2027-ci il üçün dövlət büdcəsinin ayrı-ayrı istiqamətlər üzrə proqnozlaşdırılan xərcləri açıqlanıb. Maliyyə Nazirliyinin məlumatına görə, 2027-ci il üçün dövlət büdcəsi xərcləri 42,4 milyard manat həcmində proqnozlaşdırılıb.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi bir sıra məqamları ilə diqqət çəkir:
"Əvvəla, növbəti ildə büdcə gəlirlərinin 60%-dən çoxu qeyri-neft qaz sektorunun payına düşəcək. Bu praktiki olaraq bütövlükdə, xüsusən də neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına daxil olduğu dövrdə ən yüksək nəticədir. Bu o deməkdir ki, əslində son illər ardıcıl olaraq qeyri-neft qaz sektoru büdcə gəlirlərinin 60%-dan çox paya malik olacaq. Neftin qiymətinin 65 dollar nəzərdə tutulması, təbii ki, konservativ yanaşmanın davam etməsi anlamına gəlir. Çünki xüsusən də neftin qiymətinə siyasi faktorların təsir etdiyini nəzərə alsaq, bu baxımdan da növbəti ildə də konservativ siyasət davam etdiriləcək. Və sözsüz bir sıra, xüsusən nəzərə alsaq ki, növbəti il dövlət büdcəsindən 42,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə təxminən 700 milyon manat çoxdur və gözlənilən icra ilə müqayisədə daha fərqli bir rəqəm olacaq. Bu ona xəbər verir ki, büdcə xərcləmələri 2026-cı ilə nisbətən daha çox nəzərdə tutulub. Təbii ki, bu xüsusən də struktur islahatlarının və şəffaflığın genişləndirilməsi kontekstində bu büdcədən fərqli sektorlara, o cümlədən sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradacaq. Çünki nəzərə almaq lazımdır ki, büdcə maddələrində sosial müdafiə və sosial təminat xərcləri yalnız sosial ayırmaların bir hissəsini özündə ehtiva edir".

V.Bayramov vurğulayıb ki, ümumiyyətlə, 2026-cı ildə dövlət büdcəsindən 17,2 milyard manat vəsaitin sosial istiqamətə ayrılması hədəfə götürülüb:
"Gözlənilir ki, növbəti ildə bu rəqəmdə artımlar olacaq. Çünki artıq növbəti ilin ilk ayından etibarən pensiyalar indeksləşdirilərək artırılacaq. O cümlədən digər sosial istiqamətlərdə də artımların reallaşacağı gözləniləndir. Ona görə də büdcə, xüsusən də qeyri-neft sektorunun payını artması kontekstində gəlirlər aspektindən daha dayanıqlı olacağı gözlənilir. Xərclər aspektindən isə bu struktur islahatları və xüsusən də dövlət satınalmalarının şəffaflığının gücləndirilməsi kontekstində fərqli sektorlara daha çox vəsaitin ayrılmasına imkan yarada bilər".
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin diər bir üzvü Müşfiq Cəfərov isə qeyd edib ki, 2027-ci il dövlət büdcəsi üzrə açıqlanan rəqəmlər hələ ilkin proqnoz göstəriciləridir:
"Azərbaycanda 2027-ci il üzrə dövlət büdcəsinin xərclərinin əsas istiqamətləri müəyyənləşib. İlkin proqnozlara əsasən, gələn il büdcə vəsaitlərinin əhəmiyyətli hissəsinin iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik, sosial müdafiə və dövlət xidmətlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Amma bir məqamı dəqiqləşdirək ki, bunlar hələ son təsdiq edilmiş rəqəmlər deyil, büdcə layihəsinin ilkin proqnoz göstəriciləridir".

Deputat qeyd edib ki, 42 milyard manatdan çox dövlət xərcləri investisiya, müdafiə, sosial ödənişlər, əməkhaqqı, infrastruktur və digər istiqamətlər üzrə dövlət tərəfindən nəzərdə tutulan maliyyələşmənin miqyasını göstərir:
"Yəni dövlətin planlaşdırdığı xərclər gəlirlərindən çoxdur. Bu fərqin necə maliyyələşdiriləcəyi isə olduqca vacib məqamdır. Belə ki, bunun yolu borclanma, qalıqlar və digər mənbələrdən ola bilər".
Müşfiq Cəfərovun sözlərinə görə, 2027-ci il büdcəsində qeyri-neft gəlirlərinin rolunun artırılması və fiskal siyasətin nisbətən konservativ saxlanılması diqqət çəkir:
"2027-ci il büdcəsini təhlil edərkən görürük ki, qeyri-neft gəlirlərinin rolu artırılır və fiskal siyasət nisbətən konservativ saxlanılır".