Modern.az

Vüqar Səfərli və Əflatun Amaşov “Təzadlar” barədə danışdı

Vüqar Səfərli və Əflatun Amaşov “Təzadlar”  barədə danışdı

18 Sentyabr 2009, 16:10

Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının dünən keçirilən iclasında bir sıra məsələlərlə yanaşı «Təzadlar» qəzetilə bağlı şikayətə də baxılıb. Nəticədə «Təzadlar»ın adı MŞ-nın tətrtıb etdiyi «reket» KİV-lərin siyahısına salınıb.

MŞ sədri Əflatun Amaşov Modern.az-ın müxbirilə söhbətdə Şuraya ən çox «Təzadlar» barədə şikayət daxil olduğunu söyləyib: “Dəfələrlə bu şikayətlərlə bağlı qəzet rəhbərliyinə xəbərdarlıq etmişik: «İndiyədək “Təzadlar” qəzetilə bağlı Şuraya 10-dan çox şikayət daxil olub. Hər dəfə bu şikayətlərə baxılaraq, qəzet haqqında müəyyən qərarlar çıxarılıb. Həmin qərarlar qəzet rəhbərliyinə çatdırılıb. Son olaraq qəzetdə Beynəlxalq Universitetlə bağlı gedən yazıya görə şikayət daxil olmuşdu. Həmin yazıda da qəzetin müəyyən peşə qaydlarını pozduğu aşkarlandı və «Təzadlar»a xəbərdarlıq edildi.

Qəzetlə bağlı Türkiyə səfirliyi də bizə müraciət etdi. Biz şikayətlər üzrə komissiyada həmin məsələyə baxdıq. Səs çoxluğu ilə qəzet Şuranın «qara siyahı»sına daxil edildi”.

Ə.Amaşov qəzet barəsində çıxarılan qərarın tam ədalətli olduğunu qeyd edib. Onun sözlərinə görə, qəzetlər barəsində olan şikayətlərə baxılan zaman tam ədalətli mövqe nümayiş etdirilir. Şura sədri «qara siyahı»ya daxil edilən qəzetlərin yardım almaq imkanından məhrum edildiyini də bildirib.

Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə «Təzadlar»ın «reket» qəzet

elan olunmasının layihənin icrasına heç bir aidiyyatı olmadığını bildirib: “Qəzet layihəni «reket» elan edilməzdən öncə həyata keçirmək imkanı qazanıb. Biz artıq həmin qəzetə layihənin realaşması üçün ayrılacaq vəsaitin yarısını vermişik. İlk mərhələdə layihənin necə həyata keçirilməsini araşdıracağıq. Əgər layihənin ilk mərhələsi bizi qane etməsə, ayrılacaq məbləğin digər yarısı qəzetə verilməyəcək. Qaldı «reket» məsələsinə, bunun layihənin həyata keçirilməsinə heç bir aidiyyatı yoxdur».

V.Səfərli «Təzadlar» qəzetinə gələcəkdə heç bir maliyyə yardımı ayrılmayacağını da bildirib. 

Aqil  LƏTİFOV

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi