Fransada oktyabrın 17-də və 24-də keçirilən kütləvi etiraz aksiyaları nəticəsində azı 2 488 kommersiya obyektinə ziyan dəyib.
Modern.az "France Info" kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Ticarət-Sənaye Palatası məlumat yayıb.
Bildirilib ki, zərər çəkən obyektlərdən 1 100-ü ciddi dağıntılara məruz qalıb, 650 mağaza isə hələ də fəaliyyətini bərpa edə bilməyib. Etirazların keçirildiyi günlərdə şəhər mərkəzlərində yerləşən mağazaların ticarət dövriyyəsi 80% azalıb.
Ticarət-Sənaye Palatasının prezidenti Alen Di Kresensio etirazlar nəticəsində ticarət sektoruna dəyən ümumi zərəri 1.5 milyard avro qiymətləndirib.
Fransanın məşhur "Carrefour" supermarketlər şəbəkəsi 50-yə yaxın mağazasının qarət edildiyini bildirib. Şirkət bu səbəbdən ilin yekunlarına görə əməliyyat mənfəətinin 80-200 milyon avro azalacağını proqnozlaşdırır.
Fransanın keçmiş iqtisadiyyat naziri Tyerri Breton isə ölkəyə dəyən ümumi zərəri 2-3 milyard avro həcmində qiymətləndirib. Bu məbləğə ictimai binaların bərpası xərcləri ilə yanaşı, siyasi qeyri-sabitlik fonunda dövlət borcuna xidmət xərclərinin artması da daxildir.