"Ermənistanın hakim Mülki Müqavilə Partiyasında dərin, lakin hələ də səssiz fikir ayrılığı mövcuddur".
Modern.az xəbər verir ki, bunu "Joğovurd" qəzeti yazıb.
Nəşrin məlumatına görə, sözügedən fikir ayrılığı baş nazir Nikol Paşinyanın Rusiya ilə bağlı siyasəti ilə əlaqədardır: "Bir-biri ilə söhbətlərində Paşinyanı və onun anti-Rusiya komandasını tənqid edirlər, amma yenə də ucadan heç nə demirlər".
Qəzet yazıb ki, Paşinyan partiyanın rəhbər qurumunun son iclasında fəal şəkildə anti-Rusiya arqumentləri irəli sürməyi və ictimaiyyəti keçmiş hakimiyyətin Moskvanın köməyi ilə iqtidara gəlməsi barədə “qorxuya salmağı” tapşırıb.
Qeyd olunub ki, beləliklə, Nikol Paşinyan ictimaiyyətə izahat vermək lazım olduğunu açıqlayıb. "Joğovurd"un yazdığına görə, Qarabağ separatçıları süquta uğradıqdan sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi xeyli dərinləşdiyindən, Paşinyanın növbəti arqumenti işə yaraya bilər.
Bununla belə, nəşr vurğulayıb ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin ardıcıl olaraq dərinləşməsi hakim komandada da parçalanmaya səbəb ola bilər: "Çünki bəzi funksionerlər özləri bu barədə həyəcan təbili çalırlar".