Özbəkistanda pensiya yaşının artırılması planlaşdırılır.
Modern.az xəbər verir ki, Özbəkistan Maliyyə Nazirliyinin hazırladığı layihəyə əsasən, pensiya yaşının kişilər üçün 63, qadınlar üçün isə 58 yaşa çatdırılması təklif olunur.
Dəyişikliyin 2028-ci ildən etibarən mərhələli şəkildə tətbiqinə başlanılması nəzərdə tutulur. Pensiya yaşı hər il 3 ay artırılacaq və 2039-cu ilədək müəyyən edilmiş həddə çatdırılacaq. Bundan başqa, minimum əmək stajının 7 ildən 15 ilədək artırılması təklif edilir. Bu dəyişiklik də mərhələli şəkildə həyata keçiriləcək.
Layihəyə əsasən, 2030-cu ildən pensiya yığımlarının dondurulması qaydasının ləğvi də planlaşdırılır. Beləliklə, vətəndaşlara pensiya yığımlarından vaxtından əvvəl mənzil və ya sağlamlıqla bağlı xərclər üçün istifadə etməyə icazə verilə bilər.
Qeyd olunur ki, Özbəkistanda gənclərin əhalinin ümumi sayındakı payı dünya üzrə orta göstəricidən xeyli yüksəkdir. Ölkə əhalisinin yarıdan çoxunu 30 yaşadək insanlar təşkil edir.