ sənədlərdən gedir. Ancaq sənədin çox olması o demək deyil ki, iş bitib. Vaxtilə qəbul olunmuş qanun o dövrün tələblərinə cavab verirdi, indi isə başqa münasibətlər yaranıb.
Məsələn, toxumçuluqla bağlı əvvəl də qanun var idi. Yeni layihəyə baxanda görürsən ki, beynəlxalq əlaqələrimiz genişlənib, qoşulduğumuz konvensiyalardan və proqramlardan yeni vəzifələr irəli gəlir. Bunlar qanunda əks olunmalıdır ki, nə dövlət orqanı, nə də sahibkar sual qarşısında qalmasın.
– Bu ssesiyada komitənizdə müzakirə olunan “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi fermerə nə verəcək?
– Əsas məsələ fermerin maliyyə vəsaitinə vaxtında çıxışıdır. Fermerə pul məhsulu yığıb qurtarandan sonra lazım deyil, axı. Torpağı vaxtında şumlamalıdır, gübrəni vaxtında almalıdır, suvarmanı vaxtında aparmalıdır. Pul gecikəndə bunların hamısında problem yaranır.
Pambıqçılıqda buna bənzər münasibətlər bir neçə ildir var. Fermer məhsulu alan şirkətlə müqavilə bağlayır, müəyyən texnika, gübrə və digər vasitələr əldə edir. Ancaq dəstək gecikəndə fermer yenə çətin vəziyyətdə qalır. Məhsul şəhadətnaməsi ona gələcək məhsulu hesabına maliyyə əldə etmək üçün hüquqi imkan yaradır.
Tutaq ki, fermer maliyyə təşkilatından vəsait götürür. O, nə qədər məhsul yetişdirəcəyini, onu nə vaxt və hansı şərtlərlə satacağını, aldığı vəsaiti necə qaytaracağını öhdəsinə götürür. Pulu vaxtında alır, vaxtında da təsərrüfatına sərf edir.
– Bu mexanizmdə fermer üçün risk də var. Məhsulu təhvil verə bilməsə, nə olacaq?
– Əlbəttə, risk və məsuliyyət var. Mən də bunu açıq deyirəm. Fermer öhdəliyi yerinə yetirməsə, borclu qalacaq. Məsələ məhkəməyə qədər gedə, borcun ödənilməsi onun digər əmlakı hesabına tələb oluna bilər. Ona görə də sənədi imzalamazdan qabaq nə qədər məhsul götürə biləcəyini, hansı öhdəlik altına girdiyini hesablamalıdır.
Digər tərəfdən, bu mexanizm keyfiyyətli məhsul istehsalına da sövq edir. Fermer bilir ki, məhsulu bazara çıxarmalı, satmalı və götürdüyü pulu qaytarmalıdır. Əvvəllər bəzi hallarda subsidiya hektara görə verilirdi. Adam deyirdi ki, on hektarda taxıl əkmişəm, pulunu alırdı. Həmin sahədən beş sentner götürəcək, yoxsa əlli sentner – bunun üzərində eyni məsuliyyət yox idi. İndi fermer əvvəlcədən götürdüyü öhdəliyin nəticəsini düşünməlidir.

– Yaxın gələcəkdə daha hansı qanunvericilik təşəbbüslərini gözləyirsiniz?
– Heyvandarlıqla bağlı da yeni qanun layihələri ola bilər. Ümumiyyətlə, aqrar sahənin hansı istiqamətdə inkişaf etməli olduğu aydın göstərilməlidir. Biz köhnə üsulla işləyə bilmərik. Elektron kənd təsərrüfatı var, elektron hökumət var, süni intellektdən danışırıq. Bunların məqsədi kənddə çalışan adamın işini yaxşılaşdırmaqdır.
Aqrar Subsidiya Şurasının qərarları ətrafında da müzakirələr gedir. Bəziləri soruşur ki, niyə daha böyük sahəyə, daha iri təsərrüfata üstünlük verilir? Bu sualı başa düşürəm. Amma xırda, bir-birindən ayrı düşmüş sahələrdə texnikadan, sudan, gübrədən səmərəli istifadə etmək çox çətindir. İri təsərrüfatın məsuliyyəti də böyükdür, onu idarə etmək də asan deyil. Ancaq istehsalı planlaşdırmaq üçün imkanları daha genişdir.
– Torpaq sahələrinin birləşdirilməsi deyiləndə bəzi fermerlər torpaqlarının əllərindən alınacağından narahat olurlar.
– Mən rayonlarda fermerlərlə danışanda da bu sualı verirlər: “Torpaqlarımızı birləşdirib alacaqlar?” Deyirəm, əvvəl qanunun nə dediyinə baxaq. Məqsəd fermerin ayrı-ayrı yerlərdə olan sahələrindən daha səmərəli istifadə etməsidir.
Torpaq bölgüsü vaxtı ədalət prinsipi gözlənsin deyə bir adama müxtəlif yerlərdən sahə düşüb. Sonra özü də əlavə torpaq alıb və ya icarəyə götürüb. Nəticədə beş yerdə pambıq əkir. Traktor üç hektarlıq sahəni şumlayır, sonra başqa yerə gedir. Yığım zamanı kombayn da eyni yolu keçir. Suyu bir sahədən o birinə çatdırmaq da vaxt və vəsait aparır, yolda itki yaranır.
Sahələri uyğun qaydada bir yerdə toplamaq mümkün olsa, tutaq ki, fermerin iyirmi hektarı vahid sahədə yerləşsə, onu suvarmaq da, texnika ilə becərmək də asanlaşar. Fermerə bu məsələni izah etmək lazımdır. Narahatlığını dinləmədən “torpaqlar birləşəcək” deməklə olmaz.
– Qanunvericiliyin kömək etdiyini deyirsiniz. Bəs kənd təsərrüfatının indiki vəziyyətindən razısınız? Taxıl idxal edirik, kartofu da xaricdən gətiririk.
– Kartof gətiririksə, kartof da satırıq. Dövlətlər arasında məhsul mübadiləsi var. Biz nefti, qazı və başqa məhsulları satırıqsa, ticarətin qarşılıqlı olduğunu da qəbul etməliyik. Amma sizin ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığınızı başa düşürəm. Bu, strateji məsələdir.
Kənd təsərrüfatında balans olmalıdır. Biz təxminən bir milyon hektarda taxıl əkirik. Torpaqlarımızın bir hissəsi şoranlaşıb, su imkanlarımız məhduddur. Bütün yararlı ərazini taxıla ayıra bilmərik. Bir də taxılın gəlirliliyinə və yaratdığı iş yerlərinə baxmaq lazımdır. Pambıqçılıq, üzümçülük, heyvandarlıq daha çox insanı işlə təmin edə və daha çox gəlir gətirə bilər.
Mən demirəm ki, taxıl lazım deyil. Deyirəm, eyni sahədən daha çox taxıl götürməliyik. Əgər hektardan indiki 32–33 sentner əvəzinə 50 sentner əldə etsək, ehtiyac duyduğumuz məhsulu daha az ərazidə yetişdirə bilərik. Qalan torpağı da başqa sahələrə yönəldərik. Məqsəd sadəcə hektarı artırmaq olmamalıdır, məhsuldarlığı artırmalıyıq.

– Amma taxıl idxalına böyük məbləğdə pul xərcləyirik. Məhsuldarlığı niyə daha sürətlə artıra bilmirik?
– Bunun üçün yaxşı toxum, düzgün əkin vaxtı, aqrotexniki qulluq lazımdır. Yüksək məhsuldarlıq nümunələri var. Ağstafada sınaqdan keçirilən sortlardan danışırlar, ayrı-ayrı təsərrüfatlarda hektardan 50–60 sentner götürüldüyünü görürük.
Öz ailəmdən misal deyim. Oğlum bank sahəsində işləyib, sonradan təsərrüfatla da məşğul olub. Bir qədər meyvə bağı salıb, taxıl, pambıq əkib. Mən ondan taxıl barədə soruşanda dedi ki, yaxşı toxum əldə edib. Məhsul yığılandan sonra danışdıq, hektardan 55 sentner götürdüyünü söylədi. Özü peşəkar taxılçı deyil. Bu, onu göstərir ki, toxuma və qulluğa fikir verəndə nəticə dəyişə bilər.
Əkin vaxtı da çox vacibdir. Taxılı vaxtında əkməsən, sonradan eyni nəticəni gözləmək çətindir. Mənim dediyim odur ki, artıq nəticə verən təcrübələri öyrənib başqa təsərrüfatlara da çatdıraq.
– Deməli, problem fermerlərin yeni üsullara münasibətində dədir?
– Bəli, bu da səbəblərdən biridir. Kooperasiya barədə qanun var, ailə təsərrüfatlarından danışırıq. Ancaq bəzən iki qardaş torpaqlarını birgə becərməyə razılaşmır. Biri o birinə “gəl, birləşdirək, daha səmərəli işləyək” deyir, cavab alır ki, “yox, mən özüm əkəcəyəm”.
Mən Sloveniyada böyük üzüm sahələrinə baxmışdım. Orada torpağın hazırlanması, becərilməsi və fermerlərin birgə işləməsi başqa cür təşkil olunur. Biz də xarici təcrübəyə baxmalıyıq, amma öz şəraitimizə uyğun yol tapmalıyıq. Bir hektarda işləyən adamla böyük təsərrüfat sahibinin imkanı eyni deyil. Birləşmək, ortaq texnika və mütəxəssis xidmətindən istifadə etmək ona görə vacibdir.
– Fermerə hansı toxumu əkməyi, hansı damazlıq heyvanı saxlamağı kim başa salmalıdır? Bütün məsuliyyəti onun üzərinə qoymaq doğrudurmu?
– Yox, hamısını fermerin üzərinə qoymaq olmaz. Aqrar siyasəti həyata keçirən qurumların da işi var. Yerlərdə mütəxəssis olmalıdır. Amma fermer də sahibkardırsa, öz malının, öz əkininin qayğısına qalmalıdır.
Tutaq ki, bir adamın 200, başqasının 500 qoyunu var. Soruşuram: zootexniki varmı? Yoxdur. Baytar həkimi varmı? Yoxdur. Mühasibi varmı? Yoxdur. Bu təsərrüfatın məhsuldarlığını, xəstəlik riskini, gəlirini kim hesablayacaq?
Əgər hərəsinin ayrıca mütəxəssis saxlamağa imkanı çatmırsa, birləşib xidmət ala bilərlər. İki fermer bir baytarla, bir zootexniklə razılaşsın. Müəyyən vaxtlarda təsərrüfata gəlsin, heyvanlara baxsın. Həm iş yeri yaranar, həm fermerin itkisi azalar.
Biz isə bəzən hər şeyi dövlətin üzərinə qoyuruq. Mən heyvanımı saxlayım, satım, qazancını götürüm, baytarın pulunu da, dərmanı da dövlət versin. Niyə? Mən torpaqdan, heyvandan qazanıramsa, o qazancın bir hissəsini yenidən təsərrüfata qoymalıyam.

– Suvarma kanalının çəkilməsi kimi işlərdə də fermerin özünün iştirakını nəzərdə tutursunuz?
– Fermer mənə deyir: “Əlli hektar pambığım var, niyə gəlib kanal çəkmirlər, suyu gətirmirlər?” Deyirəm, düz deyirsən, pambığa su lazımdır. Amma sonra da soruşuram: məhsuldan gəliri kim götürür? Əgər təsərrüfat sənə qazanc verirsə, onun inkişafına sən də sərmayə qoymalısan.
Burada dövlətin vəzifəsi də var, fermerin öhdəliyi də. Biri o birini əvəz etmir. Özəl baytarlıq xidməti mövcuddursa, ondan yararlanmaq lazımdır. Heyvan xəstələnib tələf olandan sonra “niyə baxmadılar?” deməkdənsə, qabaqcadan mütəxəssis çağırmaq daha sərfəlidir.
– Kənd Təsərrüfatı Nazirliyi ilə Aqrar siyasət komitəsinin əməkdaşlığı necə qurulub?
– Komitə sədri seçiləndən çalışmışam ki, nazirliklə, qida təhlükəsizliyi sahəsindəki qurumlarla və digər aidiyyəti təşkilatlarla sağlam iş münasibətimiz olsun. İş planı hazırlayanda aktual mövzuları gündəliyə salırıq, mütəxəssisləri dəvət edirik. Nazirliyin tədbirlərində komitə üzvləri iştirak edirlər, nazirlik nümayəndələri də bizim müzakirələrə gəlirlər.
Əməkdaşlıq olmalıdır. Olmasa, mümkün deyil. Amma kabinetlərdə əməkdaşlıq etməklə məsələ bitmir. Yerlərdə kadr çatışmazlığı varsa, fermer mütəxəssisə çata bilmirsə, buna da baxmalıyıq. Ağcabədi kimi böyük kənd təsərrüfatı rayonunda mövcud mütəxəssislərin sayının ehtiyacı ödəmədiyini demişəm. Ştatlar artırılmalı, kadrlar hazırlanmalıdır.
Fermerlə danışanda da görürsən ki, bəzən özəl xidmətdən yararlanmağa pul xərcləmək istəmir. Deyirəm, cüzi xərci bu gün çəkməsən, sabah heyvanın tələf olanda daha böyük ziyan görəcəksən. Münasibəti də dəyişmək lazımdır.
– Kəndə gedəndə görürük ki, insanlar yumurtanı, göyərtini, kartofu belə mağazadan alırlar. Kənddə təsərrüfatla məşğul olmaq həvəsi azalıb?
– Kəndin yaşayış şəraiti dəyişib. Kəndlərdə villalar, hər qapıda 3-4 maşın var. Qaz, elektrik təminatı yaxşılaşıb. İnsanların daha yaxşı yaşamaq istəməsi təbiidir. Ancaq işgüzarlığa münasibətdə də dəyişiklik var.
Mənim qardaşım təsərrüfatla məşğuldur. Torpağı var, qoyun saxlayır. Səhər tezdən durur, heyvanın yanında olur, işini izləyir. Təsərrüfat belə zəhmət istəyir. Azərbaycanda insanların heç 30 faizi zəhmət çəkmir. İndi kənddə elə gənclər var ki, heyvana yaxın durmaq istəmirlər. Kimsə deyə bilər ki, zaman dəyişib, gənclər əvvəlki işi görməməlidir. Yaxşı, bəs ət, süd haradan gələcək? İstehsalın arxasında insan əməyi dayanır.
Mən hamını eyni cür qiymətləndirmirəm. Çox zəhmətkeş fermerlərimiz, gənclərimiz var. Sadəcə, məhsul istəyiriksə, o məhsulu yetişdirən işə də hörmət etməliyik.

– Quzuların kəsilməsi ilə bağlı fikirləriniz müzakirə doğurmuşdu. Bunun qarşısını inzibati yolla almaq mümkündürmü?
– Bazar iqtisadiyyatında sahibkara birbaşa “quzunu satma” demək olmaz. Mən bunu anlayıram. Amma sahibkarın özünün də sabahı düşünən baxışı olmalıdır. Bu mövzunu illərdir qaldırıram. Sonra bəziləri elə təqdim edir ki, guya Tahir Rzayev insanlara quzu əti yeməyi qadağan etmək istəyir. Mənim dediyim bu deyil axı.
Mən deyirəm ki, sürünü necə artıracağımızı düşünək. Heyvanı erkən yaşda kəsiriksə, yetişdirib damazlıqda saxlamaq barədə də planımız olmalıdır. Bir neçə ildən sonra ana qoyun, bala, süd haradan gələcək? Heyvandarlığı yalnız bugünkü satışla idarə edə bilmərik.
Ətin keyfiyyətində heyvanın yaşı, bəslənməsi, otladığı yer də rol oynayır. Beyləqan, Ağcabədi qoyununun dadından danışanda həmin ərazinin otunu, heyvanın necə saxlandığını da nəzərə alırlar. Bunları mütəxəssislərlə müzakirə edib əsaslandırmaq lazımdır.
– 2026-cı ilin ilk səkkiz ayında kənd təsərrüfatı istehsalı 2,6 faiz artsa da, qida qiymətləri 6,9 faiz yüksəlib. İstehsal artırsa, qiymət niyə daha sürətlə artır?
– Bir tərəfdən də tələbat artır. Ət məhsullarına münasibətimizə baxın. Toy məclisində mal əti, qoyun əti, quş əti, kolbasa – nə qədər məhsul süfrəyə qoyulur. Onun nə qədəri yeyilir, nə qədəri artıq qalır? İsrafçılıq da var.
Bir də hamı müəyyən məhsulu istəyirsə, bu, qiymətə təsir edir. Məsələn, quzu ətinə tələbat yüksəkdirsə, qiymətin artması təəccüblü deyil. İnsanlar istehlak barədə də düşünməlidirlər. Mən hər kəsə nə yeyəcəyini demirəm. Deyirəm, həm istehsala, həm də israfa baxaq.
– “Qiymət artmalıdır” fikriniz vətəndaş üçün ağır səslənir.
– Mən qiymət artımının insanlara çətinlik yaratdığını başa düşürəm. Söhbət tələbatla təklif arasındakı münasibətdən gedir. Hamı eyni məhsulu istəyirsə, istehsal isə ona çatmırsa, qiymətə təsir olacaq. Ona görə heyvandarlığı inkişaf etdirmək, məhsuldarlığı artırmaq lazımdır.
Ağcabədidə heyvanı müəyyən çəkiyə çatdırmadan kəsməyən təsərrüfat sahibini nümunə gətirmişdim. O, daha çox ət əldə etmək üçün heyvanı saxlayır, bəsləyir, zəhmət çəkir. Bu işin nəticəsi də zəhmətdən asılıdır. Fermerin qazancını artırmaq istəyiriksə, onun istehsalı necə təşkil etdiyinə baxmalıyıq.
– Siz tez-tez təsərrüfatda zəhmətin vacibliyini vurğulayırsınız.
– Çünki nəticə zəhmətsiz olmur. Bir dəfə Norveçdə olanda bizə kral ailəsinin istifadə etdiyi təsərrüfatı göstərmişdilər. Orada heyvanlara, quşlara qulluqdan, əldə edilən məhsulun sosial məqsədlərlə verilməsindən danışdılar. Bu təcrübənin məndə yaratdığı təəssürat o idi ki, insan gördüyü işlə və cəmiyyətə verdiyi fayda ilə qürur duyur.
Vergi ödəməyə də bu cür baxmaq lazımdır: mən qazandığımdan dövlətə pay verirəm, həmin vəsaitdən başqaları da faydalanır. Təsərrüfat böyüdükcə işçi saxlamaq, mütəxəssis cəlb etmək, torpağı yoxlatdırmaq da onun normal xərcinə çevrilməlidir.
– Torpağın analizini etdirməyən fermerlərlə də qarşılaşmısınız?
– Bəli. Birinin böyük təsərrüfatı var, amma torpağın analizini aparmır. Ona deyəndə ki, baxaq bu sahədə qarpız yaxşı yetişər, yoxsa başqa məhsul, cavab verir: “Mən öz torpağımı tanıyıram”. Qardaş, bu, beş il əvvəlki torpaq deyil axı. Şoranlaşma gedə bilər, məhsuldarlıq dəyişə bilər.
Bir sahəyə illərlə eyni məhsulu əkməklə nəticə gözləmək olmaz. Növbəli əkinə, torpağın vəziyyətinə, gübrənin miqdarına fikir vermək lazımdır. Havanı da izləməlisən. Toxumu səpirsən, üç gün sonra güclü yağış yağırsa, işin pozula bilər. İstidə dərmanlama aparırsansa, onun nəticəsini də bilməlisən.
Elmi əsaslarla işləyən yaxşı təsərrüfatlarımız var. Heyvandarlıq kompleksləri yaranır, cins yaxşılaşdırılır, toxumçuluğa diqqət artır. Bunları daha geniş yaymaq lazımdır. Fermerin özü də öyrənməlidir. Elektron sistemdən istifadə etməyi bilmirdisə, öyrənsin. Dünya dəyişir.

– Süni intellekt kənd təsərrüfatında yalnız məlumat toplayacaq, yoxsa qərar da verə biləcək?
– Süni intellekt məlumat verə, yolu göstərə, proqram hazırlamaqda kömək edə bilər. Amma təsərrüfatda hər qərarı ona həvalə etmək olmaz. Torpağın, bitkinin, havanın vəziyyətini qiymətləndirəndə insanın təcrübəsi də lazımdır.
Mən ümumiyyətlə, insanın taleyini həll edən qərarlarda da ehtiyatlıyam. Süni intellektdən məhkəmədə istifadə barədə danışırlar. Köməkçi vasitə kimi baxmaq olar, amma insan haqqında hökmün məsuliyyəti çox böyükdür. Texnologiyada yanlış da olur. Telefonda bir proqram pozulanda bəzən onu düzəltmək üçün mütəxəssis axtarırıq. Ona görə süni intellektdən istifadə edək, ancaq insanın biliyini və məsuliyyətini kənara qoymayaq.
– Azərbaycanda eşşəklərin və donuzların sayının azalmasını nə ilə əlaqələndirirsiniz?
– Donuzçuluq bizim cəmiyyətin böyük hissəsinin ənənəvi məşğuliyyəti olmayıb. Amma bəzi rayonlarda bu sahə ilə məşğul olurlar. Mən iqtisadi tərəfdən baxanda deyirəm ki, məhsula bazar varsa, gəlir gətirirsə, bu sahənin inkişaf imkanlarına da baxmaq olar, o cümlədən ixrac baxımından.
Eşşəklərin sayının azalmasının səbəbi isə başqadır. Əvvəllər yük daşımaq, nəqliyyatın gedə bilmədiyi yerə çatmaq üçün onlardan istifadə olunurdu. İndi həmin işlərin xeylisini texnika görür. Texnologiya işi daha tez yerinə yetirirsə, insan heyvanı əvvəlki sayda saxlamağa ehtiyac duymur. Onun da yemi, qulluğu var. Dağlıq, çətin keçilən yerlərdə istifadə oluna bilər, amma ümumi ehtiyac dəyişib.
– İri təsərrüfatlardan danışdıq. Bəs kiçik və ailə təsərrüfatları necə inkişaf etməlidir?
– Kiçik və orta sahibkarlıq olmadan böyük təsərrüfat da formalaşmaz. İnsan ilk addımını atmalıdır. Buna meydan, sərbəst işləmək imkanı lazımdır.
Türkiyədə yol kənarında balaca bir yerdə çay dəmləyib satan, yanında yeməyə nəsə təklif edən adamı görürsən. Böyük restoranı yoxdur, amma özü üçün iş yaradıb, gələnə də xidmət göstərir. Kiçik ticarət belə başlayır. Hamı birdən-birə böyük sahibkar ola bilməz.
Bizdə də fermer öz məhsulunu sata bilməlidir. Bir yerdə görürsən alma marketdə üç manatdır, Qubadan gətirən adam maşınından daha ucuz satmaq istəyir. Məhsulu yaxşı da ola bilər. Amma onun haradan gəldiyi, təhlükəsizliyi və satış qaydası barədə suallar yaranır. İnsana qanuni, rahat satış imkanı yaratmaq lazımdır.
– Belə satış üçün bələdiyyələr nə edə bilər?
– Mən təklif etmişəm ki, bələdiyyələrin ərazisində uyğun satış köşkləri olsun. Fermer qarpızı yolun ortasına tökməsin. Nəqliyyata mane olmasın, məhsul günün, yağışın altında xarab olmasın. Bələdiyyə yer ayırsın, şərait yaratsın, müvafiq rüsumunu alsın. Sakin də məhsulu evinin yaxınlığından ala bilsin.
Amma qida təhlükəsizliyi tələbi gözlənməlidir. Məhsulun yoxlanması lazımdırsa, fermer bunu edə bilsin və sənədini alsın. Qadağa qoymaq asandır. Əsas məsələ adamın qaydaya uyğun işləyə biləcəyi şəraiti qurmaqdır.
– Bələdiyyələrin səlahiyyətləri artırılsa, kənd təsərrüfatına daha çox kömək edə bilərlər?
– Bələdiyyələrin səlahiyyəti onların iş qabiliyyətinə uyğun artırılmalıdır. Birdən-birə su təminatını, işığı, yolları onların üzərinə qoyaq – yaxşı, bunu nə ilə edəcəklər? Kadrı varmı, texnikası varmı, büdcəsi varmı?
Mən uzun illər bələdiyyələrlə bağlı qanunvericilik üzərində işləmişəm, xarici təcrübəyə də baxmışam. Deyirəm ki, əvvəl mövcud səlahiyyətlərdən səmərəli istifadə edilsin. Vergi və rüsumlar yığılır, yerli xidmət və ticarət üçün imkanlar var. Mövsümi meyvə-tərəvəz satışı təşkil etmək olar. Bələdiyyə xidmət sahəsi yarada, gəlir əldə edə bilər. İşini gücləndirsin, sonra imkanına uyğun əlavə səlahiyyət də alsın.
Son illər bələdiyyələrin birləşdirilməsi ilə onların fəaliyyəti üçün müəyyən imkanlar yaranıb. Əvvəl çox sayda kiçik bələdiyyə var idi, bəzilərinin iş görməyə gücü çatmırdı. İndi də görüləsi iş çoxdur, yollar axtarılmalıdır.

– Kənd təsərrüfatında su istehlakı yüksəkdir. Şirin su itkilərini azaltmaq üçün nə edilməlidir?
– Biz hər damcı suyun qədrini bilməliyik. Kənd təsərrüfatı böyük həcmdə su istifadə edir, su ehtiyatlarımızın da əhəmiyyətli hissəsi ölkə xaricində formalaşır. Sahələr pərakəndə olanda suyu çatdırmaq çətinləşir, itki yaranır. Təsərrüfatlar daha düzgün təşkil olunsa, suvarmanı da kompleks həll etmək olar.
Amma qənaəti yalnız fermerdən tələb etməyək. Məsələn, avtomobil yuma məntəqələrinə baxın: bütün gün su işlədilir. Mən demişəm ki, həmin yerlərdə suyun toplanması, təmizlənməsi və təkrar istifadəsi üçün sistem qurulmasına baxmaq lazımdır. Maşının bir hissəsini təkrar istifadə olunan su ilə yuyub son mərhələdə təmiz sudan istifadə etmək mümkündürsə, niyə etməyək?
Başqa ölkələr yağış və qar suyunu toplayırlar. Bizdə də dəniz suyunun təmizlənməsi ilə bağlı işlər gedir. Bunların hamısına baxmaq lazımdır. Evdə də bir iş üçün ehtiyacdan artıq su işlətməməliyik. Qənaət hər kəsdən başlayır.

– Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının təhlükəsizliyini necə qiymətləndirirsiniz? Dərman və gübrələrdən istifadəyə nəzarət yetərlidirmi?
– Dərman və gübrələrdən istifadə kənd təsərrüfatında var. Məsələ onlardan nə qədər və nə vaxt istifadə olunmasıdır. Düzgün vaxtı, düzgün miqdarı bilməlisən. Bunun üçün də mütəxəssis və nəzarət lazımdır.
Mən “tarladan süfrəyə” zəncirindən danışıram. Bu zəncirin ilk halqası istehsalçıdır. Fermer düşünməlidir: “Mən bu məhsulu yetişdirirəm, sabah mənim oğlum da yeyə bilər, qızım da, qonşum da”. İstehsal etdiyi məhsula məsuliyyət hissi belə yaranmalıdır.
Bütün yükü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin üzərinə qoymaq düzgün deyil. Bir agentlik, hətta bir neçə agentlik də istehsaldan satışa qədər hər adamın yerinə məsuliyyət daşıya bilməz. İstehsalçı qaydaya əməl etməlidir, satış yeri məhsula baxmalıdır, ictimai nəzarət olmalıdır, istehlakçı da nə aldığını bilməlidir.
Yol kənarında pomidor, xiyar, balıq, ev şəraitində hazırlanmış turşu satıldığını görürük. Adam dayanıb alır, amma məhsulun hansı şəraitdə hazırlandığını və saxlandığını bilmir. Buna həm satış tərəfdən, həm də alıcı kimi diqqət yetirməliyik.
– Aqrar sahə və qida təhlükəsizliyi ilə bağlı dövlət proqramları yaxın illərdə nəyi dəyişə bilər?
– Hər dövlət proqramının, qərarın, sərəncamın əhəmiyyəti var. İnsanların diqqətini problemə yönəldir, qurumlar üçün vəzifələr müəyyənləşdirir, maarifləndirməyə təkan verir. Qida təhlükəsizliyi sahəsində qurumlar yaradılıb, imkanlar genişləndirilib. Bunlar vacib işlərdir.
Amma əsas sual icradır. Sənəddə hər şey yazıla bilər. Onu yerinə yetirən insan qaydaya əməl etmirsə, nəticə istədiyimiz kimi olmayacaq. Bəzən adama mütəxəssis məsləhəti verirsən, deyir: “Biz dədə-babadan belə etmişik”. Dədə-baba təcrübəsinə hörmətlə yanaşıram. Ancaq elmi bilik başqa nəticə göstərirsə, onu da qəbul etməliyik. Baxış dəyişməlidir.

– Komitənizin üzvləri arasında aqrar sahəni daha yaxşı bilən, daha fəal olan deputatların adını çəkə bilərsiniz?
– Mən onları bir-birindən ayırmaq istəmərəm. Komitə üzvlərinin hərəsinin öz təcrübəsi, öz maraq göstərdiyi sahə var. Biz hamımız bilavasitə təsərrüfatda işləyən mütəxəssis deyilik; əsas vəzifəmiz qanunvericilik işidir. Bu işdə sahə mütəxəssislərini dinləmək də vacibdir.
Mən özüm də demirəm ki, aqrar sahənin bütün elmi incəliklərini bilirəm. Məktəb illərindən təsərrüfat işlərini görmüşəm, sonradan bu sahəyə dair təhsil almışam, illərlə fermerlərlə ünsiyyətdə olmuşam. Pambığın, heyvandarlığın, suvarmanın hansı problemlərlə üzləşdiyini görürəm. Ancaq xüsusi elmi məsələ yarananda mütəxəssisə müraciət etməliyik.
Deputatın fəaliyyəti yalnız çox çıxış etməklə ölçülmür. Biri qanunun hazırlanmasında işləyir, biri yerlərdə görüşlər keçirir, başqası başqa tədbirdə iştirak edir. Ona görə komitə üzvlərini “bu daha yaxşıdır, o daha zəifdir” deyə sıralamaq istəmirəm.
– Komitə üzvlərini idarə etmək çətin olmur? Aralarında “çətin adam” varmı?
– Komitədə çətin adam yoxdur. Ümumiyyətlə, idarəçilik insanın təcrübəsindən çox asılıdır. Adam savadlı ola bilər, amma insanlarla işləmək bacarığı olmaya bilər. Yalnız kabinetdə oturub sənədlərlə işləyəndə fərqli xarakterli adamları tanımaq çətindir.
İnsanı dinləməlisən, onun nə istədiyini, nədən narahat olduğunu anlamalısan. Bir adam qışqıraraq gəlirsə, sən də qışqırsan, nə alınacaq? Dava. Amma sakit şəkildə “qardaş, nə olub?” deyib onunla danışanda vəziyyət dəyişə bilər. Adamlarla işləməkdə təcrübə buna görə vacibdir.
– Komitə üzvləri ilə parlamentdən kənarda da görüşürsünüz?
– Əlbəttə. Onlar mənim həmkarlarımdır. Bəzən təkbətək danışırıq, bəzən birlikdə tədbirə və ya təsərrüfata gedirik. Razi Nurullayev bir dəfə Saatlıda erkən yetişən əriklə bağlı maraqlı təcrübə olduğunu dedi. Birlikdə getdik, bağı gördük, fermerlərlə söhbət etdik. Yaxşı təşəbbüs idi.
Başqa həmkarlarla da sahələrə gedirik. Yerdə olmalısan, işi öz gözünlə görməlisən. Sadəcə, vaxtı düzgün bölmək lazımdır ki, həm parlamentdəki işə, həm də bölgələrdəki görüşlərə çata biləsən.

– Sosial şəbəkə paylaşımlarınızda ağacların, əkin sahələrinin arasında tez-tez görünürsünüz. Ağac əkmək hobbinizdir?
– Mənim ən böyük hobbim ağaca, gülə qulluq etməkdir. İnanırsınız, rayona gedəndə imkan tapan kimi həyətə çıxıb ağacı budayıram, gülü sulayıram. Mənim üçün bu, istirahətdir.
Bir ictimai binanın həyətində əvvəllər zibillik kimi istifadə olunan yer var idi. Orada yüzdən çox ağac əkdik. Yaşadığım yerdə də güllərə baxıram, bir neçə gündən bir sulayıram. Bağ-bağça həmişə ürəyimdədir.
– Bu ağacları Bakıda da əkmisiniz?
– Bəli, Badamdarda yaşadığım yerin arxasında əvvəllər zibillik olan sahə vardı. Təmizlətdirdik, qonşularla ağac əkdik. İndi orada əncir, üzüm, tut var. Tut ağacını 2003-cü ildə əkmişdim. Bu gün böyüyüb, adamlar gəlib meyvəsini yığırlar. Mənə çox xoş gəlir.
Ağac əkmək kifayət deyil, ona baxmaq lazımdır. Bəzən yolda gedərkən təzə əkilmiş ağacların yayda quruduğunu görürəm, pis oluram. Əziyyət çəkib əkiblərsə, suvarıb qorumalıyıq. Yaşıllıq insanın sağlamlığı, yaşadığı yerin havası üçün lazımdır. Ona görə də ən çox sevdiyim iş ağaca, gülə qulluq etməkdir.