Modern.az

Ermənistanın həqiqətə dözümsüz olduğunu nümayiş etdirir

Ermənistanın həqiqətə dözümsüz olduğunu nümayiş etdirir

Parlament

Bu gün, 20:30

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə hər zaman müstəqil xarici siyasət yürüdən Azərbaycan heç vaxt kənar qüvvələrin öz daxili işlərinə müdaxiləsinə yol verməyib. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren əraziləridir. Azərbaycan öz ərazisində akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin səfərlərini təşkil edir, həyata keçirilən bərpa və quruculuq işlərini, tarixi-mədəni abidələrini nümayiş etdirir.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, xarici diplomatların erməni işğalından azad olunmuş torpaqlarımıza növbəti səfərinin Ermənistanda bəzi revanşist dairələr tərəfindən aqressiv ritorika ilə qarşılanması ciddi suallar doğurur.

"Təbii ki, ilk sual doğuran məqam Ermənistan cəmiyyətinin müəyyən hissəsinin postmünaqişə dövründə yaranmış yeni reallıqları nə dərəcədə qəbul etməyə hazır olması ilə bağlıdır. İşğaldan azad olunmuş ərazilərə diplomatik korpusun səfərləri bir daha göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər.

Ermənistan cəmiyyəti də bu reallığı qəbul etməlidir. Lakin son baş verənlər Ermənistanın həqiqətə dözümsüz olduğunu aydın şəkildə nümayiş etdirir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyırsa, Azərbaycan ərazisində xarici diplomatların haraya səfər etməsi İrəvanda siyasi və ictimai müzakirə predmetinə çevrilməməlidir.

Ermənistanda başa düşməlidirlər ki, sülh həm də onun yaratdığı siyasi və hüquqi reallığın cəmiyyət tərəfindən qəbul olunmasını tələb edir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, digər tərəfdən xarici diplomatların Qarabağa səfərinə etiraz etmək bu iki yanaşma arasında açıq ziddiyyət yaradır. Hesab edirəm ki, bu ziddiyyət Ermənistan hakimiyyətinin üzərinə ciddi məsuliyyət qoyur.

Bu gün Cənubi Qafqazda uzunmüddətli sülhün sosial və siyasi əsaslarını formalaşdırmaq qarşıda duran əsas vəzifədir. Baş verənlər göstərir ki, Ermənistan cəmiyyətində əsaslı transformasiya baş verməlidir. Azərbaycanın suverenliyi yalnız rəsmi bəyanatlarla yanaşı, siyasi düşüncədə və ictimai münasibətdə də qəbul olunmalıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?