Modern.az

"Qanuni oğru"dan kömək istəyənlər və "killer" TUTULDU

"Qanuni oğru"dan kömək istəyənlər və "killer" TUTULDU

Hadisə

Bu gün, 11:00

Gürcüstan polisi cinayət aləminin üç üzvünü saxlayıb və hazırda xaricdə olan bir "qanuni oğru"nu ölkədə sifarişli qətl törətməyi planlaşdırmaqda ittiham edib.

Modern.az xəbər verir ki, istintaqın məlumatına əsasən, saxlanılan şəxslərdən ikisi şəxsi mübahisədən sonra bir nəfərdən qisas almaq qərarına gəlib və onun qətlini planlaşdırıblar.

Müstəntiqlər müəyyən ediblər ki, planı həyata keçirmək üçün şübhəlilər hazırda xaricdə olan və "Tsripa" ləqəbi ilə tanınan "qanuni oğru" Aleksandr Kurasbediani ilə əlaqə saxlayıb və qətlin təfərrüatlarını, o cümlədən vaxt və məkanı onunla razılaşdırıblar.

Qətli törətmək məqsədilə təqsirləndirilən şəxslər Quriya bölgəsindən bir nəfəri gətirmiş və ona, saxlanılacağı təqdirdə həbsxanada himayə olunacağına dair vəd vermişdilər.

Bundan əlavə, onlar silah və partlayıcı qurğu əldə edərək, potensial qurbanın hərəkət marşrutlarını öyrəniblər. Cinayətkarlar həmçinin gizlənmək üçün yer seçiblər və qətlin izlərini ört-basdır etmək üçün plan hazırlayıblar.

Ancaq onların planı polis tərəfindən vaxtında aşkarlanıb. Təqsirləndirilən şəxslər cinayət törədilməmişdən əvvəl saxlanılıblar. Onların evlərində "qanuni oğru" ilə əlaqə saxlamaq üçün istifadə olunan kompüter və telefonlar, həmçinin silah və sursat aşkar edilib.

Saxlanılan şəxslər ağırlaşdırıcı hallarla müşayiət olunan qəsdən adamöldürməni təşkil etmək, cinayətkar aləmin üzvü olmaq, həmçinin odlu silah və partlayıcı qurğuları qanunsuz əldə etmək ittihamları ilə 20 ilədək həbs cəzası ilə üzləşirlər.

 

İlyas Turan

Sizə yeni x var
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az