Son günlər yenidoğulmuş oğlan uşaqlarında süd vəzilərinin böyüməsi məsələsi diqqət çəkir. Valideynlər arasında narahatlıq yaradan bu halın hansı səbəbdən meydana gəldiyi, təhlükəli olub-olmadığı və hansı hallarda həkimə müraciət edilməsinin vacibliyi maraq doğurur.
Modern.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.
Endokrinoloq Aygün Musayeva bildirib ki, yenidoğulmuşlarda süd vəzilərinin böyüməsi uzun illərdir məlum olan, əksər hallarda normal və keçici fizioloji vəziyyətdir.
Onun sözlərinə görə, bu hal hamiləlik dövründə anadan körpəyə keçən hormonların təsiri nəticəsində yaranır və həm oğlan, həm də qız uşaqlarında müşahidə oluna bilər. Bəzi hallarda döş giləsindən az miqdarda südəbənzər ifrazatın gəlməsi də mümkündür.
Həkim qeyd edib ki, süd vəzilərinin böyüməsi özlüyündə hormonal xəstəlik və ya erkən cinsi inkişaf əlaməti hesab edilmir. Adətən, böyümə həyatın ilk həftələrində azalmağa başlayır, bəzi körpələrdə isə bir neçə ay davam edə bilər. Tipik fizioloji hallarda xüsusi müalicəyə ehtiyac olmur.
A.Musayeva valideynlərə süd vəzilərini sıxmamağı, masaj etməməyi və ifrazatı çıxarmağa çalışmamağı tövsiyə edib. Onun sözlərinə görə, bu cür müdaxilələr infeksiya və abses yaranmasına səbəb ola bilər.
Endokrinoloq diqqətə çatdırıb ki, süd vəzisində qızartı, istilik, ağrı, irinli ifrazat, körpədə hərarət və ya halsızlıq müşahidə olunarsa, təcili tibbi müayinəyə ehtiyac var. Böyümə davamlı şəkildə artırsa, pediatr və ya uşaq endokrinoloquna müraciət edilməlidir.
Ginekoloq Lalə Budaqova da yenidoğulmuşlarda süd vəzilərinin böyüməsinin əksər hallarda fizioloji xarakter daşıdığını bildirib.
Onun sözlərinə görə, ana hormonlarının təsiri ilə yaranan bu vəziyyət həm oğlan, həm də qız uşaqlarında müşahidə edilir və adətən bir neçə həftə və ya ay ərzində öz-özünə aradan qalxır.
L.Budaqova da valideynlərə süd vəzilərini sıxmamağı və masaj etməməyi tövsiyə edib. O vurğulayıb ki, qızartı, ağrı, şişkinlik və ya hərarət yarandığı halda mütləq həkimə müraciət olunmalıdır.
Qeyd edək ki, yenidoğulmuşlarda süd vəzilərinin böyüməsi əksər hallarda xəstəlik deyil, müvəqqəti fizioloji prosesdir. Valideynlərin bu vəziyyətə müdaxilə etməməsi, hər hansı şübhəli əlamət müşahidə etdikdə isə vaxtında həkimə müraciət etməsi vacibdir.