Çexiya Parlamentinin ev sahibliyi ilə keçirilən Krım Platformasının II Parlament Zirvəsi bu gün öz işinə başlayıb.
Modern.az "Krım" İA-ya istinadən xəbər verir ki, toplantıda Ukrayna nümayəndə heyətinin tərkibində Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov da iştirak edib.
Qəbulda Krım Platforması Ekspertlər Şəbəkəsinin nümayəndələrinin, o cümlədən KTMM üzvləri Eskender Bariyev və Qayana Yükselin də iştirak etdiyi qeyd olunub.
“Krım Platformasına qoşulan köhnə dostlar və yeni siyasətçilərlə tanış olmaq üçün əla fürsət oldu”, - Çubarov söyləyib.
Tədbirdə Çexiya prezidenti Petr Pavel və Çexiya Senatının sədri ilə söhbət etdiyini qeyd edən Çubarov işğal altında olan Krımdakı vəziyyəti diqqətə çatdırıb, Ukraynaya və krımtatar xalqına verilən dəstəyə görə Çexiyaya təşəkkür edib.
“Biz həmçinin Çexiya parlamentinin 18 may 1944-cü il tarixli Krımtatar Sürgününün SSRİ kommunist rejimi tərəfindən törədilmiş soyqırımı kimi tanınması məsələsinə baxması imkanını da müzakirə etdik”, - KTMM sədri vurğulayıb.
Xatırladaq ki, Ukrayna ərazisi olan Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub. Moskva Krım Tatar Milli Məclisini "terror təşkilatı" elan edib. Məclis işğal olunmayan Ukrayna ərazilərində fəaliyyətini davam etdirir.