Ermənistan-Azərbaycan münasibətlərində siyasi və hərbi məsələlərlə yanaşı, son illərdə dini və mədəni irs mövzuları da xüsusi çəki qazanıb. Bu baxımdan Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qareginin vandalism, pozuculuq və talanaçılıq fəaliyyəti xüsusi diqqət çəkir.
Modern.az xatırladır ki, hazırda məsələ yalnız Ermənistan daxilində katolikosla Nikol Paşinyan hakimiyyəti arasında qarşıdurma kontekstində müzakirə olunmur. II Qareginin Qarabağla bağlı əvvəlki açıqlamaları, onun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi və Ermənistan kilsəsinin Qarabağ məsələsində tutduğu siyasi xətt Azərbaycan üçün suallar doğurur.
Üstəlik, Ermənistanın özündə II Qaregin barəsində artıq cinayət işi mövcuddur. Ermənistan Baş Prokurorluğunun təsdiqlədiyi iş məhkəmə aktının icrasına mane olmaq ittihamları ilə bağlıdır və iş üzrə katolikosla yanaşı, 6 ruhani də təqsirləndirilən şəxslər sırasındadır. Avqustun sonunda işin hansı məhkəmədə baxılacağı ilə bağlı prosedur məsələsi də gündəmə gəlib.
Bu fakt Ermənistanın daxilindəki proseslə bağlıdır və Azərbaycanla əlaqəsi olmayan ayrıca hüquqi prosesdir. Azərbaycan üçün vacib olan II Qareginin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn açıqlamaları və çağırışları, həmçinin, Qarabağda işğal dövründə maddi-mədəni irsə qarşı göstərdiyi fəaliyyətlə bağlıdır. II Qaregin qondarma rejmin tarixin arxivinə yollansa da, hələ də qondarma rejimin “müstəqillik günü” ilə bağlı müraciətlər yayır, separatçı qurumun terminologiyasından istifadə edir.

Azərbaycan baxımından isə problem məhz burada ortaya çıxır: Azərbaycanın ərazi bütövlüyünə qarşı olmuş separatçı gündəmin dini lider tərəfindən siyasi ritorika ilə dəstəklənməsi qəbuledilməz hesab olunur. Bu baxımdan II Qareginin Qarabağ məsələsindəki fəaliyyətinə yalnız dini fəaliyyət kimi yanaşmaq mümkün olmur və onun ekstremist açıqlamaları Azərbaycan qanunvericiliyinə uyğun şəkildə cinayət məsuliyyəti yaradır. Son günlər mövzuya daha bir istiqamət - Qarabağdakı dini-mədəni irsin Ermənistana aparılması ilə bağlı fəaliyyət diqqət mərkəzindədir.
Azərbaycanın Dövlət Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin rəhbəri Sabina Hacıyevanın APA-ya açıqlamasına görə, Kəlbəcərdəki Xudavəng monastırından sökülərək Azərbaycan ərazisindən çıxarıldığı bildirilən freskalar və xaçdaşlarla bağlı məlumatlar artıq “Oğurlanmış incəsənət əsərləri” bazasına daxil edilməsi üçün İnterpola təqdim olunub. Məlumatın 2025-ci ilin oktyabrında İnterpola ötürüldüyü bildirilib.
İşğal dövründə Xudavəngdə aparılan “bərpa” işləri zamanı bir sıra elementlər sökülüb və sonradan Azərbaycan ərazisindən çıxarılıb. Eyni proses Ağdərə rayonunda yerləşən Gəncəsər monastırınnda da aparılıb. Monastırın alban epiqrafik abidələri məhv edilmiş, yaxud sökülərək Ermənistana aparılmış və təhrif edilmiş erməni mətnləri ilə əvəzlənmişdir. Digər yandan Ermənistandan gətirilmiş inşaat materiallarından istifadə etməklə abidənin orijinal görkəminə xələl gətirilmişdi. Monastırdakı qədim əlyazmalar və abidələr oğurlanaraq İrəvana aparılmışdı.
Bu məsələ artıq sadəcə tarixi mübahisə deyil. Çünki söhbət konkret mədəni irs nümunələrinin harada olması və onların hansı hüquqi əsasla başqa ölkəyə aparılması məsələsindən gedir. Əslində erməni kilsəsi və şəxsən II Qaregin bu proseslərdə aktiv iştirakçı olub. Vətən Müharibəsi və sonrakı proseslər zamanı Qarabağdakı irsin talanması hakimiyyət orqanları ilə yanaşı, məhz onun birbaşa iştirakı və kurasiyası ilə aparılıb. Bu faktın özü də daha II Qareginə qarşı daha bir hüquqi məsuliyyət reallığı yaradır.
İrəvanda əlyazmaların saxlanıldığı Matenadaran İnstitutunun rəhbəri Ara Xzmalyan da etiraf edib ki, Gəncəsərdə saxlanılan nümunələrin orijinal əlyazmalarl 2020-ci ildə ərazidən qanunsuz oğurlanaraq İrəvana daşınıb. Eyni hallar tək dini abidələrlə bağlı deyil, ermənilərin Şuşadan qədim Azərbaycan xalçalarını və əntiq əşyaları da qanunsuz Ermənistan daşımaları barədə çoxsaylı faktlar var.

Bu hadisə göstərir ki, Qarabağ yalnız fiziki işğala, dağıntılara və talana məruz qalmayıb, Əlyazmaların, freskaların, xaçdaşların, kilsə əşyalarının və digər maddi-mədəni nümunələrin talan olunması ilə həm də mənəvi, mədəni təcavüzə də məruz qalıb. II Qaregin və onun simasında erməni kilsəsi isə həmin prseslərdə sonuncu rolu oynamayıb, aktiv iştirakçı olublar. Bu səbəbdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini obyektlərin taleyi ilə bağlı araşdırmalar aparıldıqca kilsə strukturlarının keçmiş fəaliyyəti də diqqət mərkəzindədir.
II Qareginin Azərbaycan əleyhinə və Qarabağ məsələsində ərazi bütövlüyümüzə yönəlmiş və silahlı qarşıdurmaya çağırış edən ifadələri açıq mənbələrdə sənədləşdirilib. Buna görə Azərbaycan hüquq-mühafizə orqanlarının onun fəaliyyətinə hüquqi qiymət verməsi məsələsinin gündəmə gəlməsi gözlənilməz olmazdı.