Bakının Suraxanı rayonunda 17 yaşlı oğlanın anasını bıçaqlaması ilə bağlı yeni məlumat açıqlanıb.
Modern.az xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Məlumata görə, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.
Ağır xəsarətlər alan qadın əvvəlcə Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Burada ona ilkin tibbi yardım göstərilib, yaraları işlənərək tikilib və sarğı qoyulub. Daha sonra xəstə akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərilib.
Elmi Cərrahiyyə Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qadın saat 20:30 radələrində yuxarı ətrafların çoxsaylı bıçaq yaraları ilə mərkəzə müraciət edib.
Xəstə müayinə olunub. Vəziyyətinin qənaətbəxş olduğu nəzərə alınaraq ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.