Modern.az

Hazırkı dövr vahid dövlət siyasətinin həyata keçirilməsini tələb edir - MÜSAHİBƏ

Hazırkı dövr vahid dövlət siyasətinin həyata keçirilməsini tələb edir - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 10:00

Azər Əmiraslanov: "Müharibədə milli iqtisadiyyatımız döyüşdü, üzüağ çıxdı"

“İcra hakimiyyəti idarəçilik məktəbidirsə, parlament siyasət məktəbidir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Modern.az saytına geniş müsahibə verib. Deputat bu günə qədər mətbuatda toxunulmayan xeyli maraqlı məqamlara aydınlıq gətirib.

Parlamentə qayıdış və iki hakimiyyət qolunda çalışmağın fərqi

– Azər müəllim, siz uzun illər ali icra hakimiyyəti sistemində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra parlamentə qayıtmısınız. Artıq iki ildir ki, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri kimi fəaliyyət göstərirsiniz. Parlament həyatına uyğunlaşmaq sizin üçün çətin olmadı ki?

– Vaxtilə 3-cü çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyimə görə, bu, mənim parlamentə gəlişim yox, yenidən dönüşüm hesab olunur. Bu baxımdan yenidən Milli Məclisə qayıtmağım və komitə sədri kimi fəaliyyətim adaptasiya üçün uzunmüddətli dövr tələb etmədi. Baxmayaraq ki, 3-cü çağırışda deputat kimi səlahiyyətlərim 5 il deyil, 3 il davam etmişdi. Həm də Nazirlər Kabinetində işlədiyim dövrdə rəhbərlik etdiyim İqtisadiyyat şöbəsi bilavasitə büdcə zərfinin, iqtisadi sahədə normativ-hüquqi aktların, hökumətin hesabatının hazırlanması ilə məşğul olduğuna görə parlamentlə sıx əməkdaşlıq edirdik.  


– Hakimiyyətin hər iki - həm icraedici, həm də qanunverici qolunda çalışmaq sizin üçün nə ifadə edir?

– Həm parlamentdə, həm də icra strukturlarında təmsil olunmaq hər iki sistemin fəaliyyət mexanizmini və xüsusiyyətlərini öyrənmək, onların iş prinsiplərinə bələd olmaq imkanı verir. 

Parlament də, Prezident Administrasiyası da, Nazirlər Kabineti də bütövlükdə dövlət hakimiyyətinin qanunvericilik və icra hakimiyyəti qollarını təmsil etməklə fərqli konstitusion və institusional statuslara malik dövlət təsisatlarıdır. Onların hər birinin öz funksiyası və məsuliyyət sahəsi olsa da, bütövlükdə vahid dövlət siyasətinin həyata keçirilməsinə xidmət edir və bir-birlərini tamamlayırlar.

Dövlət hakimiyyətinin müxtəlif qollarında çalışmaq həm şərəfli, həm də məsuliyyətlidir. Bu, eyni zamanda sənə göstərilən böyük bir etimaddır və heç bir halda bu etimada zərrə qədər də olsun kölgə salmamalısan.  

- Xidməti fəaliyyət baxımından icra hakimiyyəti sistemi ilə qanunverici orqan arasında əsas fərq nədən ibarətdir?  

- Əsas fərq bu strukturların mandatında, funksional fəaliyyətində və məsuliyyətin formasındadır. Belə ki, icra hakimiyyətində qərarların hazırlanması və icrası, parlamentdə isə həmin siyasətin qanunvericilik bazasının formalaşdırılması, qanun layihələrinin təqdimatı və müzakirəsi, seçicilərlə iş, beynəlxalq fəaliyyət, parlament diplomatiyası ön plana keçir. 

İcra hakimiyyətində qərarları məmur korpusu hazırlayır, layihələr müxtəlif icra strukturları tərəfindən razılaşdırılır və dövlət başçısına təqdim olunur.

Parlamentdə isə proses fərqli mərhələyə keçir. Prezidentin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri Milli Məclisdə müzakirəyə çıxarılır. Bu o deməkdir ki, layihə ilə bağlı artıq siyasi qərar, dövlət başçısının siyasi iradəsi var. Yəni bu layihələr dövlət siyasətinin müəyyən istiqamətləri üzrə formalaşmış siyasi və hüquqi mövqeni ifadə edir.

Komitə kimi bizim əsas vəzifəmiz təqdim olunan qanunvericilik təşəbbüslərinin peşəkar müzakirəsini təşkil etmək, onların məqsəd və mahiyyətini qiymətləndirmək, zəruri təklifləri nəzərdən keçirmək və formalaşdırdığımız mövqeni plenar iclasa çıxararaq parlament qarşısında əsaslandırmaqdır. Prezidentin dövlətin strateji prioritetlərindən irəli gələn qanunvericilik təşəbbüsləri isə parlament, o cümlədən komitə tərəfindən ardıcıl şəkildə dəstəklənir.

“Məmur və deputat məsuliyyətinin xarakteri fərqlidir”

– Bəs məmurun və parlamentarinin məsuliyyət yükü icra hakimiyyəti sistemi ilə qanunverici orqan arasında necə fərqlənir?

– Burada söhbət sadəcə məsuliyyətin “çox və ya az” olmasından deyil, məsuliyyətin xarakterindən gedir.

İcra və ya qanunverici orqan olmağından asılı olmayaraq, bu vəzifələrin hər biri səlahiyyət və statusdan də əvvəl böyük məsuliyyətdir və dövlətə xidmət etmək imkanıdır.

Qanunvericilik orqanında təmsil olunan şəxsin millət vəkili kimi, ali icra hakimiyyətində çalışan şəxsin yüksək rütbəli dövlət qulluqçusu kimi, hökumət işçisinin isə texnokrat məmur olaraq məsuliyyəti var.

Vaxtilə mən cənab Prezidentin köməkçisi olmuşam və bunu həyatımın, xidməti fəaliyyətimin ən şərəfli, qürurverici mərhələsi hesab edirəm. Həmin vəzifənin hər zaman mənəvi məsuliyyətini hiss edirəm. Bu məsuliyyəti bu gün də parlamentdə komitə sədri kimi daşımağa davam edirəm.

Ümumiyyətlə, məmur və deputat məsuliyyətini müqayisə etsək, icra strukturlarında məsuliyyət reqlamentləşdirilmiş olur. Deputat isə dövlət məmurundan daha sərbəstdir, amma onun da məsuliyyəti var. O, seçiciləri ilə daimi əlaqə saxlayır, fəaliyyəti barədə onları məlumatlandırır və onların qarşısında yüksək ictimai-siyasi məsuliyyət daşıyır. Qanun qarşısında isə hər birimizin məsuliyyətimiz eyni dərəcədədir.

- Qeyd etmək istəyirsiz ki, parlament platformasında fəaliyyət göstərmək icra strukturunda işləməklə müqayisədə heç də az məsuliyyətli deyil. Doğrudurmu?

- Parlamentdə məsuliyyət başqa məzmun və xarakter daşıyır. Qanunvericilik prosesi qanun layihələrini hazırlamaqdan, təqdim etməkdən və müdafiə etməkdən ibarətdir. Mən bu prosesin birinci mərhələsində məmur kimi iştirak etmişəm və bunun məsuliyyətini daşımışam. Parlamentdə isə ikinci və üçüncü mərhələlərin məsuliyyəti üzərimizə düşür. 

Ali icra hakimiyyəti strukturlarında məmur olaraq əgər cənab Prezidentə imzalanmaq üçün təqdim edilən layihələri işləyirsənsə, bunların hazırlanmasına əmək sərf edirsənsə, bu xüsusi bir məsuliyyətdir. Dövlət başçısının imzası ilə təqdim olunan qanun layihələrinin parlamentdə müzakirəyə çıxarılması isə bundan da artıq məsuliyyətdir. Çünki həmin layihələr dövlət başçısının imzasına layiq bir şəkildə plenar iclasda müzakirəyə təqdim olunmalıdır. 

- Yəqin razılaşarsınız ki, komitə sədrinin məsuliyyəti ikiqat ağırdır. Elə deyilmi?

- Komitə sədrinin funksiyası sadəcə qanun layihəsini plenar iclasda təqdim etməklə məhdudlaşmır. Layihələrin uğurlu təqdimatı onların ilkin olaraq komitədə müzakirəsinin təşkilindən asılıdır. Komitə sədri deputat kimi qanunvericilik təşəbbüsü hüququna malik olmaqla yanaşı, komitənin rəhbəri kimi parlamentlə aidiyyəti dövlət qurumları arasında mühüm institusional əlaqələndirmə funksiyası da həyata keçirir. Bu zaman icra strukturları ilə sağlam, işgüzar və konstruktiv əməkdaşlığın qurulması vəzifəsi komitə sədrinin üzərinə düşür.

Komitə sədrinin üzərinə layihəni sadəcə təqdim etmək deyil, onun fəlsəfəsini və məqsədini dövlətin prioritetləri kontekstində izah etmək, iqtisadi və hüquqi arqumentlərini əsaslandırmaq və alternativ mövqelərə münasibət bildirməkdir.

Qanun layihələri ən yüksək səviyyədə təqdim olunmaqla yanaşı, eyni zamanda onların mahiyyəti cəmiyyətə və mətbuata dolğun şəkildə çatdırılmalı, onlarla bağlı hər hansı açıq sual qalmamalıdır.

Keçmiş məmurların parlamentə gəlişi nə verir?


- Azərbaycan parlamentində məmur korpusundan gələn çox sayda deputat təmsil olunur. Bu baxımdan məmurların parlamentə transferinin məqsədini necə izah edə bilərsiniz?

- Bunu konkret bir siyasi qərarın şərhi kimi təqdim etmək doğru olmazdı. Lakin çıxarılan nəticə ondan ibarətdir ki, institusional baxımdan bu tendensiyanı idarəçilik təcrübəsinin siyasi təcrübə ilə tamamlanması kimi xarakterizə etmək olar. Bunu “idarəçilərin parlament formatlı siyasət məktəbinə keçidi” də adlandıra bilərik.

İcra hakimiyyətində yüksək vəzifə tutmaq məmuru güclü idarəçi edərək qərar hazırlamağı, dövlət aparatını, subordinasiyanı, resursların idarə edilməsini, xidməti və inzibati məsuliyyəti öyrədir. Amma bunların hamısı avtomatik olaraq həmin şəxsi siyasətçi etmir. Siyasətçi olmaq üçün başqa keyfiyyətlər sistemi tələb olunur. Parlament isə həmin keyfiyyətlərin formalaşması və inkişafı üçün mühüm siyasi mühitdir. Başqa sözlə, yüksək dövlət idarəçiliyi təcrübəsi ilə yüksək siyasi təcrübə eyni şey deyil.

Keçmiş yüksək vəzifəli məmurların parlamentdə təmsilçiliyinin bəzi mühüm üstünlüklərini görmək mümkündür. Belə ki, dövlət idarəçiliyində toplanmış təcrübə parlamentə gətirilir. Keçmiş nazir, komitə rəhbəri, Prezident Administrasiyası və ya hökumət strukturlarında çalışmış şəxs, yerli icra hakimiyyəti başçısı, diplomatik korpusun nümayəndələri qanunun yalnız mətnini və mahiyyətini deyil, onun əsaslandığı dövlət siyasətini və idarəetmə mexanizmini də bilir. Bu baxımdan məmur korpusunun Milli Məclisdə təmsil olunması parlamentin fəaliyyətinə müəyyən praktiklik gətirir, reallıqların daha həssaslıqla nəzərə alınmasına imkan yaradır.

Bu cür “transferlər” icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında institusional anlaşmanı gücləndirir, idarəçilik təcrübəsi siyasi təcrübə ilə tamamlanır və beləliklə, dövlət siyasətinə iki müxtəlif pəncərədən baxmaq imkanı yaranır.

Parlamentdə təmsil olunan şəxs burada yalnız danışmağı deyil, dinləməyi, yalnız mövqeyini müdafiə etməyi deyil, opponent fikrini nəzərə almağı öyrənir. Seçici, media, parlament polemikası və ictimai rəy məmurun əvvəlki təcrübəsində olmayan yeni keyfiyyətlər yaradır.

Məmur qərarın necə hazırlanmasını və icra edilməsini, parlamentari isə həmin qərarın necə əsaslandırılmasını və cəmiyyətə təqdim olunmasını öyrənir. Dövlət idarəçiliyində təcrübəsi olan şəxslərin parlamentə gəlməsini yalnız vəzifə dəyişikliyi kimi deyil, müəyyən hallarda siyasi təcrübənin genişləndirilməsi və dövlət kadr potensialının daha universal formalaşdırılması kimi də qiymətləndirmək mümkündür.

İcra hakimiyyəti sistemi dövlət idarəçiliyi məktəbidirsə, parlament siyasət məktəbidir. Hər iki məktəbi keçmiş şəxslərin isə dövlət idarəçiliyinə və siyasətə baxış bucağı daha geniş olur.

Azərbaycanda siyasi sistemin və idarəetmənin əsas xüsusiyyətlərindən biri vahid dövlət siyasətinin həyata keçirilməsidir. Bu siyasətin səmərəli və ardıcıl icrası qanunvericilik orqanının hökumət qurumları ilə işgüzar münasibətlərinin davam etdirilməsini tələb edir. 

“İcra hakimiyyətində təcrübəm parlament fəaliyyətimə kömək edir”

– Konkret olaraq, icra strukturlarında qazandığınız məmur təcrübəsi komitənin ümumi fəaliyyətində nə dərəcədə faydalı olur?

– Ən azı onu nəzərə almalıyıq ki, icra strukturlarında çalışarkən dövlət idarəetmə mexanizmini və qərarların qəbulu prosesini daha dərindən öyrənmək imkanı əldə edirsən. 

Məsələn, vaxtı ilə Prezident Administrasiyasında çalışmaq, dövlət başçısının birbaşa tapşırıqlarını icra etmək ali rəhbərliyin baxışlarını, gözləntilərini və təşəbbüslərini daha yaxından öyrənmək imkanı qazandırır. Bu təcrübə parlament fəaliyyətində dövlət siyasətinin strateji prioritetlərini və idarəetmə mexanizmlərini daha dərindən anlamağa, onları qanunvericilik müstəvisində həssaslıqla nəzərə almağa imkan verir.

İcra strukturunda fəaliyyət göstərmək qanunvericilik prosesinə, parlamentdəki fəaliyyətə həm də hökumət müstəvisindən baxmağa şərait yaradır. Biz qanunvericiliyə dövlət prioritetlərinin həyata keçirilməsinin hüquqi təminatı kimi baxırıq. Belə ki, parlamentdə qanunvericilik fəaliyyəti dövlət siyasətinin formalaşdırılmasının son mərhələlərindən biridir. Strategiya müəyyən olunur, sonra dövlət proqramları, daha sonra onların reallaşdırılması üçün qanunvericilik bazası tələb olunur. Bu halda icra hakimiyyətində iş təcrübəsi məsələlərə dövlət strategiyası prizmasından baxmağa, ali rəhbərliyin bununla bağlı baxışlar sistemini və mövqeyini nəzərə almağa imkan verir.

– Siyasətçi kimi parlament üzvü olmaqla dövlət məmuru olmaq arasında sizin üçün əsas fərq nədir?

– Dövlət məmuru dövlət qulluğu prinsiplərini, dəyərlərini əsas götürür. Dövlət qulluğunda fəaliyyət daha ciddi şəkildə reqlamentləşdirilir. Dövlət məmuru daha çox inzibati funksiyaları həyata keçirir və siyasətçi qədər publik fiqur deyil. 

Parlament üzvü isə daha ictimailəşmiş şəxsdir. O daha açıq fəaliyyət göstərir. Millət vəkilisənsə, gözlənilməz situasiyalara və medianın gözlənilməz suallarına hazır olmalısan.

İstər dövlət məmuru, istər millət vəkili üçün əsas dəyərlər ləyaqət, dürüstlük, dövlətə sədaqət və dövlətə vicdanla xidmətdir.


- Bəs qanun layihələrinin hazırlanması prosesi icra və qanunvericilik orqanında hansı özünəməxsus xüsusiyyətlərə malikdir?

- Nəzərə almalıyıq ki, qanun layihələrinin hazırlanması əsasən Prezident tapşırıqlarından, imzalanmış fərman və sərəncamların müddəalarından irəli gəlir. Çünki həmin layihələrın hazırlanması dövlət strategiyası və siyasətinin, dövlət proqramlarının reallaşdırılmasının hüquqi bazasının yaradılması məqsədini daşıyır. İcra strukturlarında qanun layihəsi hazırlanarkən sənəd aidiyyəti dövlət qurumları ilə razılaşdırılır. Çünki “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə əsasən, bu kimi layihələr müvafiq orqanlarla razılaşdırılmalı, onların rəyi alınmalıdır. Hökumətdə çalışdığımız dövrdə təqdim olunan layihələrin bütün aidiyyəti qurumlarla razılaşdırılmasına və onların müsbət rəyinin alınmasına diqqət yetirirdik. Bəzən müxtəlif dövlət qurumlarının eyni sənədlə bağlı fərqli mövqeləri ola bilirdi. Sonda isə həmin layihələr vahid mövqeyi ifadə edən sənəd kimi cənab Prezident tərəfindən imzalanaraq parlamentə təqdim olunur.

Prezidentin qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim edilən layihə həmin mərhələdə dövlət siyasətinin formalaşmış yekun hüquqi və siyasi mövqeyini ifadə edir.

Parlamentdə isə layihə açıq siyasi və hüquqi müzakirədən keçir, deputatların mövqeləri dinlənilir və Milli Məclis öz konstitusion səlahiyyətləri çərçivəsində müvafiq qərar qəbul edir.

"Parlamentdə tənqid hakimiyyətə qarşı çıxmaq demək deyil"

– Parlamentdə fikir ayrılıqlarının, opponent rəylərinin və siyasi diskussiyaların rolunu necə qiymətləndirirsiniz?

– Parlamentdə fikir ayrılığı və siyasi diskussiyalar vacibdir və tamamilə təbiidir. Çünki parlament mühiti bunu tələb edir. 125 millət vəkilinin hər birinin fərqli baxışı, yanaşması var. Parlament üzvləri arasında müxtəlif siyasi partiyaları təmsil edən həmkarlarımız da fəaliyyət göstərirlər.

Belə bir mühitdə fikir ayrılıqları və diskussiyalar təbiidir. Məsələn, komitəmizin təqdim etdiyi layihələrlə bağlı biz bunu daha çox görürük. Bununla belə, qaldırılan hər bir məsələyə hörmətlə yanaşırıq. Plenar iclaslarda da opponent fikirlərinə Milli Məclisin rəhbərliyi tərəfindən hər zaman tolerantlıq nümayiş etdirilir. 

Qanun layihəsini təqdim edən şəxs öz mövqeyinə görə məsuliyyət daşıdığı kimi, tənqid səsləndirən millət vəkili də öz fikirlərinə görə məsuliyyət daşıyır. Çünki tənqid tənqid naminə deyil, konstruktiv olmalıdır. Konstruktiv yanaşma layihənin təkmilləşdirilməsinə xidmət edirsə, təqdirəlayiq hesab edilir və müəyyən edilmiş qaydada nəzərə alınır.

Nəzərə almalıyıq ki, hökumətdə də, icra strukturları daxilində də bir qayda olaraq müxtəlif baxışlar və üst-üstə düşməyən rəylər olur. Önəmli olan bu fərqli yanaşmaları bir ortaq nöqtədə birləşdirməkdir.


– Parlamentdə millət vəkillərinin tənqidi çıxışları hakimiyyətin tənqidi kimi başa düşülə bilərmi? Bu məsələyə sizin münasibətinizi bilmək istərdik. 

- Öncə qeyd edək ki, Milli Məclisin ölkəmizdə vahid dövlət siyasətinin həyata keçirilməsinə çox böyük töhfəsi var. Parlament tərəfindən möhtərəm cənab Prezidentin bütün qanunvericilik təşəbbüsləri ardıcıl şəkildə dəstəklənir. Olduqca həssas bir dövrdə dövlət mənafeyimiz və milli maraqlarımızın qorunması məhz belə bir ardıcıl mövqeyi və siyasi xətti tələb edir və şərtləndirir.   

Parlamentdə səslənən hər bir tənqidi avtomatik olaraq dövlətin siyasi kursunun və ya bütövlükdə hakimiyyətin tənqidi kimi qiymətləndirmək doğru olmaz. Çox vaxt söhbət konkret dövlət orqanının fəaliyyətindən, icra prosesindəki çatışmazlıqdan və ya müəyyən siyasətin həyata keçirilmə mexanizmindən gedir. Biz siyasi və institusional baxımdan hakimiyyət, hökumət, dövlət orqanları kimi anlayışları fərqləndirməliyik. İcra prosesindəki çatışmazlıqları və zəif bəndləri göstərmək siyasi kursu tənqid etmək demək deyil. Onu da nəzərə alaq ki, bir çox dövlət proqramlarında, strategiya sənədlərində müəyyən sahələrin SWOT analizi aparılır. Yəni güclü tərəflər və imkanlarla yanaşı, zəif tərəflərlə, risklər göstərilir. Bu cür yanaşma həmin sənədlərin praktikliyinə və nəticəliliyinə xidmət edir.   

Nəzərə almalıyıq ki, parlamentin funksiyası həm də dövlət büdcəsini təsdiqləmək, onun icrasına nəzarət etmək, dövlət proqramlarının həyata keçirilməsi vəziyyətini, hökumətin və digər dövlət qurumlarının fəaliyyətini müzakirə etmək və təkliflər irəli sürməkdir. Hökumətin fəaliyyətinə rəy bildirilməsi parlamentin əsas mandatlarından biridir. Nazirlər Kabinetinin fəaliyyətinə dair hesabatın Milli Məclisə təqdim edilməsi kimi konstitusion prosedur da məhz bununla bağlıdır. 

Deputatın hökumətin fəaliyyətini sağlam, konstruktiv tənqid etməsi özü də müəyyən mənada hökumətin fəaliyyətinə dəstək verilməsidir.

- Bəs məmurun və millət vəkilinin media fəaliyyəti, fəallığı arasında fərqlər nədən ibarətdir? 

- Millət vəkili mediaya açıq olmalıdır, publik şəxs kimi çıxış etməlidir. Məhz bu baxımdan da mətbuatla iş sahəsində millət vəkili həm təcrübə toplamalı, həm də onun bir media immuniteti yaranmalıdır. Bu immunitet mətbuatdan qorunmaq deyil, bütün hallarda öz üslubunu təqdim etməkdir.

İcra hakimiyyətində çalışan məmur, bir qayda olaraq, dövlət institutun nümayəndəsidir. Onun media davranışı daha çox xidməti subordinasiya, səlahiyyət dairəsi, müvafiq sistemin qaydaları və konkret dövlət mövqeyi ilə çərçivələnir.

Deputat açıq siyasi məkanda fəaliyyət göstərir. O, həm konstitusion institutun nümayəndəsidir, həm seçicinin təmsilçisidir, həm də fərdi siyasi simaya malik publik şəxsdir. Parlamentari üçün media ilə işləmək sadəcə PR məsələsi deyil, peşəkar keyfiyyətdir və müəyyən mənada parlament fəaliyyətinin tərkib hissəsidir.

Deputat mətbuat qarşısında mövqeyini əsaslandırmağı, sərt suallara cavab verməyi, tənqidə dözümlü olmağı öyrənir. Məmur üçün təmkin və reqlament nə qədər vacibdirsə, parlamentari üçün kommunikasiya və ictimai polemikaya hazırlıq bir o qədər zəruridir.

“Deputat bloger və ya influenser məntiqi ilə fəaliyyət göstərməməlidir”


- Bir qədər əvvəl məmurun media immunitetindən danışdıq. Deputat isə ictimai şəxsdir və media ilə ünsiyyətdə olmalıdır. Sizin mediaya uyğunlaşmağınız nə qədər vaxt apardı? Haqqınızda tənqidi yazılar görəndə necə reaksiya verirsiniz? Sizdə media immuniteti yaranıbmı?

– Təbii ki, yaranıb. Mənim mətbuatla əməkdaşlığım hələ 1988-ci ildən - İqtisad Universitetinin birinci kursunda oxuduğum vaxtdan başlayıb. Hələ tələbəlik illərində çox nüfuzlu, peşəkar və təcrübəli jurnalistlərlə əməkdaşlığım olub və onlardan çox şey öyrənmişəm. Öz peşəsinə hörmətlə yanaşan, analitikası olan jurnalistlərin məqalələri hər zaman maraqla qarşılanıb və təqdir edilib. Media təkcə müxtəlif ictimai-siyasi, sosial-iqtisadi məsələləri işıqlandırmır, həm də məmurda və ya millət vəkilində məsuliyyət yaradır, onların intellektual baxımdan formada qalmalarına kömək edir. Xüsusilə də, millət vəkili öz parlament fəaliyyətini demək olar ki, media mənsubları ilə birlikdə həyata keçirirlər. Azərbaycanda istedadlı jurnalistlər çoxdur və onların fəaliyyətini yüksək qiymətləndiririk. Onların arasında imzasını artıq təsdiq etmiş dostlarımız da az deyil...

Peşəkar jurnalist yazıları hətta bizə ünvanlanmış tənqiddən ibarət olsa belə, dəyərləndiriləcəkdir. Lakin bir də var məzmunu, məramı bilinməyən sosial media şərhləri... 

Sosial şəbəkədə fəal istifadəçi olmaq dövlətçilik təfəkküründən və dövlət ərkanından, etik davranış qaydalarından uzaqlaşmağa əsas vermir. 

– Bu gün sosial medianın təsiri getdikcə artır, klassik media isə müəyyən mənada yerini sosial şəbəkələrə verir. Belə bir fikir var ki, deputat cəmiyyətə daha yaxın olmaq üçün sosial şəbəkələrdə fəal olmalıdır. Siz buna necə baxırsınız?

– Hər bir millət vəkili özünün kommunikasiya siyasətini və texnologiyasını özü müstəqil, uyğun bildiyi şəkildə müəyyənləşdirir. Və hər bir mövqeyə də hörmətlə yanaşırıq. Mənim şəxsi yanaşmama görə, millət vəkili öz siyasi və parlament fəaliyyətini bloger və ya influenser məntiqi üzərində qurmamalıdır. Deputatın əsas funksiyası sosial şəbəkədə daim kontent yaratmaq, gündəlik hadisələrə operativ reaksiya vermək və ya populyarlıq qazanmaq deyil. Deputat öz fəaliyyətini həddindən artıq sosial şəbəkə məntiqinə tabe etdirirsə, onda siyasət və qanunvericilik işi tədricən populizmə, gündəlik reaksiya yarışına və görüntü yaratmağa çevrilə bilər. 

Nəzərə almalıyıq ki, parlament fəaliyyəti bir qayda olaraq araşdırma, hüquqi və iqtisadi ekspertiza, uzunmüddətli təhlil, tədqiqat və düşüncə tələb edir. Bunlar sosial şəbəkənin sürətli və emosional formatı ilə uzlaşmır.

Amma müasir dövrdə millət vəkili bloger olmasa da, publik şəxs kimi əlçatan və görünən olmalıdır. Deputatın cəmiyyətlə kommunikasiyası onun fəaliyyətinin ayrılmaz hissəsidir. Bununla belə, sosial media millət vəkili üçün özünü nümayiş etdirmə platforması deyil, seçicini məlumatlandırmaq, parlament fəaliyyəti barədə hesabat vermək, çıxışlarını paylaşmaq imkanıdır. Sosial media parlamentari üçün məqsəd deyil, vasitədir. Fikrimcə, deputatın sosial şəbəkədə fəallığının keyfiyyətini postlarının və ya izləyicilərinin sayı deyil, onun seçicilərlə nə dərəcədə səmərəli kommunikasiya qurması müəyyən edir.

Deputatlara və parlamentə münasibətdə sosial medianın rolu


- Cəmiyyətdə sanki belə bir fikir var ki, Azərbaycanda parlamentə, deputatlara münasibət birmənalı deyil. Ya narazılıq var, ya da münasibət mənfidir. Hətta savadlı və peşəkar deputat haqqında da sosial şəbəkələrdə dərhal “savadsızdır”, “seçilməyib” kimi ifadələr yazılır. Bu münasibətin səbəbini nə ilə izah edirsiniz?

- “Cəmiyyət parlamentin, deputatların fəaliyyətindən narazıdır, münasibəti mənfidir” kimi ümumiləşdirilmiş hökm vermək doğru deyil.
Birincisi, cəmiyyət vahid monolit subyekt deyil. Cəmiyyətdə parlamentin fəaliyyətini müsbət qiymətləndirən, tənqid edən, həm də ümumiyyətlə parlamentin fəaliyyəti haqqında dərin məlumatı olmayan müxtəlif sosial qruplar var. Buna görə ayrı-ayrı şərhləri bütövlükdə “cəmiyyətin mövqeyi” kimi təqdim etmək obyektiv olmaz.
İkincisi, “cəmiyyət narazıdır” fikri səsləndirilirsə, bunun əsası olmalıdır. Hansı sosioloji sorğuya əsaslanırıq? Sosial şəbəkələrdə səslənən ən kəskin şərhlərimi nəzərdə tuturuq? Əgər belədirsə, bunu bütün cəmiyyətin mövqeyi kimi təqdim etmək düzgün deyil. Çünki sosial media ictimai rəyin bir hissəsidir, bütövlükdə cəmiyyətin özü deyil.
Üçüncüsü, parlamentin hansı fəaliyyət istiqaməti qiymətləndirilir? Qanunvericilik fəaliyyəti, deputatların seçicilərlə işi, parlament nəzarəti, yoxsa parlamentin mediada görünüşü? Bu qiymətləndirmənin meyarları nədir? 

Məncə biz parlamentin tənqid olunması ilə ona qarşı qərəzli, əsassız münasibəti fərqləndirməliyik. Tənqid ilə instituta etimadsızlığı bir-birindən ayırmaq lazımdır. Vətəndaşın “deputatlar daha fəal olmalıdır”, “parlament nəzarəti güclənməlidir”, “müzakirələr daha canlı olmalıdır” deməsi parlament institutuna etimadsızlıq demək deyil. Əksinə, belə tələblər çox zaman parlamentdən daha çox şey gözlənildiyini göstərir. Vətəndaşın əhəmiyyət vermədiyi institutdan gözləntisi olmaz. 

Biz təbii ki, sosial medianın rəyini, hətta səslənən tənqidi fikirləri nəzərə almalıyıq. Lakin konstruktiv rəy və təkliflərlə bəzi sosial şəbəkələrdəki qərəzli, qeyri-sağlam şərhləri eyniləşdirmək olmaz. Belə yanaşmalar həm sosial mediaya, həm də jurnalist adına kölgə salır. Sosial şəbəkələrdə sistemli şəkildə əsassız ittiham və şəxsi qarayaxma xarakterli yanaşmalara da rast gəlinir. 

Parlament müstəvisində tənqidi təbii dəyərləndiririksə, onun özünün də tənqid obyekti olmasını normal qəbul etməliyik. Düşünürəm ki, hər bir millət vəkili parlamentin konstitusion, qanunverici və siyasi institut kimi təhlilinə və akademik tədqiqinə, onun siyasi, iqtisadi və hüquqi sistemin islahatlarında roluna, yeni çağırışların nəzərə alınmasına dair analitik şərhləri böyük məmnuniyyətlə oxuyar və təqdir edər. 

Məncə, sosial mediada müəyyən tənqidi şərhlərlə yanaşı, Milli Məclisin rəhbərliyinin və deputatların dövlətimizin maraqlarını beynəlxalq tribunalarda qətiyyətlə qoruması, Milli Məclisin parlament diplomatiyasına ciddi töhfəsi, millət vəkillərinin beynəlxalq tədbirlərdə ardıcıl milli və dövlət təəssübkeşliyi nümayiş etdirməsi, parlamentin işinin səmərəli təşkili ilə bağlı qeydləri obyektiv mövqe sərgiləmiş olardı.   

Qanun layihələri üzərində aparılan iş, ekspertlərlə aparılan müzakirələr, dövlət qurumları ilə əməkdaşlıq, beynəlxalq fəaliyyət cəmiyyətə çox vaxt görünmür. Bu səbəbdən parlamentin görünən fəaliyyəti ilə real fəaliyyəti arasında fərq yaranır.

Söhbət konkret millət vəkilinə ictimai münasibətdən gedirsə, onun üçün ən yaxın və birbaşa ictimai rəy həlqəsi seçildiyi dairənin seçiciləridir.

Eyni zamanda, deputat yalnız öz seçki dairəsinin nümayəndəsi deyil. O, ümummilli qanunverici mandat daşıyır. Buna görə deputat üçün ictimai münasibətin birinci həlqəsi onun seçiciləridirsə, daha geniş həlqəsi bütövlükdə cəmiyyət və dövlət qarşısındakı məsuliyyətidir.

- Bəs cəmiyyətin parlamentin fəaliyyətinə bu qədər həssaslıqla yanaşması nə ilə izah olunur?

- Hər şeydən əvvəl nəzərə almalıyıq ki, parlament ən çox müzakirə olunan dövlət təsisatıdır. Deputatlar daim ictimaiyyət qarşısındadırlar, onların çıxışları, mövqeləri görünür. İcra hakimiyyətinin bir çox qərarları inzibati mexanizmlər daxilində hazırlanırsa, parlamentdə fikir ayrılığı, müzakirə və polemika ictimai şəkildə baş verir. Ona görə də parlament çox vaxt digər dövlət institutlarından daha çox tənqid obyektinə çevrilir. Bu, müəyyən mənada onun açıq siyasi institut olmasından irəli gəlir.

Parlament təbiətcə siyasi institutdur. Siyasətdə isə gözlənti həmişə yüksəkdir. İnsanlar parlamenti sadəcə qanun qəbul edən orqan kimi deyil, problemlərin səsləndirildiyi, alternativ fikirlərin ifadə olunduğu əsas siyasi tribuna kimi görürlər. 

Qələbədən sonra Azərbaycanın qarşısında duran yeni iqtisadi hədəflər


– Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra cəmiyyətdə yeni gözləntilər yarandı. İnsanlar həyatlarını və fəaliyyətlərini qələbədən sonrakı dövrün tələblərinə uyğun qurmaq istəyirlər. Bəzən bu gözləntilərin doğrulmaması müəyyən məyusluq da yaradır. Bu mərhələdə parlament və rəhbərlik etdiyiniz komitə qələbənin ölkənin inkişafına və insanların rifahına daha çox təsir göstərməsi üçün hansı addımları atmalıdır? 

– Azərbaycan bu gün təkcə torpaqlarını işğaldan azad etmiş qalib ölkə deyil. O həm də dünyada nüfuzunu artıran, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi hesabına özünün dövlət və milli maraqlarını ardıcıl müdafiə edən, öz vətəndaşlarının təhlükəsizliyini etibarlı şəkildə qoruyan, dövlət idarəçiliyini modernləşdirən, ölkəmizin gələcəyi üçün strateji addımlar atan, yeni dövrün çağırışlarını nəzərə alan güclü, nüfuzlu dövlətdir. 

Şanlı Ordumuzun, qəhrəman şəhidlərimizin və qazilərimizin şücaəti hesabına qazandığımız qələbə ölkəmizin inkişafı yolunda qarşımızda dayanan maneələri aradan qaldırmaqda, uzunmüddətli inkişaf və rifah üçün möhkəm təməllər yaratmaqdadır. Bu baxımdan biz dövlətimizlə, onun strateji kursu ilə, dövlət başçısının qətiyyəti ilə qürur duyur və fəxarət hissi keçiririk.   

Təbii ki, ölkəmiz Şanlı Qələbədən sonra yeni mərhələyə qədəm qoyub. Müharibəyə qədərki dövr tamamilə fərqli idi və bu, həm dövlət büdcəsində, həm də iqtisadi siyasətdə özünü göstərirdi. Həmin mərhələ müharibəyə və qələbəyə hazırlıq dövrü idi.

Müharibə zamanı isə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritetə çevrildi, iqtisadiyyat da bu məqsədə kökləndi. Büdcə müzakirələri zamanı qeyd edirdik ki, müharibədə təkcə qəhrəman əsgərimiz, hərbi texnikamız deyil, milli iqtisadiyyatımız da döyüşür. Milli iqtisadiyyatımız və dövlət büdcəmiz bu sınaqdan qalib çıxdı.

Bu gün postmüharibə dövrünü yaşayırıq. Qarşımızda yeni çağırışlar və prioritetlər dayanır. Böyük Qayıdış Proqramı həyata keçirilir, işğaldan azad olunmuş ərazilər bərpa olunur. Bunu dövlət büdcəsinin strukturunda da görürük. Qarşıdakı dövrün əsas məsələlərindən biri bərpa prosesinin sürətlə həyata keçirilməsidir.

Eyni zamanda təhlükəsizliklə bağlı tədbirlər davam etdirilir. Bəzi qeyri-müəyyənliklər qaldığı üçün dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ayrılan xərclər hələ də böyük paya malikdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyi bunu tələb edir.

Bununla yanaşı, qalib dövlət kimi iqtisadi və sosial siyasətdə yeni prioritetlərnəzərə alınır. Söhbət müasir, innovativ və rəqəmsal iqtisadiyyatın qurulmasından gedir. Ən ali səviyyədə bu istiqamətdə təşəbbüslər artıq irəli sürülmüş və hazırda rəqəmsal keçid üzrə konkret addımlar atılmaqdadır. Təsadüfi deyil ki, Milli Məclis növbədənkənar sessiya dövründə innovativ iqtisadiyyatla bağlı mühüm qanun layihələri qəbul etdi. Cənab Prezidentin rəqəmsal inkişaf sahəsində qanunvericilik təşəbbüsü Parlament tərəfindən ən yüksək səviyyədə dəstəkləndi. Azərbaycanın davamlı iqtisadi artımı, büdcə dayanıqlığı, yüksək sosial rifah yeni innovativ iqtisadiyyatın təşəkkül tapmasından asılıdır.

Dünyada ölkələr arasında ciddi rəqabət gedir. Bu rəqabətdə geri qalmamaq üçün rəqəmsal iqtisadiyyat istiqamətində daha sürətli addımlar atılmalıdır. Qlobal səviyyədə rəqəmsal iqtisadiyyatın artım tempi 10–11 faiz olduğu halda, ənənəvi iqtisadiyyatda bu göstərici təxminən 3 faizdir. Buna görə də gələcək inkişaf yeni iqtisadiyyatın qurulması ilə sıx bağlıdır.

Azərbaycanda dövlət siyasətinin əsas prinsiplərindən və xüsusiyyətlərindən biri iqtisadi siyasətlə sosial siyasətin uzlaşdırılması və bir-birini tamamlamasıdır. Növbəti mərhələdə bu əlaqənin daha da gücləndirilməsi iqtisadiyyatın, sahibkarlığın və yeni texnologiyaların inkişafının həyat səviyyəsinə ötürülməsini təmin edəcəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ruslardan 5 ölkəyə "HÜCUM": Siyahıda Azərbaycan da var