Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, iyulun 30-na keçən gecə Rusiyanın Ukraynaya endirdiyi kütləvi raket və pilotsuz aparat hücumları nəticəsində azı 8 nəfər ölüb, onlarla insan yaralanıb.
Modern.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, hücumlar Kiyev və vilayəti, həmçinin Dnepropetrovsk, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsa, Çerkassı və İvano-Frankovsk vilayətlərini əhatə edib.
Prezident bildirib ki, hücum zamanı 70-dən çox raket, o cümlədən çoxsaylı ballistik raketlər və 280-dən artıq zərbə PUA-sı istifadə olunub. Ukrayna hava hücumundan müdafiə qüvvələri 260-dan çox pilotsuz uçuş aparatını və xeyli sayda qanadlı raketi məhv edib.
Zelenskinin sözlərinə görə, Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhəri yaxınlığındakı Raduşnı qəsəbəsində ballistik raketin yaşayış binasına düşməsi nəticəsində bir ailənin beş üzvü – valideynlər və üç uşaq həlak olub. Dağıntılar altından daha iki uşaq sağ çıxarılıb.
Prezident əlavə edib ki, Lvov şəhərində də yaşayış binasına zərbə endirilib və xilasedicilər dağıntılar altında qalan insanları axtarmağa davam edirlər.
Zelenski çıxışında beynəlxalq tərəfdaşları Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməyə çağırıb. O bildirib ki, xüsusilə antiballistik raketlərin tədarükündə gecikmələr mülki itkilərin artmasına səbəb olur.
Ukrayna rəsmilərinin yaydığı məlumata görə, Lvov şəhərində raket zərbəsi nəticəsində yaşayış binasına ciddi ziyan dəyib, təxminən 20 nəfər xəsarət alıb.