Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü və Cümhuriyyətin ən gənc - cəmi 23 yaşlı daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun Ankaradakı Cəbəci Əsri qəbiristanlığında yerləşən məzarını anadan olmasının 130 illiyi ərəfəsində ziyarət etmək məqsədilə böyük çətinliklə tapdım. Qəbiristanlıq əməkdaşları israrla deyirdilər: “Belə bir qəbir olsaydı, bilərdik. Azərbaycandan gələnlər heç vaxt onu soraqlamayıblar”.
Ucu-bucağı görünməyən Cəbəci Əsri qəbiristanlığını dolaşmaqda davam etdim. Uzun illər DİN sistemində xidmət etmiş bir şəxs kimi Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər nazirinin məzarını tapmamağı, 130 illik yubileyi ərəfəsində onu ziyarət etməməyi özümə bağışlaya bilməzdim. Dəqiqələr, saatlar ötsə də, ümidimi üzmürdüm. Lakin içimdə bir narahatlıq vardı: əgər qəbiristanlıq işçiləri bu məzarın yerini bilmirlərsə, deməli, böyük tarixi xidmətləri olan önəmli bir insanın - Xalq şairi Səməd Vurğunun nəslindən olan bu Vətən sevdalısının son mənzili arzulanan vəziyyətdə deyil.
Nəhayət, məzarı tapdım. Yanılmamışdım...
Bakı gimnaziyasında təhsilini tamamladıqdan sonra 1912-ci ildə Moskva Universitetinin Hüquq fakültəsinə daxil olan, tələbəlik illərindən siyasi həyata atılaraq məmləkət məsələləri ilə yaxından maraqlanan, Azərbaycanın gələcəyini yalnız azadlıq və müstəqillikdə görən, Vətəndə yaşadığı illərdə bütün bacarığını güclü dövlət quruculuğuna həsr edən, parlamentdəki çıxışları ilə diqqət çəkən, Türkiyədəki mühacirət illərində isə Azərbaycanın yenidən müstəqillik qazanması uğrunda yorulmadan mübarizə aparan Mustafa bəy Vəkilovun məzarı son dərəcə baxımsız idi. Sanki saralıb-bozarmış qəbir daşı fəryad edir, məzarı bürümüş quru otlar insanın qəlbini sızladırdı...
...Elə bir gün, elə bir həftə olmur ki, Bakıdan Ankaraya rəsmi nümayəndə heyətlərinin səfəri gerçəkləşməsin. Əminəm ki, tariximizin bir parçası olan bu cür şəxsiyyətlərə, o cümlədən 2026-cı ilin sentyabrında 130 illik yubileyi tamam olan Mustafa bəy Vəkilovun xatirəsinə dövlət səviyyəsində ehtiram göstərilməsi zəfərlərə imza atan Can Azərbaycanımızın nüfuzunu qardaş Türkiyədə daha da ucaldacaq.
Hikmət Xudiyev (Cəmilzadə),
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru,
istefada olan polkovnik