Müasir populyar musiqi sənayesində Latın Amerikası mədəniyyətinin qloballaşmasında Şakira fenomeninin rolu danılmazdır. 1990-cı illərdən etibarən musiqi bazarına daxil olan və 2000-ci illərin əvvəllərində ingilisdilli albomları ilə dünya miqyasında kütləvi uğur qazanan kolumbiyalı sənətçi, pop, rok və etnik ritmlərin sintezini yaradaraq janrlararası bir körpü rolunu oynayıb.
Dünyaca məşhur ulduzların Bakıya səfərləri artıq adi hadisəyə çevrilsə də, elə qonaqlar var ki, onların Azərbaycana gəlişi illər keçsə də, yaddaşlardan silinmir. 2012-ci ilin oktyabrında Bakıya gələn kolumbiyalı müğənni Şakiranın səfəri də belə hadisələrdən biri idi.
Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələri davam etdirir. “Bakının məşhur qonaqları” layihəsində Şakiradan bəhs edirik.

Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa Şakira İsabel Mebarak Ripol 2012-ci il oktyabrın 9-da Bakıya gəlib və burada bir neçə gün keçirib. Onun səfəri yalnız konsertlə məhdudlaşmayıb. Müğənni UNICEF-in xoşməramlı səfiri kimi azərbaycanlı yeniyetmə qız futbolçularla görüşüb, FIFA U-17 Qadınlararası Dünya Çempionatının bağlanış mərasimində çıxış edib və ertəsi gün Bakı Kristal Zalında solo konsert verib.
Bakıya gəlməzdən əvvəl özü xəbər vermişdi
Şakiranın Bakı səfəri hələ Azərbaycana gəlməzdən əvvəl də diqqət çəkirdi. Müğənni rəsmi tvitter hesabında iki gün Bakıda çıxış edəcəyini yazaraq, səfəri səbirsizliklə gözlədiyini bildirmişdi.
Şakira Bakıya gəldikdən sonra komandasının üzvləri ilə birlikdə Four Seasons Hotel Baku-da yerləşib.
Oktyabrın 10-da müğənni və komandası oteldən çıxaraq Bakı Kristal Zalına məşqə yollanıb. Həmin anlar yerli media tərəfindən fotoqraf tərəfindən lentə alınıb.
Beləliklə, Şakiranın Bakıdakı ilk günləri əsasən məşqlərlə keçib. Qarşıda isə onun üçün kifayət qədər sıx proqram vardı.

Şakiranın azərbaycanlı qız futbolçularla görüşü
Sənətçinin Bakı səfərinin ən maraqlı hissəsi onun yeniyetmə qız futbolçularla görüşü olub.
UNICEF-in dəstəklədiyi milli qızlar futbol liqasının yeniyetmə oyunçuları ilə görüşən müğənni onlarla təhsilin, idmanın və qızların gələcək imkanlarının əhəmiyyəti barədə söhbət edib. Görüş Şakiranın konsert məşqləri arasındakı fasilədə keçirilib.
Şakira azərbaycanlı qızları öz gələcəkləri üçün nümunə olmağa və təhsillərini davam etdirməyə çağırıb. O, idmanın qızlara yalnız sağlam həyat tərzi qazandırmadığını, həm də cəmiyyətdə daha fəal rol oynamaq imkanı verdiyini vurğulayıb.
Görüşdə qızlardan birinin Şakiraya dediyi söz isə xüsusilə diqqətçəkən olub. 14 yaşlı Səmayə təhsil və futboldan ailə qurmaq üçün imtina etməyəcəyini bildirib. Bu fikir Şakiranın Bakıda UNICEF çərçivəsində apardığı söhbətin əsas mövzusunu da əks etdirirdi.
Şakiranın həmin görüşü ilə bağlı UNICEF-in ayrıca videosu da hazırlanıb. “Shakira believes in the girls of Azerbaijan” adlı videoda müğənninin azərbaycanlı qız futbolçularla görüşü əks olunub.

Maraqlıdır ki, UNICEF bu görüşü 2012-ci ildə ilk dəfə qeyd olunan Beynəlxalq Qızlar Günü ilə də əlaqələndirirdi. Şakiranın Azərbaycandakı mesajı qızların təhsili və idmana cəlb olunması idi.
13 oktyabr – Şakira Dünya Çempionatının bağlanışında
Şakiranın Bakı proqramının əsas hissələrindən biri FIFA U-17 Qadınlararası Dünya Çempionatının bağlanış mərasimi idi.
Müğənni oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən bağlanış mərasimində səhnəyə çıxıb. Bu, onun Bakı səfərinin ilk böyük çıxışı idi.
Ertəsi gün isə Şakira artıq öz solo konsertini verməli idi.

Şakira həmin vaxt 6 aylıq hamilə idi
14 oktyabr 2012-ci ildə Bakı Kristal Zalında keçirilən konsert Şakiranın həyatının da xüsusi dövrünə təsadüf edirdi.
Müğənni həmin vaxt hamiləliyinin 6-cı ayında idi. Maraqlıdır ki, o, hamiləliyə görə xaricdəki bir sıra çıxışlarını ləğv etsə də, Bakıdakı konsertdən imtina etməmişdi.
Məhz hamilə olduğuna görə, Şakira səhnədə əvvəlki konsertlərindəki bəzi rəqs hərəkətlərindən imtina etməli olmuşdu. Buna baxmayaraq, təxminən bir saatlıq proqram təqdim etmişdi.
Onun Bakıdakı repertuarında özünün məşhur mahnıları yer alıb. Konsertin sonunda isə sənətçinin ən populyar hitlərindən biri olan “Waka Waka” səslənib.
Lakin həmin gecə Şakiranın söylədiyi bir cümlə konsertin ən yaddaqalan məqamlarından birinə çevrilib.
Müğənni səhnədə körpəsinin də onunla birlikdə “oxuduğunu və oynadığını” hiss etdiyini deyib.
“Körpəmlə birlikdə ilk dəfə Bakıda səhnəyə çıxdıq. Özümüzü çox yaxşı hiss edirik və körpəmin mənimlə bir yerdə oxumağını və oynamağını hiss edirəm”, – deyə Şakira bildirib.

“Səni sevirəm, Bakı!”
Konsertin sonunda isə Şakira Azərbaycan tamaşaçılarına xüsusi mesaj göndərib.
“Waka Waka”nın ifasından sonra müğənni zala hava öpüşü göndərərək:
“I love you, Baku!” – “Səni sevirəm, Bakı!”, - deyib.
O, səhnəyə Kolumbiya bayrağı ilə çıxmış və gecənin sonunda Bakı tamaşaçılarının alqışları ilə yola salınmışdı.
Şakira səhnəyə çıxanda Kristal Hall tamaşaçıları ayağa qalxaraq onu alqışlamış və “Şa-ki-ra!” şüarları səsləndirmişdilər.
Müğənni konsertdən sonra sosial media hesabında səhnədə özünü necə hiss etdiyini yazıb: “Səhnədə özümü möhtəşəm hiss etdim!”
Bu ifadə onun Bakı konsertindən aldığı təəssüratın birbaşa göstəricilərindən biridir.

Bakı onun arxivində də qaldı
Maraqlıdır ki, səfər başa çatdıqdan sonra Şakira Bakıda çəkilən görüntüləri öz auditoriyasına təqdim edib.
Onun Bakı səfəri ilə bağlı hazırlanmış videoda Dünya Çempionatının bağlanışındakı çıxışı və azərbaycanlı qız futbolçularla görüşü də yer alıb. UNICEF isə həmin görüşü ayrıca videoya çevirərək Şakiranın qızların təhsili və idmanla bağlı mesajlarını yayıb.
2012-ci ilin oktyabrında Bakıya gələn Şakiranın səfərindən 14 il keçsə də, onun bu cümləsi həmin səfərin ən yaddaqalan ifadəsi olaraq qalır: “I love you, Baku!”

A.Qorxmaz