Modern.az

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir? 

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir? 

İqtisadiyyat

Bu gün, 10:38

Azərbaycanda supermarket şəbəkələri arasında rəqabət təkcə qiymətlər, endirim kampaniyaları və mağazaların sayı ilə məhdudlaşmır. Bu şirkətlərin inkişafında onların idarə olunması, rəhbərlərin təcrübəsi və verdikləri qərarlar da mühüm rol oynayır.

Bəs ölkənin tanınmış supermarket şəbəkələrinin arxasında kimlər dayanır? Onlar bu vəzifələrə gəlməzdən əvvəl harada çalışıblar, hansı sahələrdə təcrübə qazanıblar?

Modern.az Valyuta.az-a istinadən Azərbaycanın yeddi tanınmış market şəbəkəsinin rəhbərlərinin karyera yolunu təqdim edir

Jaime Teixeira nədən

“Bravo” 

“Bravo” supermarketlər şəbəkəsinin baş icraçı direktoru Jaime Teixeira 2023-cü ilin martından bu vəzifədə çalışır. O, Azərbaycana gəlməzdən əvvəl Avropanın müxtəlif ölkələrində pərakəndə ticarət sahəsində 25 ildən artıq təcrübə qazanıb.

Teixeira 2019-2022-ci illərdə İspaniyanın “DIA España” şirkətində əməliyyatlar üzrə baş direktor olub. Həmin dövrdə 2 850 mağazanın, 12 logistika anbarının və 40 mindən çox əməkdaşın fəaliyyətinin idarə olunmasına cavabdehlik daşıyıb.

O, 2022-ci ilin yanvar–avqust aylarında “La Plaza de Dia” şirkətinin baş icraçı direktoru vəzifəsində də çalışıb.

Bundan əvvəl, 2016-2019-cu illərdə “Lidl”in Belçika və Lüksemburq üzrə satış və logistika direktoru olub. Bu vəzifədə 120 mağazanın, iki logistika anbarının və 2 mindən çox əməkdaşın fəaliyyətinə rəhbərlik edib.

Teixeira 2000-ci ildən başlayaraq uzun müddət “Lidl France” şirkətində müxtəlif vəzifələr tutub. Karyerasının əvvəlində isə Fransanın “Conforama” şirkətində şöbə müdirinin müavini işləyib.

Beləliklə, “Bravo”nun hazırkı rəhbəri Azərbaycana gəlməzdən əvvəl Fransa, Belçika, Lüksemburq və İspaniyada iri pərakəndə ticarət şəbəkələrinin idarə olunmasında iştirak edib.

Dosya:Rashad ibrahimov.jpg - Vikipedi

“Araz” 

“Araz Supermarket” MMC-nin baş icraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimov 2020-ci ilin dekabrından bu vəzifələri tutur.

Onun karyerası satış sahəsindən başlayıb. İbrahimov 2004-2010-cu illərdə “Veysəloğlu” Şirkətlər Qrupunda satış meneceri, 2010-2014-cü illərdə isə regional satış rəhbəri işləyib.

2014-cü ilin martında “Araz Supermarket”də pərakəndə əməliyyatlar üzrə menecer kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə format direktoru, əməliyyatlar direktoru, əməliyyatlar üzrə baş direktor və İdarə Heyətinin üzvü vəzifələrinə qədər yüksəlib.

2020-ci ilin aprelindən dekabrına qədər şirkətin əməliyyatlar, kommersiya və marketinq istiqamətlərinə rəhbərlik edib. Həmin ilin dekabrından isə baş icraçı direktor və İdarə Heyətinin sədri vəzifələrində çalışır.

Rəşad İbrahimov paralel olaraq başqa şirkətlərin də idarə olunmasında iştirak edib. O, 2022-2025-ci illərdə “Pepco Azerbaijan”, 2023–2025-ci illərdə isə “Rossmann Azerbaijan” şirkətlərinin baş icraçı direktoru və İdarə Heyətinin sədri olub. 2022-ci ilin yanvarından “Xonça Bakery”nin İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərir.

Təhsilinə gəlincə, 2000-2007-ci illərdə Bakı Dövlət Universitetində oxuyub. LinkedIn profilində magistr dərəcəsinə malik olduğu göstərilir. O, həmçinin “Harvard Business School Online” platformasında maliyyə sahəsində liderlik üzrə sertifikat proqramında iştirak edib.

OBA Market”in İdarə Heyətinə xanım sədr təyin edilib

“OBA Market”

“OBA Market” MMC-nin baş icraçı direktoru Nətavan İbrahimovanın karyera yolu digər market rəhbərlərindən müəyyən qədər fərqlənir. O, pərakəndə ticarətin satış istiqamətindən deyil, maliyyə və hesabatlılıq sahəsindən rəhbərliyə yüksəlib.

İbrahimova 2022-ci ilin iyulundan “OBA Market”in baş icraçı direktoru vəzifəsində çalışır.

Onun “Veysəloğlu” Şirkətlər Qrupundakı fəaliyyəti 2005-ci ilin fevralında ERP sistemləri və hesabatlılıq üzrə menecer vəzifəsindən başlayıb.

2009-2014-cü illərdə hesabatlılıq və büdcələşdirmə departamentinə rəhbərlik edib. Daha sonra, 2014-2018-ci illərdə şirkətlər qrupunun maliyyə direktoru (CFO) olub.

2018-ci ilin noyabrından 2022-ci ilin iyuluna qədər “Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib. Bu müddətdə maliyyə, informasiya texnologiyaları və rəqəmsal transformasiya istiqamətləri üzrə məsuliyyət daşıyıb.

Nətavan İbrahimova Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə bakalavr və magistr təhsili alıb. O, həmçinin 2018–2020-ci illərdə ESCP Biznes Məktəbində Executive MBA proqramı üzrə təhsilini davam etdirib.

Profil resmi

“Tamstore” - İnsan resurslarından baş icraçı direktor vəzifəsinə

“Tamstore” marketlər şəbəkəsinin baş icraçı direktoru Ceyhun Yusubov 2023-cü ilin sentyabrından bu vəzifədə çalışır.

Onun karyerasında diqqətçəkən məqam insan resurslarının idarə olunması sahəsindən əməliyyat rəhbərliyinə keçməsidir.

Yusubov 2015-ci ilin mayından 2016-cı ilin iyununa qədər “Veysəloğlu” Şirkətlər Qrupunda insan resursları üzrə mütəxəssis işləyib. Daha sonra, 2017–2018-ci illərdə “Gilan Holding”də insan resursları üzrə menecer olub.

2018-ci ilin dekabrında “Avrora Group”da insan resursları üzrə biznes tərəfdaşı kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə işə qəbul şöbəsinin, eləcə də insan resursları və təşkilati inkişaf departamentinin rəhbəri vəzifələrini tutub.

2021-ci ilin yanvarından 2022-ci ilin iyuluna qədər “Avrora Group”un əməliyyatlar üzrə baş direktoru (COO) olub. 2022-ci ilin iyulundan 2023-cü ilin yanvarına qədər isə LinkedIn profilində “Deputy Shareholder” kimi göstərilən vəzifədə çalışıb.

2023-cü ilin yanvarından “Avrora Group”da idarəedici direktor vəzifəsini də tutur.

Ceyhun Yusubov 2008–2014-cü illərdə Türkiyənin Anadolu Universitetində təhsil alıb. Onun LinkedIn profilinin təqdim olunan hissəsində ixtisası qeyd edilməyib.

AL Market”in yeni baş direktoru Burhan Sevahil kimdir? | Kredit.az

“AL Market” 

“AL Market” mağazalar şəbəkəsinin baş icraçı direktoru Burhan Sevahil 2026-cı ilin aprelindən bu vəzifədə çalışır. O, 2025-ci ilin əvvəlindən şirkətə rəhbərlik edən Muhammed Zulfu Ozceliki əvəzləyib.

Sevahilin pərakəndə ticarət sahəsində rəhbərlik təcrübəsi həm Türkiyə, həm də Azərbaycan bazarını əhatə edir.

O, 2013-cü ilin yanvarından 2014-cü ilin iyuluna qədər Türkiyənin İstanbul şəhərində “Efor Market” şirkətinin baş direktoru olub.

2014-2017-ci illərdə “Özən Grup” şirkətində İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.

2017-ci ilin noyabrından 2024-cü ilin iyuluna qədər Azərbaycanda “Bazarstore” mağazalar şəbəkəsinin baş direktoru vəzifəsində çalışıb.

Daha sonra, 2024-cü ilin iyulundan 2026-cı ilin aprel ayına qədər “OMID” şirkətinin baş icraçı direktoru olub.

Burhan Sevahil 1991-1995-ci illərdə Yaxın Şərq Universitetində (Near East University) biznesin idarə edilməsi üzrə təhsil alıb.

Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ – BAKU NEWS

“Grandmart” 

“Grandmart” marketlər şəbəkəsinin baş icraçı direktoru Ramil Məmmədli 2020-ci ilin iyulundan bu vəzifədə çalışır.

Onun əvvəlki iş təcrübəsi əsasən anbar əməliyyatları, tikinti, əsaslı investisiyalar və iqtisadi təhlükəsizlik sahələri ilə bağlı olub.

Məmmədli 2016-cı ilin noyabrında “Avrora Group”da anbar əməliyyatları şöbəsinin rəhbəri kimi fəaliyyətə başlayıb.

2017-ci ilin dekabrından 2018-ci ilin mayına qədər şirkətin tikinti və əsaslı investisiyalar departamentinə rəhbərlik edib.

2018-ci ilin mayından 2019-cu ilin iyununa qədər iqtisadi təhlükəsizlik departamentinin rəhbəri olub. 2019-cu ilin iyunundan 2020-ci ilin fevralına qədər isə həmin vəzifədə müqavilə əsasında çalışıb.

Ramil Məmmədli 2020-ci ilin iyulundan “Bolmart Supermarket”də əməliyyatlar üzrə baş direktor (COO) vəzifəsini də tutur.

Qeyd edək ki, “Grandmart” marketlər şəbəkəsi “GRAND-MART” MMC ilə əlaqəlidir. Şirkətlə “Megastore”, “Bolmart” və “Baqqal” marketlər şəbəkələri də əlaqələndirilir.

Təhsilinə gəlincə, Məmmədli 1998-2004-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində tikintinin iqtisadiyyatı üzrə magistr təhsili alıb. O, həmçinin 2002–2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda təhsil alıb.

LinkedIn profilində onun ingilis və rus dillərini bildiyi də göstərilir.

Struktur - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

“Bazarstore”

“Bazarstore” mağazalar şəbəkəsinin baş direktoru Mahmut Okcu 2025-ci ilin yanvarından bu vəzifədə çalışır.

Onun karyerasında əsas istiqamət satınalma proseslərinin və təchizatın idarə olunması olub.

Okcu 2002-ci ilin mayında “Azərsun Holdinq”də təmir, tikinti və tender işləri üzrə rəhbər kimi fəaliyyətə başlayıb.

2005-ci ilin mayından 2009-cu ilin avqustuna qədər holdinqin satınalma direktoru vəzifəsində çalışıb. 2009-cu ilin avqustundan 2011-ci ilin sentyabrına qədər Türkiyədə “Etsun” şirkətinin satınalma direktoru olub. Bu vəzifədə “Azərsun Holdinq”in Türkiyədə məhsul və xidmət satınalmalarına cavabdehlik daşıyıb.

2011-ci ilin avqustundan 2026-cı ilin yanvarına qədər isə “Azərsun Holdinq”də pərakəndə ticarət qrupunun satınalma direktoru vəzifəsini tutub.

2025-ci ilin yanvarından “Bazarstore”un baş direktoru kimi fəaliyyət göstərir. Beləliklə, onun bir müddət “Bazarstore” və “Azərsun Holdinq”dəki vəzifələri üst-üstə düşüb.

Mahmut Okcunun təhsili barədə təqdim olunan LinkedIn məlumatlarında universitet və ixtisas adı göstərilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!