Ermənistanın paytaxtı İrəvanda səs-küylü oğurluq hadisəsi qeydə alınıb. Maskalı iki nəfər bank filialının yaxınlığında yerləşən ödəniş terminalını sındıraraq oradan pul kasetini götürüblər.
Modern.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.
Məlumata görə, polisə Marşal Xudyakov küçəsində yerləşən bank filialından oğurluq edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Hadisə yerində məlumatın doğru olduğu müəyyən edilib. Həmin bankda “Armobil” Təhlükəsizlik Xidmətinin əməkdaşı olan, İrəvan sakini, 54 yaşlı Samson Q. polisə bildirib ki, saat 04:30-dan 05:00-dək maskalı iki nəfər texniki vasitələrdən istifadə edərək göstərilən ünvanda yerləşən və məhdud məsuliyyətli cəmiyyətlərdən birinə məxsus ödəniş terminalını açıb, içərisindəki pul kasetini oğurlayıb.
Təhlükəsizlik xidməti əməkdaşının sözlərinə görə, kasetdə təxminən 4 milyon Ermənistan dramı olub.
Faktla bağlı cinayət işi üzrə icraata başlanılıb.