Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir.
Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi, mərtəbəsi, təmir vəziyyəti, binanın yaşı, mənzərəsi, parkinq imkanları və digər xüsusiyyətlərini nəzərə alaraq qiymətləndiricini əvəz edə bilərmi?
Mövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı Modern.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın qiymətləndirilməsində bəzi amillər yalnız əmlaka yerində baxış və ekspert yanaşması ilə düzgün müəyyənləşdirilə bilər. Onun sözlərinə görə, eyni binada yerləşən, sahəsi və digər əsas göstəriciləri oxşar olan iki mənzilin belə bazar dəyəri arasında ciddi fərq yarana bilər:
“Xüsusilə daşınmaz əmlaka münasibətdə qiymətləndirici, hesab edirəm ki, əmlakı bir çox hallarda görməlidir. Eyni binada iki mənzil ölçüsünə, konfiqurasiyasına, yerləşməsinə və digər xüsusiyyətlərinə görə oxşar ola bilər, amma onların dəyəri arasında kifayət qədər böyük fərq yarana bilər. Qiymətləndirmədə elə elementlər var ki, onlar mütləq ekspert yanaşması ilə nəzərə alınmalıdır”.
Ekspert hesab edir ki, süni intellektdən istifadə ilə yanaşı, Bakı şəhərinin və ümumilikdə Azərbaycanın daşınmaz əmlak bazarının zonalaşdırılması da həyata keçirilməlidir. Bu gün Bakı şəhərində hətta bir-iki kilometr uzunluğunda olan eyni küçənin bir başı ilə digər başı, hətta küçənin sağ və sol tərəfi arasında belə kəskin qiymət fərqləri mövcuddur. Süni intellektə təqdim olunan məlumatların ən azı 90 faiz dəqiqliklə olması təmin edilməlidir. Bu şərt yerinə yetirildikdən sonra süni intellekt vasitəsilə təxminən 80-90 faiz dəqiqliklə əmlakın qiymətini müəyyənləşdirmək mümkün ola bilər. Süni intellekt qiymətləndiricini əvəz etməməli, əksinə, qiymətləndiricinin işini daha səmərəli həyata keçirməsinə kömək etməlidir.
Ramil Osmanlı qeyd edib ki, dövlət qurumlarının əsas vəzifəsi süni intellektdən istifadə etməklə qiymətləndiriciləri sıradan çıxarmaq deyil, bu texnologiya ilə işləyə bilən peşəkar qiymətləndiricilərin hazırlanmasına dəstək vermək olmalıdır. Azərbaycanda çoxsaylı qiymətləndiricinin fəaliyyəti dövlət qurumlarının süni intellekt əsaslı sistemlərdən istifadə etməsi nəticəsində məhdudlaşarsa, bu, iş yerlərinin azalmasına səbəb ola bilər.
“Süni intellekt nə qədər dəqiq informasiya ilə təmin olunsa belə, qiymətləndiricini əvəz edə bilməz. Süni intellekt Azərbaycan bazarını Azərbaycanda fəaliyyət göstərən ekspert qədər dəqiq bilməz. Bu gün süni intellekt texnologiyalarını yaradan ölkələrdə belə qiymətləndirmə sektoru sürətlə inkişaf edir və dövlət tərəfindən dəstəklənir. Məsələn, ABŞ-da və Böyük Britaniyada bu sahənin inkişafına xüsusi diqqət yetirilir”, – deyə ekspert bildirib.
Nicat Rüstəm