Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli həftəni intensiv diplomatik görüşlərlə başa vurub.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, səfər çərçivəsində C. Bayramov bir sıra ikitərəfli görüşlər keçirib, müxtəlif müzakirələrdə iştirak edib və Azərbaycan adından ikitərəfli sənədlər imzalayıb. Keçirilən görüşlər Azərbaycanın xarici siyasət prioritetlərinin irəlilədilməsi və ikitərəfli tərəfdaşlıqların möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Belə ki, yüksək səviyyəli həftə ərzində Azərbaycan nümayəndə heyətinin fəaliyyəti ölkənin çoxtərəfli gündəliyə fəal töhfəsinin davam etdirildiyini nümayiş etdirib. Müzakirələr zamanı sülh, sabitlik, regional və transregional bağlantılar, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafı kimi məsələlər diqqət mərkəzində olub.
Məlumata görə, C. Bayramov səfər çərçivəsində həmkarları, beynəlxalq təşkilatların rəhbərləri və müxtəlif dövlətlərin rəsmiləri ilə ümumilikdə 37 ikitərəfli görüş keçirib. Görüşlərin nəticəsi olaraq 17 ikitərəfli sənəd imzalanıb.
Nazir həmçinin 11 yüksək səviyyəli tədbirdə çıxış edib. Bu tədbirlər sırasında BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatı, G-77 və Çin, Qlobal İnkişaf Təşəbbüsü (GDI), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türk Dövlətləri Təşkilatı (TDT), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr (LLDC) üzrə tədbirlər, İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupu, Transxəzər və TRIPP marşrutu üzrə sessiya, ABŞ Ticarət Palatasının dəyirmi masası və Ümumdünya Ticarət Təşkilatının Dünya İqtisadi Liderləri naharı yer alıb.
Vurğulanıb ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirərək sülhün və sabitliyin təşviqinə, bağlantıların inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə fəal töhfə vermək niyyətindədir.