Bəşər tarixinə nəzər salsaq, görürik ki, bəzi xalqlar yalnız öz coğrafi hüdudları daxilində deyil, bütün bəşəriyyətin təfəkküründə silinməz izlər buraxır. Xalqımız da əsrlər boyu yetişdirdiyi mütəfəkkirlər, elm xadimləri və sənətkarlarla dünya sivilizasiyasının inkişafına böyük töhfələr verib.
Modern.az xatırladır ki, bu torpaq yalnız zəngin təbii sərvətləri ilə deyil, düşüncənin, elmin və sənətin gücü ilə dünyanı fəth edən zəka sahibləri ilə tanınır.
Sözün və fəlsəfənin işığında dünyanı mənəvi baxımdan yenidən quran Nizami Gəncəvi bəşəriyyətə elə bir humanizm irsi qoyub ki, onun "Xəmsə"si əsrlər keçsə də, Şərq və Qərb ədəbiyyatının zirvəsi olaraq qalır. Nizaminin yaratdığı fəlsəfi aləm Qərbdə Höte və Şekspir kimi nəhənglərə ilham verəcək qədər dərin və bəşəridir. İmadəddin Nəsiminin insan azadlığını, şəxsiyyətin aliliyini kainatın mərkəzinə qoyan cəsarətli poetik fəlsəfəsi və Məhəmməd Füzulinin qəlblərə toxunan irfanı Şərq düşüncəsini dünya söz sənətinin zirvəsinə ucaldıb.
Azərbaycan yalnız dünyaya mədəniyyət, sənət adamları hədiyyə etməyib.
Bu gün dünya elminin, riyaziyyatın və astronomiyanın inkişaf xəttini dəyişən dahilərdən söz düşəndə ilk növbədə Xacə Nəsirəddin Tusi xatırlanır. XIII əsrdə qurduğu məşhur Marağa rəsədxanası və qələmə aldığı elmi əsərlərlə Tusi triqonometriyanı müstəqil elm sahəsinə çevirib, astronomik hesablamaları ilə sonrakı əsrlərdə Qərbdə intibah alimlərinin, o cümlədən Kopernikin istinad nöqtəsi olub. XX əsrdə bu elmi ənənə daha bir nəhəng sima ilə davam etdi-kvant mexanikası, bərk cisimlər fizikası və plazma fizikasında dönüş yaradan, 1962-ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülən Bakılı Lev Landau elmin sərhədlərini genişləndirən dünya dühaları sırasına adını yazdırdı. Lütfi Zadənin qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi isə müasir texnologiyanın, robototexnika və süni intellektin təməl daşlarından birinə çevrildi.
XIX və XX əsrlərin qovşağında bu böyük intellektual irs mədəniyyət müstəvisində yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Mirzə Fətəli Axundzadə Şərqdə dramaturqiyanın və realist təfəkkürün təməlini qoyaraq maarifçilik dalğası yaratdı. 1908-ci ildə isə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilə Şərq dünyasında ilk dəfə opera sənətinin əsası qoyuldu. Üzeyir bəy Avropa klassik musiqi formasını milli muğamla sintez edərək, mədəniyyətlərarası dialoqun ən parlaq nümunəsini təqdim etdi.
Bu təməl üzərində yetişən Qara Qarayevin simfonik dərinliyi, Fikrət Əmirovun dahi kəşfi olan simfonik muğam janrı, Rəşid Behbudovun və Müslüm Maqomayevin milyonları valeh edən səs tembri, Bəhruz Kəngərli və Səttar Bəhlulzadənin fırçasından süzülən rənglər dünya mədəniyyət xəzinəsinin ayrılmaz hissəsidir.
Azərbaycan xalqının dünya mədəniyyətinə və elminə bəxş etdiyi bu böyük simalar təkcə bir millətin deyil, bütün bəşəriyyətin mənəvi və intellektual sərvətidir.
Sonda əminliklə deyə bilərik ki, Azərbaycan yalnız maddi yox, həm də mənəvi zənginliyi ilə seçilir. Azərbaycan dünyanın inkişafına ən böyük və mühüm töhfələr verib.