2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündə iki qardaş - Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğlu şəhid olublar.
Modern.az xəbər verir ki, Əli 1993-cü il yanvarın 5-də, İslam isə 1994-cü il sentyabrın 19-da Mingəçevir şəhərində anadan olub.
İslam Suqovuşan, Əli isə Tərtər-Ağdərə istiqamətində döyüşərək şəhid olublar. Hər ikisi Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında yan-yana dəfn edilib.
Şəhid qardaşların anası Sevinc Əhmədova övladlarının son anlarını və cəbhədə keçdikləri döyüş yolunu Modern.az-a danışıb.
Sevinc xanmın sözlərinə görə, müharibə başlamazdan əvvəl, hərbi təlimlər zamanı Əliyə döyüşlər haqqında sual veriləndə, o, təbəssümlə bunun dövlət sirri olduğunu deyirmiş.
Sentyabrın 26-da anası Əliyə zəng edərək gəlib-gəlməyəcəyini soruşub. Əli isə müharibə barədə heç nə bildirmədən, “Yox, ay ana, buraxmadılar, gələ bilmədim”, – deyib.
İslam isə sentyabrın 26-sı gecəsi evə gələrək anası ilə görüşüb. Anasını öpüb maşına əyləşərkən anasının ona baxdığını görüb, “Get evə, soyuq olar”, – deyib.
İslam həmin gün bütün qohumları, əmiləri və bibisi uşaqları ilə görüşərək halallıq alıb. Daha sonra isə anasını hər kəsə tapşırıb:
“Anama yaxşı baxın. Tək qoymayın”.

Qardaşların anası bildirib ki, İslamın son “WhatsApp” mesajları da ailəsi üçün bu günədək unudulmayan xatirələrdəndir:
“Mən artıq iş yerindən çıxıb gedirəm başqa yerə. Özün başa düş. Əgər mənə nəsə olsa, anama deyərsən ki, İslam səni çox istəyirdi, ürəyini çıxarıb verəcək qədər çox. Hamıdan, məni kim tanıdı, kim tanımadı, halallıq alın. Gecəniz xeyrə qalsın. Sağ olun, mən yaza bilmirəm artıq. Sağ olun, getdim mən”.
Ananın sözlərinə görə, hər iki qardaş sanki talelərini əvvəlcədən hiss ediblər.
Əlinin əşyaları arasından “Tələsmə ölüm!” adlı şeir də tapılıb.
İslam isə müharibədən bir neçə ay əvvəl, hələ mart ayında şəhid olacağını yuxuda görübmüş:
“Onsuz bir gün öləcəyik... Mən bilirəm, yuxusunu da görmüşəm. Mən şəhid olacam... Təki mən də şəhid olum”.

Sevinc Əhmədova deyib ki, hər iki övladının həyatında anaya olan sevgi xüsusi yer tutub. Atasız böyüyən qardaşlar analarına arxa durmağı, ona rahat həyat yaşatmağı əsas məqsədlərindən biri hesab ediblər.
Sevinc Əhmədovanın sözlərinə görə, sentyabrın 27-də, müharibənin ilk günü səhər döyüş başlamazdan əvvəl İslam qardaşı Əli ilə görüşməyə gedib.
Komandiri ondan:
“İslam, hardan gəlirsən?” – deyə soruşanda İslam, “Burda qardaşım var. Onunla görüşməyə getmişdim”, – cavabını verib.
İki qardaşın həmin görüş zamanı kövrəldiyi bildirilir. İslam Əliyə “Qorxma, Əli, irəli get! Sənin arxanda mən varam”, – deyib.

Bundan sonra qardaşlar fərqli istiqamətlərdə döyüş tapşırıqlarını yerinə yetirməyə yollanıblar.
İslam Əhmədov Suqovuşan istiqamətində BMP sürücüsü kimi ilk irəli atılanlardan olub. Düşmənin intensiv atəşi altında desantları təhlükəsiz yerə endirmək tapşırığını yerinə yetirərkən yaxınlığına düşən top mərmisinin dalğası və qəlpə yarası nəticəsində ağır yaralanaraq şəhid olub.
Əli Əhmədov isə Tərtər-Ağdərə istiqamətində manqa komandiri kimi ön xətdə döyüşüb. Əvvəlcə ayağından, daha sonra biləyindən ağır yaralanıb. Sümüyü qırılsa da, döyüş meydanını tərk etməkdən imtina edib. Yaralı qolu sarıqlı və boynundan asılmış halda döyüşə davam edib.
Yaşca özündən kiçik döyüş yoldaşını qorumaq üçün onu arxasında saxlayaraq özü önə keçib. Sinəsindən aldığı ağır yara nəticəsində şəhid olub.
Əli Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları, həmçinin “Vətənə xidmətə görə” III dərəcəli ordenlə, İslam Əhmədov isə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. O, həmçinin Azərbaycan Ordusunun 95 illiyi və 100 illiyi medallarına layiq görülüb.
Nicat Rüstəm