“Kommersant” qəzetinin əməkdaşı: "Rusiya mediasında Azərbaycanı düzgün tanımırlar"
Modern.az saytı xarici jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu müsahibələrdə həmin jurnalistlərin Azərbaycan və azərbaycanlılar barədə təsəvvürlərini öyrənməyə, iki ölkə arasında ortaq cəhətləri araşdırmağa çalışır, digər məsələlər barədə fikir mübadiləsi aparırıq.
Budəfəki həmsöhbətimiz Rusiyadan olan jurnalist Sergey Strokandır. “Kommersant” qəzetinin əməkdaşı olan Sergey Rusiya-Azərbaycan Ekspert Şurasının da üzvüdür.
- Müasir Rusiya jurnalistikasının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Son illər Rusiyanın media məkanında hansı əsas dəyişikliklər baş verib?
- Müasir Rusiya jurnalistikası və burada baş verən proseslər dünya üzrə mövcud tendensiyalardan kənarda deyil, eyni zamanda bu və ya digər dərəcədə qlobal informasiya məkanında cərəyan edən meyilləri əks etdirir. Tipoloji ümumiliyə baxmayaraq, digər ölkələrlə müqayisədə burada orta statistik vəziyyətdən-bir növ “xəstəxana üzrə ümumi temperaturdan” danışmaq çətin ki, yerinə düşər. Özünəməxsus xüsusiyyətlərə malik Rusiya jurnalistikasına gəldikdə isə əminliklə demək olar ki, son illərdə o, tanınmaz dərəcədə dəyişib, sarsıdıcı dönüş baş verib. Ənənəvi KİV-lərlə – qəzetlər, televiziya və radio yayımı ilə yanaşı, yeni media da meydana çıxıb və sürətlə inkişaf edib: Teleqram kanalları, blogerlər, internet platformaları. Bu vəziyyətdə informasiya məkanı getdikcə daha çox parçalanmış, xaotik və bəzən sistemsiz xarakter alır, keyfiyyətin universal meyarları isə bu xaotik hərəkətlilik fonunda getdikcə daha çox bulanıqlaşır. Daha artığını deyək. Peşəkar jurnalist və redaktorun necə olmalı olduğunu müəyyən edən əvvəlki vahid “qızıl standartlar” və meyarlar artıq yoxdur. Hər şey onların informasiya məkanının hansı seqmentində və ya sektorunda (bəlkə də hansı “səngərində”) çıxış etməsindən asılıdır. Ya jurnalist müəyyən korporativ prinsiplərə, üslub qaydalarına və informasiyanın nə olduğu və onun necə təqdim edilməli olduğuna dair öz baxışlarına malik güclü informasiya şirkətinin və ya korporasiyanın bir hissəsidir, ya da jurnalist öz-özünün rejissorudur. Beləliklə, bütün deyilənləri ümumiləşdirsək, müasir Rusiya jurnalistikasında həm informasiyanın ötürülməsi imkanları dəfələrlə artıb, həm də onun təhrif olunması və xəbərlərin “feyk nyus”a çevrilməsi riskləri əhəmiyyətli dərəcədə yüksəlib.
- Sosial şəbəkələrin və rəqəmsal platformaların sürətli inkişafı ənənəvi mediaya ciddi təsir göstərib. Bu proses Rusiyanın media sahəsinə necə təsir edib və sizcə, bu gün jurnalist peşəsi hansı yeni bacarıqları tələb edir?
- Sosial şəbəkələrin sürətli inkişafı ona gətirib çıxarır ki, media kontentinin getdikcə daha böyük hissəsi kağızdan və efir məkanından internetə keçir və bu fonda ənənəvi media – vaxtilə informasiya məkanının “nəhəngləri” olan qurumlar getdikcə keçmişə çevrilən bir hadisə kimi görünür. Nəşrlərin və fərdi üsluba malik müəlliflərin rəqabətini çoxdan unudulmuş köhnə sovet jurnalistikasını, çoxsəviyyəli redaktə nəzarəti və sərt fakt yoxlaması sistemini başqa texnologiyalarla hazırlanmış fərqli məhsul uğrunda rəqabət əvəz edir. Beləliklə, axtarış sistemlərinin rəqabəti ön plana çıxır və baxış sayları yeni keyfiyyət meyarına çevrilir, bu rəqəmləri istənilən yolla artırmaq və şişirtmək cəhdləri də müşahidə olunur. Beləliklə, yeni medianı təmsil edən jurnalist bu sistemin girovuna çevrilir, ilk növbədə mümkün qədər çox baxış, klik, paylaşım və bəyənmə əldə etməyi tələb edən bu yanaşmanın tələsinə düşür. Nəticə etibarilə, klik gətirməyən, lakin sosial baxımdan əhəmiyyətli və ya siyasi baxımdan mühüm xəbərlərin bir qismi diqqətdən kənarda qalmağa məhkum olur. Bu xəbərlər mövcuddur, amma sanki yoxdur – onlar informasiya yolunun kənarında əllərini çarəsiz şəkildə uzadaraq “səs verirlər”, lakin heç kim dayanıb onları götürmür. İnformasiya maşınları yanlarından ötüb keçir! Bu, xəbərlərin seçilməsi adı altında yeni diskriminasiyanın ciddi problemidir. Bununla ayrılmaz şəkildə bağlı olan digər problem isə xəbəri klik gətirəcək səviyyəyə çatdırmaq zərurətidir ki, bu da çox vaxt internet kütləsini cəlb etmək naminə kontenti açıq şəkildə təhrif etməyi və ya uydurma məlumatlar yaratmağı tələb edir.
- Süni intellektin jurnalistikaya təsirini necə qiymətləndirirsiniz? Sizcə, süni intellektdən medianın fəaliyyətində istifadə hansı imkan və risklər yaradır?
- Süni intellekt ikitərəfli kəsici silahdır. Artıq bu gün süni intellektin qabaqcıl versiyaları kifayət qədər yüksək keyfiyyətli informasiya məhsulu hazırlamağa imkan verir və bununla əlaqədar getdikcə daha çox belə bir sual yaranır: pis yazan, dərin biliyə malik olmayan, bəzən orfoqrafik və qrammatik səhvlərə yol verən, mətnləri düzəldilməli, üstəlik onlara maaş da ödənilməli olan jurnalistlər ümumiyyətlə nə üçün lazımdır? Ola bilsin ki, gələcəyin jurnalistləri “ağıllı maşınlar” olacaq. Amma burada bir “amma” var. Süni intellekt mahiyyət etibarilə ikinci dərəcəlidir, o, yalnız özündən əvvəl yazılmış materialları bir araya gətirir və sistemləşdirir. Ona görə də təbii insan intellektinin yaratdığı ilkin kontent hazırlanmalı və yenilənməlidir. Deməli, jurnalist peşəsi ölməyəcək.
- Davam edən hərbi münaqişə şəraitində sosial şəbəkələrdə yoxlanılmamış məlumatlar xüsusilə sürətlə yayılır. Bu, jurnalistlərin fəaliyyətinə necə təsir edir? Belə şəraitdə informasiyanın yoxlanılması və jurnalistikada obyektivliyin qorunması nə dərəcədə çətinləşir?
- Qeyd etdiyim kimi, sosial şəbəkələr yazılı və yazılmamış başqa qanunların və qaydaların qüvvədə olduğu yeni reallıqdır. Burada etibarlılıq həddi əvvəlcədən aşağı salınıb, “öz-özünün rejissoru” prinsipi hər şeyə görə sinkretik məsuliyyət və ya ümumiyyətlə məsuliyyətin olmamasını nəzərdə tutur. Ənənəvi filtrlər burada yoxdur. Bundan əlavə, elə hallar da olur ki, müəyyən “musiqinin” müəyyən sifarişçiləri ola bilər. Təkcə məmurlar deyil, jurnalistlər və ya jurnalistika ilə məşğul olanlar da korrupsiyaya uğramış və ya kiminsə maraqlarına xidmət edən şəxslər ola bilərlər. Beləliklə, sosial şəbəkələr yalnız informasiyanın yayılması üçün güclü vasitə deyil, həm də son dərəcə böyük sürətlə yayıla bilən dezinformasiya viruslarının çoxalması üçün münbit mühit və ocaq, eləcə də jurnalist peşəsinin mutasiyaya uğradığı bir məkandır.
- Rusiya və beynəlxalq medianın Cənubi Qafqazda baş verən prosesləri, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərini işıqlandırmasını necə qiymətləndirirsiniz? Son illərdə Rusiya mediasının bu mövzuya yanaşmasında hər hansı dəyişiklik müşahidə edirsinizmi?
- Rusiya mediasının Cənubi Qafqazda baş verən prosesləri, xüsusilə Azərbaycan və Ermənistan arasındakı münasibətlər kontekstində işıqlandırması, mənim fikrimcə, hələlik arzuolunan səviyyədə deyil. Çox şeyi düzəltmək və təkmilləşdirmək lazımdır. Belə vəziyyətin iki, hətta üç səbəbi var. Birincisi, Rusiya mediasının əksəriyyəti üçün Cənubi Qafqazdakı hadisələr qeyri-format, periferik xəbərlərdir və xüsusi marağa və geniş işıqlandırılmağa layiq hesab edilmir. Bu, xoşagəlməzdir, amma həqiqətdir. İkincisi, Rusiya üçün strateji əhəmiyyət daşıyan bu regionda əslində nələrin baş verdiyini kifayət qədər dərindən bilən və anlayan jurnalistlərin, eləcə də ekspertlərin sayını barmaqla saymaq olar. Yazıb şərh verənlərin böyük əksəriyyəti hələ də nə üçün “Dağlıq Qarabağ” əvəzinə “Qarabağ iqtisadi rayonu” yazılmalı olduğunu bilmir. Həmçinin Bakı üçün informasiya məkanında təkcə “Artsax” sözünün peyda olmasının niyə açıq-aşkar təxribat xarakteri daşıdığını və son dərəcə toksik məzmun kəsb etdiyini də anlamırlar. Kütləvi informasiya vasitələrinin ətalət gücü böyükdür, biliyi əvəz edən stereotiplər və şablonlar isə inanılmaz dərəcədə davamlıdır. Üçüncü problem isə rəsmi səviyyədə olmasa da, ayrı-ayrı jurnalistlər və ya ekspertlər səviyyəsində Azərbaycana qarşı ehtiyatlı, etinasız, bəzən isə qeyri-dost münasibətin özünü göstərməsidir. Bunun nə üçün baş verdiyi ayrıca araşdırma tələb edən böyük mövzudur. Bir daha qeyd edək ki, bu, Moskvanın rəsmi mövqeyi deyil, lakin informasiya məkanına daxil olur və onu zəhərləyir, təəssüf ki, bəzən Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətləri üçün mənfi fon yaradır.
- 44 günlük Vətən müharibəsi zamanı bəzi Rusiya KİV-lərində Azərbaycanla bağlı birtərəfli və qərəzli materiallar yayımlanırdı. Həmin dövrdə münaqişənin Rusiya mediasında işıqlandırılmasını necə qiymətləndirirsiniz? Sizcə, belə yanaşmaya hansı amillər təsir edirdi?
- Rusiya mediasının İkinci Qarabağ müharibəsini işıqlandırması, ümumilikdə, əvvəlki suala cavab verərkən ətraflı bəhs etdiyim Cənubi Qafqaz və Azərbaycan-Ermənistan münasibətlərinin hansı səviyyədə başa düşülməsi və qavranılmasından irəli gəlirdi. 44 günlük müharibənin başlanmasından bir neçə gün sonra Rusiya televiziyasında bu mövzunun müzakirə edildiyi məşhur verilişlərdən birində iştirak edərkən, orada tanınmış hərbi ekspertdən təəccüblə belə bir fikir eşitdim ki, guya “Azərbaycan məğlub olur və onun mərmiləri tükənir”. Hərbi ekspert olmasam da, efirdə onun diqqətinə çatdırmağa məcbur oldum ki, Azərbaycanın məğlubiyyətinə dair heç bir əlamət yoxdur və onun bu fikri tam əksinə, yanlış istiqamətdədir. Lakin həmin vaxt bu cür fikirlər kifayət qədər tez-tez səslənirdi. O zaman şəxsən ünsiyyətdə olduğum insanların əksəriyyəti inanırdı ki, əgər Birinci Qarabağ müharibəsində Ermənistan qalib gəlibsə, İkinci Qarabağ müharibəsində də mütləq qalib gələcək. Azərbaycan ordusunun qələbəsini proqnozlaşdırmağa hazır olanların sayı çox az idi. Nəticədə həmin qələbə o vaxt bir çoxlarını qəfil yaxaladı və onların Cənubi Qafqaz haqqında formalaşmış ənənəvi mənzərəsinə sığmadı. 44 günlük müharibə başa çatdıqdan və 2020-ci il noyabrın 10-da Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan tərəfindən üçtərəfli bəyanat imzalandıqdan sonra Rusiya mediası Cənubi Qafqazdakı hadisələrin işıqlandırılmasında əsas diqqəti Moskvanın və şəxsən Prezident Putinin Bakı ilə İrəvan arasındakı münaqişənin dayandırılmasında və deeskalasiyaya başlanılmasında əsas roluna yönəltdi. Bunun isə kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, öz məntiqi var idi.
- Bu gün Rusiya mediasında Azərbaycan haqqında hansı obraz formalaşır? Azərbaycanla bağlı hansı mövzular daha çox diqqət çəkir, hansı məsələlərin isə sizcə, işıqlandırılmasına kifayət qədər diqqət yetirilmir?
- Müasir Rusiya mediasında Azərbaycanın artıq bütöv və tamamlanmış obrazının formalaşdığını deyə bilmərəm. Daha çox “yarımçıq çəkilmiş portret” təsiri bağışlayır. Moskva ilə Bakı arasında möhkəm ticarət-iqtisadi və investisiya təməlləri üzərində qurulan çoxşaxəli və geniş əməkdaşlığı nəzərə alsaq, Rusiya mediasında Azərbaycan və onun Rusiya ilə münasibətləri haqqında yayımlanan materialların əhəmiyyətli hissəsi obyektiv xarakter daşıyır və mövcud müsbət reallığı əks etdirir. Bu materiallarda hər hansı gizli məna və ya pis niyyət axtarmağa əsas yoxdur. Sözügedən “yarımçıq portretdə” qara rənglər açıq şəkildə üstünlük təşkil etmir. Bununla belə, Azərbaycandan mütləq hansısa gözlənilməz addım gözləmək lazım gəldiyini, guya Azərbaycanın Moskvanın etibarsız strateji müttəfiqi olduğunu israrla düşünən müəlliflər də var. Buradan da Azərbaycanın Türkiyə ilə birlikdə Rusiyanın maraqlarına qarşı yönəlmiş “Böyük Turan” yaratması barədə mif doğur. Belə cəfəng fikirlərə internetin ucsuz-bucaqsız məkanında rast gəlmək, onları oxumaq və hətta “qazıb üzə çıxarmaq” mümkündür. Ona görə də hələlik Rusiya mediasında Azərbaycanın obrazı lazımi bütövlükdən, ardıcıllıqdan və tamamlanmışlıqdan məhrumdur. Bu istiqamətdə hələ görüləsi çox iş var və həmin iş vicdanla, ciddi şəkildə aparılmalıdır.
- Rusiya ilə Azərbaycan arasında hazırkı informasiya və media əməkdaşlığının səviyyəsini necə qiymətləndirirsiniz? İki ölkənin jurnalistləri arasında əlaqələrin daha da genişləndirilməsinə hansı addımlar töhfə verə bilər?
- Rusiya ilə Azərbaycan arasında informasiya əməkdaşlığının hazırkı səviyyəsi ikitərəfli münasibətlərin qarşısında duran strateji vəzifələrə cavab vermir. Bu əməkdaşlıq hələ başlanğıc mərhələsindədir, hətta daha açıq desək, demək olar ki, görünmür. İki ölkənin informasiya məkanları hələ də bir-biri üçün qapalı sistem olaraq qalır. Halbuki belə olmamalıdır. Ona görə də bu günün və sabahın əsas vəzifələrindən biri media məkanlarımızı bir-biri ilə əlaqəli sistemlərə çevirməkdir. Bundan hər iki tərəf faydalanacaq. Daha çox təmas, mühüm və həssas mövzuların işıqlandırılmasında daha çox qarşılıqlı fikir və təcrübə mübadiləsi, səylərin birləşdirilməsini, kollektiv beyin həmləsini və jurnalistlərin hadisə yerində birgə fəaliyyətini tələb edən məsələlərdə daha sıx əməkdaşlıq lazımdır. Daha çox fakt, daha az sui-qəsd nəzəriyyəsi, həm də hər iki tərəfdən!
- Son dövrdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə hansı əsas dəyişiklikləri müşahidə edirsiniz və bunlar mediada necə əks olunur?
- Rusiya-Azərbaycan münasibətləri son illərdə heç də asan olmayan bir mərhələdən keçib. Bu mərhələnin ən mürəkkəb dövrü isə təyyarə ilə bağlı faciənin baş verdiyi vaxta təsadüf edib. Hazırda Rusiya Prezidenti Vladimir Putinin “emosiyalar böhranı” adlandırdığı bu mərhələnin başa çatdığına və ya artıq başa çatmaq üzrə olduğuna dair müəyyən əlamətlər var. Yuxarıda qeyd etdiyim kimi, əməkdaşlığımız bir çox istiqamətdə inkişaf edir. Söhbət iki suveren dövlət arasında patron-müştəri münasibətlərindən deyil, məhz bərabərhüquqlu münasibətlərdən gedir. Bu münasibətlərin səviyyəsini ayrı-ayrı fiziki və ya hüquqi şəxslərlə bağlı baş verən insidentlər əsasında müəyyənləşdirmək düzgün olmaz. Təəssüf ki, belə hadisələr baş verir və bundan sonra da baş verəcək. Münasibətlərin səviyyəsinə işgüzar və mədəni əməkdaşlığın dinamikası, eləcə də vətəndaş cəmiyyəti səviyyəsində əlaqələrin inkişafı əsasında qiymət vermək lazımdır. Daha bir mühüm məqam var- bu müsbət gündəliyin hər iki tərəfdə fəaliyyət göstərən, lakin dövlətlərimizi heç bir şəkildə təmsil etməyən və öz dağıdıcı məqsədlərini güdən “rəy liderləri” tərəfindən ələ keçirilməsinə yol vermək olmaz.
- Azərbaycanda olmusunuzmu? Əgər olmusunuzsa, ölkəmizdə, xüsusilə Bakıda sizin üçün ən çox yadda qalan nə olub? Sizcə, Rusiya və Azərbaycan xalqlarını bir-birinə yaxınlaşdıran hansı mədəni xüsusiyyətlər var?
- Rusiyanın informasiya məkanında lider mövqeyini qoruyan “Kommersant” qəzetinin jurnalisti, eləcə də iki ölkənin diplomatik qurumları tərəfindən yaradılmış Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) üzvü kimi dəfələrlə Azərbaycanda, o cümlədən ölkənin tərkibinə qayıdan və hazırda sürətlə inkişaf edən Qarabağda olmuşam. Oradan hazırladığım reportajlardan birini “Bütün Şuşadan” adlandırmışdım. Azərbaycan postsovet məkanında və böyük Avrasiyada təsirli uğur hekayəsidir. Bunu görməmək mümkün deyil, bunu inkar etmək isə ağılsızlıqdır. Bir rusiyalı kimi mənim üçün vacib olan həm də budur ki, bu ölkədə heç bir rusofobiya yoxdur. Üstəlik, çoxmillətli ölkə kimi “müxtəliflikdə birlik” prinsipini həyata keçirən Azərbaycanın qarşısında duran aktual strateji inkişaf vəzifələrinin həllinə rus dili və mədəniyyəti də kömək edir.
- Rusiyada yaşayan azərbaycanlıların və diaspor təşkilatlarının iki ölkə arasında ictimai və humanitar əlaqələrin inkişafındakı rolunu necə qiymətləndirirsiniz?
- Rusiyada Azərbaycan diasporu kifayət qədər çoxsayılıdır. Lakin mənə elə gəlir ki, o, tam monolit və təşkilatlanmış deyil, həmçinin məhz ayrıca ictimai fenomen kimi o qədər də fəal və nəzərəçarpan deyil. Əsasən, onu nə görmək, nə də eşitmək olur. Hərçənd, bu məsələdə yanılır da ola bilərəm.
- Sonda soruşmaq istərdim: Rusiya-Azərbaycan əlaqələrinin media və humanitar sahələrdə gələcək inkişafı üçün sizcə, hansı istiqamətlərə xüsusi diqqət yetirilməlidir?
- Bu məsələnin bir çox məqamlarına əvvəlki cavablarımda artıq toxunmuşam. Əsas ümumi vəzifə qarşılıqlı fobiyaları və stereotipləri aradan qaldırmağı öyrənmək, özünü media Herostratı elan edənlərin ardınca getməmək, Rusiya-Azərbaycan əməkdaşlığının imkanlarını və hələ tam açılmamış böyük potensialını daha fəal şəkildə izah etməkdir. Yəni müsbət gündəm formalaşdırmaq və mənfi gündəmi lövhədən silmək lazımdır. Mənfiliyi Rusiyanın və Azərbaycanın sarsılmaz, əmin əli ilə lövhədən silmək lazımdır.