Mobil operatorlar tərəfindən istifadədən çıxmış və ya bağlanmış telefon nömrələrinin yenidən satışa çıxarılması vətəndaşların rəqəmsal təhlükəsizliyinə qarşı böyük bir təhlükə yaradır. Çünki həmin nömrələr vasitəsilə əvvəlki sahibləri tərəfindən sosial şəbəkələrdə, e-poçt və digər vacib platformalarda qeydiyyatdan keçilmiş olur.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bu məsələdə hər hansı müxanizmin olmadığını, hər şeyin vətəndaşın özündən asılı olduğunu dilə gətirib.
"Vətəndaşlar özləri diqqətli olmalıdırlar. Davamlı Daxili İşlər Nazirliyi, hüquq-mühafizə orqanları, polis də bu barədə insanlarımızı maarifləndirir, bilgiləndirir. Burda insanlarımızın üzərinə böyük bir məsuliyyət düşür. İnsanlarımız sosial mediadan düzgün və sağlam istifadə etməlidirlər"
Bununla bağlı İT üzrə mütəxəssis Elşad Yusifli də bu problemin köklü həll yolunun olmadığını bildirib.
"Mobil operatorlara nömrə ləğv olunanda müştəriyə xəbərdarlıq etməyi təklif etmək olar. Yəni mobil operatorlar nömrə bağlanmazdan əvvəl son bir dəfə abunəçiyə nömrənin bağlanacağını bildirməlidir. Əsas problem onda yaranır ki, bank hesabları, OTP (birdəfəlik kod) doğrulama sistemləri və digər maliyyə resursları həmin nömrəyə bağlı olur. Nəticədə ciddi maliyyə problemləri ortaya çıxır. Sistemə daxil olmaq mümkün olmur, hər hansı vacib əməliyyat zamanı göndərilən SMS-i almaq olmur və nömrəni sistemlərdə dəyişmək böyük çətinlik yaradır.
Burada ən böyük problem vətəndaşın nömrənin bağlandığından çox vaxt xəbərinin olmamasıdır. Bir də görür ki, nömrə işləmir, öyrənəndə isə bəlli olur ki, artıq bağlanıb və başqa birinə satılıb."