Mayın 5-də Qara dəniz üzərində Rusiya qırıcısı və Polşa təyyarəsinin iştirakı ilə baş verən insidentdən sonra NATO-nun Hava Məkanının Mühafizəsi üzrə Xüsusi Missiyasının bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi alyansın adının açıqlanmasını istəməyən rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
“NATO-nun təhlükəsizlik bölmələri Rumıniya yaxınlığında Qara dəniz üzərində Polşanın “Frontex” missiya təyyarəsi yaxınlığında Rusiya hərbi təyyarəsinin təhlükəli davranışına cavab olaraq yüksək hazırlıq vəziyyətinə gətirilib”, - deyə NATO rəsmisi bildirib.
Hadisə barədə mayın 6-da Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın Su-35 qırıcısı Qara dəniz üzərində Polşaya məxsus L410 təyyarəsinin qarşısını alıb.