Modern.az

Avropa Amerikanı Çinə dəyişir, yeni dünyada yeni mərkəzlər yaranır

Avropa Amerikanı Çinə dəyişir, yeni dünyada yeni mərkəzlər yaranır

Dünya

Bu gün, 09:10

Çin iqtisadiyyatında Avropanın payı

Qlobal siyasətdə baş verən dəyişikliklər epizodik pillələri adlayaraq sistemli xarakter alıb. Son onilliklərdə müşahidə olunan tendensiyalar göstərir ki, dünya güc balansı tədricən yenidən formalaşır. Bu transformasiyanın əsas xətti Avropanın strateji istiqamətini dəyişməsi ilə bağlıdır. Bir vaxtlar Amerika Birləşmiş Ştatları ilə (ABŞ) sıx bağlı olan Avropa indi alternativ iqtisadi və siyasi dayaqlar axtarır. Bu kontekstdə Çin əsas tərəfdaş kimi ön plana çıxır.

Əslində bu proses köhnədir, kökləri 1990-cı illərə gedib çıxır. Soyuq müharibədən sonra yaranan yeni iqtisadi sistem Avropaya daha geniş manevr imkanları verdi. Qlobal bazarların açılması və istehsalın ucuz regionlara yönəlməsi Çin faktorunu gücləndirdi. Avropa şirkətləri istehsal və investisiya baxımından tədricən Çinə yönəldi. Bu isə iqtisadi asılılıq münasibətlərinin formalaşmasına gətirib çıxardı.

Donald Trampın hakimiyyəti dövrü bu prosesi sürətləndirən katalizator rolunu oynadı. Onun proteksionist siyasəti və Avropaya qarşı sərt iqtisadi ritorikası münasibətləri gərginləşdirdi. NATO daxilində yaranan fikir ayrılıqları transatlantik birliyin zəifləməsinə səbəb oldu. ABŞ-ın Avropaya təhlükəsizlik təminatını şərtləndirməsi narazılıqları artırdı. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın daha çox yük daşıması tələb olundu.


F-16 və F-35 kimi texnologiyalar qlobal üstünlük üçün kifayət etmir

Tramp administrasiyası hərbi gücün F-16 və F-35 kimi texnologiyaların qlobal üstünlük üçün kifayət etdiyini düşünürdü. Lakin müasir dünya yalnız hərbi güclə idarə olunmur. İqtisadi təsir, texnoloji üstünlük və logistika daha həlledici amillərə çevrilib. Məhz bu baxımdan Çin fərqli model təqdim edir. O, iqtisadi ekspansiya və infrastruktur layihələri ilə təsir dairəsini genişləndirir.

Dünya siyasətində “ingilis modeli” kimi tanınan geosiyasi balans hələ də təsirini saxlayır. Bu model güclərin qarşılıqlı tarazlıqda saxlanılmasına əsaslanır. Avropa da bu balansı qorumaq üçün yeni tərəfdaşlara ehtiyac duyur. Çin bu boşluğu doldurmağa çalışır. Ümumən bu proses ABŞ-ın təsirinin nisbətən azalması ilə izlənilir.

Bilirik ki, müasir dövrdə siyasəti iqtisadiyyat yönəldir. Enerji, ticarət və investisiya axınları siyasi qərarların əsasını təşkil edir. Bu kontekstdə Avropa ölkələri Çin bazarına çıxışı strateji prioritet kimi görür. Almaniyanın sənaye nəhəngləri, Fransanın texnologiya şirkətləri və İngiltərənin maliyyə strukturları Çində aktiv fəaliyyət göstərir. Bu, qarşılıqlı asılılqla yanaşı, Avropanın Çindəki gücü deməkdir.

Çin iqtisadiyyatının qlobal strukturu da diqqətəlayiqdir və onun inkişafında Qərb kapitalının rolu böyükdür. Xüsusilə İngiltərənin maliyyə sisteminin Çin iqtisadiyyatına təsiri tez-tez müzakirə olunur. Bu da özlüyündə qlobal iqtisadiyyatın bir-birinə necə bağlı olduğunu göstərir.

Beləliklə, iddia edə bilərik ki, Çin regional güc olmaqla yanaşı, qlobal iqtisadi sistemin ayrılmaz hissəsinə çevrilib.

“Amerika demokratiyası” “Çin iqtisadi azadlığı”na uduzur


Dünya üzrə “Amerika demokratiyası” modeli uzun müddət dominant ideologiya kimi təqdim olunurdu. İndi “Çin iqtisadi azadlığı” modeli alternativ kimi çıxış edir. Bu model daha çox siyasi sərtliklə iqtisadi çevikliyin sintezi kimi özünü büruzə verir. Birmənalı şəkildə demək olar ki, Avropa “Çin iqtisadi azadlığı”nın lokomatividir. “Amerika demokratiyası” xeli qocalıb və müasir dünya sistemində daha heç bir tərəfi aldatmaq gücündə deyil. Hörmüz boğazında az qala nəfəsi daralıb.

Görünəni odur ki, Avropa dövlətlərinin ABŞ-ın Yaxın Şərq siyasətinə münasibəti də dəyişir. İran məsələsində Vaşinqtonun sərt xətti Avropada birmənalı qarşılanmadı. Bəzi dairələr ABŞ-ın bu regionda daha çox bataqlığa sürükləndiyini düşünür. Bu da Avropanın alternativ geosiyasi strategiyalar axtarmasına səbəb oldu. Çin isə buna çoxdan hazır idi.

Bütün bunlara rəğmən onu da biuldirməliyik ki, hazırda ABŞ hələ də dünyanın ən güclü dövləti olaraq qalır. Onun hərbi, texnoloji və maliyyə üstünlükləri danılmazdır. Bununla belə, qlobal sistem daha təkqütblü deyil. Hələlik elan edilməsə də, yeni koalisiyalar və regional ittifaqlar formalaşır. Hesab etymək olar ki, bu proses yaxın illərdə daha da sürətlənəcək.

ABŞ-ın müəyyən mənada təklənməsi ehtimalı artıq ekspertlər tərəfindən müzakirə olunur. Bəzi analitiklər bunu Vaşinqtonun öz siyasətinin nəticəsi hesab edir. Müttəfiqlərlə münasibətlərin zəifləməsi bu tendensiyanı gücləndirir. Avropa bu boşluğu doldurmaq üçün yeni tərəfdaşlara yönəlir. Çin burada əsas alternativ kimi çıxış edir.

Bu yanaşma utopik və ya nəzəri deyil. Sadaladıqlarımız real siyasi və iqtisadi faktlarla təsdiqlənir. Dünya yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə güc mərkəzləri daha çox olacaq. Mərkəzlərin qarşılıqlı münasibətləri xeyli mürəkkəb xarakter daşıyacaq.

Hazırda siyasi baxımdan da Avropa Çinlə dialoqu genişləndirir. İqtisadi sahədə ticarət dövriyyəsi sürətlə artır. Mədəni mübadilə proqramları iki tərəfi daha da yaxınlaşdırır. Diplomatik əlaqələr yeni platformalarda inkişaf edir. Hərbi sahədə isə hələlik ehtiyatlı əməkdaşlıq müşahidə olunur. Hər bir istiqamətdə Avropa üçün Çin böyük bazardır. Çindən ötəri Avropa texnologiya və kapital mənbəyidir. Bu qarşılıqlı asılılıq münasibətləri daha da möhkəmləndirir. Burada risk yoxdur, demək sadəlövhlük olardı.

Ukraynada parçalanan güclər İranda düşmən oldu


Məsələyə bir də Rusiya-Ukrayna müharibəsi kontekstində yanaşaq. Bu müharibə qlobal güc balansını ciddi şəkildə dəyişdi. Avropa təhlükəsizlik baxımından daha həssas vəziyyətə düşdü. Rusiya iqtisadi sanksiyalarla üzləşdi və Şərqə yönəldi. Çin isə bu vəziyyətdən ən çox strateji üstünlük əldə edən tərəf oldu. ABŞ isə müharibədə əsas dəstəkçi rolunu oynayır.

İndi Rusiyanın durumu çox mürəkkəbdir. O, hərbi baxımdan aktiv olsa da, iqtisadi təzyiq altındadır. Enerji resursları hələ də onun əsas güc mənbəyidir. Bütün bunlar Rusiya üçün uzunmüddətli problemlər yarada bilər. Əlbəttə ki, bunları Rusiyada da bilməmiş deyillər və Moskvanın siyasətini yenidən nəzərdən keçirməsi qaçılmaz görünür.

Türkiyə bu oyunlarda balans siyasəti yürütməyə çaalışır. O, həm NATO üzvüdür, həm də Rusiya ilə əməkdaşlıq edir. Doğrudur, bu siyasət Ankaraya müəyyən manevr imkanları verir və yaranmış situasiyada Türkiyə regional güc kimi rolunu artırmağa çalışır. Hadisələrin gedişi onu göstərir ki, bu balans gələcəkdə daha da əhəmiyyətli olacaq.

Dünyanın daha bir böyük gücü Yaponiya ABŞ-ın əsas müttəfiqlərindən biridir. Amma o da Çin faktorunu nəzərə almağa məcburdur. Regionda artan gərginlik Tokionu daha aktiv siyasətə sövq edir. Texnoloji və iqtisadi gücü ona əlavə üstünlüklər verir. Bu da avtomatik olaraq Asiya-Sakit okean regionunda yeni dinamika yaradır.

Hindistan indi müstəqil kurs götürməyə çalışır. O, həm Qərb, həm də Şərqlə əməkdaşlıq edir. Bu siyasət ona strateji elastiklik verir. Eyni zamanda Çinlə rəqabət də davam edir. Bu rəqabət gələcəkdə daha da kəskinləşə bilər. Bu vəziyyət Avropa ölkələrinin işinə yarayır. Yəni zamanla Çinlə Hindistan da üz-üzə gətirilə bilər.

Onu qeyd edə bilərik ki, qlobal sistem köklü transformasiya mərhələsindədir. Avropanın Çinlə yaxınlaşması bu prosesin əsas elementlərindən biridir. ABŞ-ın mövqeyi hələ də güclüdür, lakin alternativlər artır. Yeni koalisiyalar və güc mərkəzləri formalaşır. Dünya çoxqütblü sistemə doğru hərəkət edir.

Bu dəyişikliklər siyasətlə paralel, iqtisadiyyatı və mədəniyyəti də əhatə edir. Gələcəkdə dövlətlərin uğuru onların uyğunlaşma qabiliyyətindən asılı olacaq. Avropa bu istiqamətin ruporudur və öz addımlarını atır. Çin isə bu prosesin əsas benefisiarlarından birinə çevrilir. Üfüqdə yeni dünya düzəni görünür.

 

Elnur ƏMİROV

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi