Qazaxıstanın Atırau şəhərində ötən cümə günü Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları 10 nəfəri saxlayıb.
Modern.az xəbər verir ki, onlar ekstremist qrup yaratmaqda, ona rəhbərlik etməkdə və fəaliyyətində iştirak etməkdə, həmçinin terrorizmi təbliğ etməkdə və dini ayrı-seçkiliyi qızışdırmaqda şübhəli bilinirlər.
İstintaqın versiyasına görə, cinayətkar qrupun üzvləri Qazaxıstanın qərb regionunda konstitusiya quruluşunun əsaslarını zorakı yolla dəyişdirməyi planlaşdırıblar.
Axtarışlar zamanı silah, narkotik vasitələr, dini atributlar, ədəbiyyat və digər sübutlar götürülüb. Həmçinin qrup tərəfindən yaradılmış uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan üç gizli tədris mərkəzinin fəaliyyəti dayandırılıb.
Qruplaşmanın bir sıra üzvləri daha əvvəl terrorçuluq və ümumi cinayət xarakterli əməllərə görə məhkum olunublar.